"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov rəhbərlik etdiyi nəşrin 23 sentyabr 2014-cü il tarixli sayında "Dəbi varlılar yaradır, ağrı-acısını isə imkansızlar çəkir" sərlövhəli məqalə ilə çıxış edib. "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov rəhbərlik etdiyi nəşrin 23 sentyabr 2014-cü il tarixli sayında "Dəbi varlılar yaradır, ağrı-acısını isə imkansızlar çəkir" sərlövhəli məqalə ilə çıxış edib.

“Bu, nə ədabazlıqdır?“ - Bəxtiyar Sadıqov

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov rəhbərlik etdiyi nəşrin 23 sentyabr 2014-cü il tarixli sayında "Dəbi varlılar yaradır, ağrı-acısını isə imkansızlar çəkir" sərlövhəli məqalə ilə çıxış edib.



AzNews.az həmin məqaləni təqdim edir:

Xeyirlə şər əkiz qardaşdır - deyirlər.
Bunu həyat sübut edib və biz də belə görmüşük.
Üstəlik yarananların hamısının fani dünyanı tərk edəcəyi heç kimdə zərrə qədər də şübhə doğurmur.
Amma... dünyada mövcud olan bütün canlı varlıqlar (o cümlədən də bitkilər) "bəhər" verdikdən, "əvəzedicilərini" dünyaya gətirdikdən sonra hərəsi bir formada köçüb gedir.
İnsanın əvəzedicisi övladdır, övlad ailədə dünyaya gəlir, ailənin yaranışı isə toyla başlayır.

Azərbaycan ictimai fikrində çoxdan belə bir qənaət formalaşmışdır ki, artıq toy və yas məclisləri əndazəni aşıb və tamam başqa bir şeyə çevrilib!

Toyun səs-küyü və süfrə israfçılığı barədə hamı ucadan söyləsə də, yas barədə pıçıltı ilə danışılır: "Filankəs elə bir ehsan süfrəsi verdi ki, bircə arağı çatmırdı".
Gəlin etiraf edək ki, yas məclisi haqqında bundan artığını demək mümkün deyil!
Əvvəlcə toydan başlayaq və görək burada əndazənin aşması özünü hansı formada göstərir.


Toy dəvətnamələri

İnsanlar toy dəvətnamələrini təbəssümlə alsalar da, dərhal ürəklərində "haqq-hesaba" vurur, bəzən "biri də gəldi", yaxud "bu hardan çıxdı" - deyə daxildə heç də xoşhal olmurlar! Doğrudan da hərə öz xeyir işinə qohumunu, qonşusunu, iş yoldaşlarını, dostlarını, yaxın münasibətdə olduğu adamları dəvət etməlidir. Daha quru "salaməleyküm" etdiyini yox! İndi toylara 500-1000 adam çağırmaq "dəbə minib". Həm də hesablayırlar ki, filan faizi gəlməyəcək, odur ki, əlavə dəvətnamə də paylayırlar.

Ayrı-seçkiliyin ilk əlaməti dəvətnamədən başlayır. Əslində dəvətnamə ünvanlandığı insana kimin (hansı ailənin) xeyir işinin nə vaxt və harada olacağını bildirmək üçündür. Amma şadlıq saraylarının sahibləri bunun əsasında da ayrıca biznes qurublar. (Mövcud vəziyyətin təhlili göstərir ki, şadlıq saraylarının sahibləri və onları idarə edənlər öz aralarında əlaqə-ittifaq yaradıblar. Buna Azərbaycan vətəndaşına qarşı yönələn "süni inhisarçılıq" da demək olar. Çünki onlar bir-birinin ağzına tüpürübmüş kimi, bütün məsələlərdə eyni mövqedən çıxış edir, insanlara seçim imkanı vermirlər). Sadə və bərbəzəkli dəvətnamələr müxtəlif "sort" qonaqlar üçün nəzərdə tutulur. Müxtəlif formada (dizaynda) hazırlanan, bəzən parıltılı qaşlarla bəzədilən, hərdən vaxtilə şahların bir-birlərinə göndərdikləri "namə"lərə bənzədilən belə dəvətnamələr heç də ucuz olmur. Deməli, həm də toy xərclərinin üzərinə gəlir.

