"Axios": ABŞ danışıqlar nəticəsiz qalacağı halda, İrana "son zərbə" endirməyə hazırlaşır

Tehranla diplomatik səylər nəticəsiz qalacağı təqdirdə, ABŞ İrana qarşı quru qoşunlarının cəlb olunmasını istisna etməyən "həlledici zərbə" ssenariləri üzərində işləyir.

Aznews.az xəbər verir ki, bu barədə "Axios" portalı Amerika administrasiyasının iki nümayəndəsinə və digər iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əgər İranla danışıqlar prosesinə başlamaq cəhdləri uğursuzluğa düçar olarsa və Tehran Hörmüz boğazında naviqasiya üçün təhlükə yaratmağa davam edərsə, Vaşinqton "həlledici zərbə"yə əl ata bilər. Belə bir addım ikiqat məqsəd daşıyacaq: ya İran tərəfi ilə gələcək dialoq öncəsi danışıqlar mövqelərini möhkəmləndirmək, ya da ABŞ Prezidenti Donald Trampa münaqişənin qələbə ilə başa çatmasını birtərəfli qaydada elan etmək imkanı vermək.

Mənbələrin bildirdiyinə görə, dörd ssenari nəzərdən keçirilir. Birincisi İran neft ixracının əsas qovşağı olan Xarq adasının ələ keçirilməsini və ya dəniz blokadasını nəzərdə tutur. İkinci ssenari Hörmüz boğazındakı gəmiləri müşahidə edən İran hərbi bazalarının və radar komplekslərinin, eləcə də ticarət donanmasına zərbələr endirməyə qadir olan kiçik katerlərin yerləşdiyi Laraq adasının ələ keçirilməsini nəzərdə tutur. Üçüncü ssenari İrana körfəzi tərk edən gəmilərə nəzarət etməyə imkan verən Fars körfəzinin şərq akvatoriyasındakı Əbu Musa adasında hərbi əməliyyatdır. Bu ada da yaxınlıqda yerləşən Böyük və Kiçik Tomb adaları kimi İranın nəzarəti altındadır, lakin Birləşmiş Ərəb Əmirlikləri onlara qarşı ərazi iddiaları irəli sürür. Bundan əlavə, Vaşinqton İran neftinin daşınmasını həyata keçirən gəmilərə qarşı blokada tətbiq edə və ya onlar üzərində nəzarəti ələ keçirə bilər.

Portalın həmsöhbətləri qeyd ediblər ki, paralel olaraq, dağıdılmış nüvə obyektlərinin altında yerləşən İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının Amerika hərbçiləri tərəfindən götürülməsinə dair planlar da öyrənilir. Alternativ variant kimi Tehranı bu materiala çıxışdan zəmanətli şəkildə məhrum etmək məqsədilə həmin obyektlərə güclü aviazərbələrin endirilməsi nəzərdən keçirilir. Mənbələrin məlumatına görə, Tramp hələ təklif olunan ssenarilərin heç birini təsdiqləməyib.