Toy karvanı

Bəziləri toy karvanını söhrətin və imkanın nümayişi kimi qəbul edirlər. Maşınların sayının çoxluğu, qiymətinin bahalığı, dövlət nömrə nişanlarının üzərinə müxtəlif sözlərin və cümlələrin yazılması, karvana qoşulanların avtoşluq etməsi, digər maşınlara yol verməməsi isə kənardan baxanlarda heç də rəğbət hissi doğurmur. Yol polisi ilə münaqişə yaranması, bəzən isə törənən avtoqəzalar toya qanqaralığı, hətta faciə də gətirə bilir.

Ay oğul, 3-4 maşınla get gəlinini gətir toya, sonra da sağ-salamat apar qoy evinə də! Nə ədabazlıq, özünü göstərməkdir?! Bəzən süni "marşrut"lar yaradılır, hansısa ünvana gedib gül qoyurlar! (Bir zamanlar gənclərin 26-ların abidəsi önünə gedərək ora gül düzmələrini xatırlayanda adam xəcalət çəkir!)

Paytaxtda avtomobil tıxaclarının gərginlik və vaxt itkisi yaratması az saylı maşınla gəlini evlərindən birbaşa şadlıq sarayına gətirilməsinin daha ağıllı variant olduğunu göstərir.

Kəbinkəsmə mərasimi

Elçilik və nişanlama zamanı əldə olunan şifahi razılıq kəbinlə rəsmiləşdirilir. (Bəzən tərəflər dini kəbin də kəsdirirlər). Kəbin kəsilməsi müəyyən vaxt və mərasim qaydaları tələb edən prosesdir. "Asan xidmət"in bu sahəyə də nüfuz etməsi məsələni xeyli asanlaşdırmışdır. Amma son dövrdə toylara "əlavə yük" formasında kəbinkəsmə mərasimi qatanlar da var. Bunlardan birincisi şadlıq saraylarıdır. İşbazlar bu ritualdan da pul çıxarmağın yolunu tapıblar. Toy başlanmazdan öncə kəbinkəsdi mərasimi keçirilir, beləliklə, tıxacda yubananları gözləyərək səbri daralan qonaqları "əlavə mərasim" sınağına da çəkirlər. Həmin mərasimin keçirilməsində məqsəd salonun bəzədilməsi, atəşfəşanlıq, "şampan" şərabı qədəhlərindən "zirvə" düzədilməsi yolu ilə toy sahibindən əlavə pul çıxarılmasıdır! Valideynlər bunu başa düşsələr də, dəbin küyünə gedən cavanların (bəy və gəlinin) istəkləri qarşısında duruş gətirə bilmir, onların "arzularını" gerçəkləşdirmək üçün borca düşməyi özlərinə "şərəf" sayırlar!
Toyda iştirak edənlərin əksəriyyəti üçün bu mərasim artıq vaxt itkisi kimi qiymətləndirilir. Dədə-babadan kəbin kəsiləndən sonra toy çalınıb də! İşlərin hamısını yığıb-yığışdırıb bir gündə görməyiblər ki!

Toy süfrəsi

Şadlıq sarayları müxtəlif olsalar da ("kateqoriyaları" nəzərə alınmaqla), süfrələri bir-birinə çox bənzəyir! (Təbii ki, qab-qacağı nəzərdə tutmuruq). Hamısında müxtəlif cür pendir, göyərti, xiyar-pomidor, mer-meyvə, balıq məhsulları, növbənöv salatlar, soyuq qəlyanaltılar, sular, meyvə şirələri, spirtli içkilər (Yaddan nəsə çıxıbsa, şadlıq evlərinin sahibləri bizi bağışlasınlar). Sonra kabablar gəlir: lülə, tikə, kartof, içalat, balıq. Daha sonra musiqi sədaları altında xüsusi təqdimatla məclisə plov gətirilir. Ən nəhayət, sonda tort, dondurma və çayla yeyib-içməyə yekun vurulur.

Normal insan qarnı da bu qədər yeməyi tutarmı?! Yaxud saat 19-dan 23-dək bu qədər yeməyi mədəyə doldurub sonra gedib yatmaq olarmı? Şadlıq evinin sahiblərinin cibi heç zaman cırılmayacaq! Çünki onun dibi yoxdur! Amma sizin qarnınız cırıla bilər, həm də toya əlavə qarın aparmaq mümkün deyil!

Amma oğulsan bunların birini "menyu"dan çıxart! Əvvəlcə, səni dilə tutub inandırmaq istəyəcəklər ki, bu, son qiymətə o qədər də təsir etməyəcək! Sonra ayaqlarını yerə dirəyəcəklər ki, "imicimizə zərbə vurmayın" bizim süfrə zəngin olmalıdır!
Qayda belədir ki, "menyu" müştəriyə seçim üçün verilir! Şadlıq saraylarında isə " yesən də, yeməsən də, hamısı süfrəyə qoyulacaq" tələbi hökm sürür! Getməyə başqa yer, seçməyə variant yoxdur! Çünki bayaq qeyd etdiyimiz kimi, şadlıq sarayları birləşərək "toy biznesini" inhisara götürüblər və öz iradələrini bu sahədə birmənalı şəkildə diktə edirlər.

Yaxınlarda mənə qəribə bir əhvalat danışdılar. Toy sahibi süfrəyə bahalı viski qoyulmasını istəmir. Sahibkar isə razılıq vermir: "menyu"dan çıxarmaq olmaz! Məclisin axırına yaxın toy sahibi əl dəyməmiş viskiləri evə aparmaq üçün yığdırmaq istəyir. Sahibkar yol vermir: burdan heç nə aparıla bilməz! (Dünyanın işinə bax ey, pulunu verdiyin mal səninki deyilmiş). Toy sahibi bundan qəzəblənərək içilməmiş viskinin növbəti toya satılmaması üçün butulkaların ağzının açılaraq boş stəkanlara süzülməsi tapşırığını verir. Bundan xəbər tutan sahibkar "kompromis" variant təklif edir: 5-6 viskini götür apar, amma qalan butulkaları açdırma!

Bu hadisə toy süfrələrinin və "menyu" sıxlığının mahiyyətini açır! Axı, bir insan bir neçə saata 70-100 manatlıq, bəzən isə daha çox dəyərində ərzaq və çörək yeyə bilməz! Bu, nə zorakılıqdır!

Fonoqram fırıldağı

İndi toy müğənnisi olmaqdan ötrü səsin və istedadın mövcudluğu vacib deyil! Bunun iki şərti var: şadlıq saraylarının birinə yol tapıb işə düzəlməlisən və televiziya kanallarına xərc qoyaraq "reklam" verilişlərinə çıxmalısan! Qalanı texniki məsələlərdir.
Texniki məsələyə təkcə musiqiçilər daxil deyil. Toyda yalnız həmin sarayın fotoqrafının və video operatorunun xidmətindən istifadə etməlisən (Təbii ki, deyilən qiymətə razılaşmalısan). Kənardan sənətkar gətirmək olmaz! Çalğıçı və oxuyançı gətirmək olar. Amma bu şərtlə ki, sarayda işləyənlərin də pulunu verməlisən! Görürsünüzmü, bizim şadlıq saraylarında bütün şərtləri yalnız sahibkar diktə edir. Vətəndaşın isə seçim və etiraz hüququ yoxdur!

Musiqinin isə özgə "bəlaları" var! Əvvəla, hamı illər boyu narazılıq etsə də, Milli Məclis ayrıca qanun qəbul etsə də, toylardakı insanların əsəbinə və səhhətinə mənfi təsir edən yüksək səs-küyü yığışdırmaq mümkün olmayıb. Niyə? Bunun isə 3 "mühüm" səbəbi var:

Birincisi, bu, şadlıq evinin sahibinə maddi cəhətdən sərfəlidir! Qonaqlar hay-küyə dözməyərək tez çıxıb gedirlər! Nəticədə süfrədə qalan yeməklərdən növbəti toylarda istifadə olunur və sonrakı xörəklərdən xeyli az bişirilərək "qənaət" edilir.

İkincisi, oxuyançının səsi olmadığından texnikanın (səsgücləndiricinin) köməyi ilə vəziyyətdən çıxır! Hətta səsin gurluğu aşağı salınsa belə, gedib dava-dalaşla qaldırır. Mümkün olmadıqda oxumaqdan imtina edir, qanqaralığı yaradır. Çünki bu halda çalğıçılar da "küsür", hoqqabazlıq edirlər.

Üçüncüsü, Milli Məclisin qəbul etdiyi qanunun icrasına məsul olan qurumlar şadlıq sarayı sahiblərinin "nüfuzundan" ehtiyat edərək (yumşaq desək) üzərlərinə getmədiyinə görə toy gurultuları kiminin beyninə, kimininsə cibinə "işləməkdə" davam edir.

Fonoqram fırıldağı da pul tələsidir. Müştəridən daha bir üsulla pul qoparmaq üçün şadlıq evinin sahibi toyda "məşhur mügənnilər"in ("məşhur" deyəndə bütün günü səviyyəsiz və mənasız "şou" proqramlarında gözümüzü döyənək etmiş istedadsız, amma özündənrazı oxuyançılar nəzərdə tutulur) oxumasını da təşkil edəcəyini bildirir. Toy yiyəsi asanlıqla bu tələyə düşür. Beləliklə, əlavə pullar hesabına (bu pulda sahibkarın da payı olur) fonoqram (indi buna "disk" deyirlər) fırıldağı baş tutur. Bir-birləri ilə əlaqəyə girən şadlıq saraylarında oxuyanlar toy başlayandan 2-3 saat sonra fonoqramlarını (disklərini) qoltuqlarına vurub "karusel" adlanan "səfərə" çıxırlar. Fonoqramda kompüterlə səsləri nizamlanmış, müasir texnikanın imkanları hesabına "qaydaya salınmış" formada olur və təqribən yarım saat çəkir. Toy sahibi hər oxuyançıya 500-1000 manat ödəməklə toyunda 5-6 "məşhur mügənni"nin oxumasından razı qalır. Amma unudur ki, həmin oxuyançı onu "lox" yerinə qoyaraq, köhnə qaydada desək "val" oxutdurub. Yəni, heç boğazını da tərpətməyib, sadəcə ağzını açıb yumub.

Diskə qulaq asmaq istəyirsinizsə, belələrinin mağazalarda tökülüb qalmış o qədər diskləri var ki! 1-2 manata alıb şadlıq evindəki maqnitofona salmaq olar.

Görün nə qədər qabaq düşərsiniz!

Mahnıya oynamaq və diskoteka xəstəliyi

Keçmiş zamanlarda toylarda iki-üç nəfər meydana girərək oynayar, qalanları çəpik çalardı. Belə rəqs bir oyun havasından uzun çəkməzdi. Sonra oynayanlar yerlərini başqalarına verərdilər. Mahnı, yaxud muğam oxunanda isə hamı qulaq kəsilər, ifadan zövq duyardı. Beləliklə, yaxşı oynayanlarla yaxşı oxuyanlar məclisə xoş əhval-ruhiyyə bəxş edərdilər.

İndi hər şey dəyişib! Musiqi səslənən kimi 50-60 adam birdən girir ortalığa. Olsun, toyun yaraşığı oynamaqdır - demişlər! Amma milləti döndərib ediblər mahnıya oynayan! Oyun havaları isə tamam yaddan çıxıb! Odur ki, nə mahnıda mahnılıq qalıb, nə də rəqsdə rəqslik! Ritmik oyun havaları oynamaq üçün yaradılıb. Lirik mahnıları isə dinləyib ləzzət alarlar. Hər mahnıdan qol-qabırğasını qıra-qıra bir bənd oxuyub 7-8-ni calayırlar dal-dala. Ağız deyəni qulaq eşitmir! Hətta bəzən bəylə gəlin ortalıqdan çıxmır, qonaqlardan çox oynayırlar. Qəflətən isə toyxananı döndərib edirlər diskoteka-bar! Yaşlılar yerlərində oturub deyinir, cavanlar isə ortalığa düşərək əcaib-qəraib hərəkətlərə başlayırlar. Bu, "evropeyski" dəbi kim gətirib, niyə gətirib bilmək olmur. Amma toy sahibi özünü mədəni, "intiligentni" göstərmək üçün buna gedir.

Toy bizim milli adət-ənənəmizdir. O, elçiliklə başlanan qohumlaşma prosesinin zirvəsi sayılır. Toyu müasirləşdirmək olar, çünki zamanın təsir etmədiyi proses yoxdur! Amma tamam dəyişmək, bayağılaşdırmaq olmaz! Əgər avropasayağı toy etmək istəyirsinizsə, onda birinci süfrədən başlayın, onu avropalaşdırın! Daha min illik tarixi olan toylara diskoteka, kəbinkəsdi və digər yamaqlar vurmaq nə lazım?!

Borcu yığıb, borca düşənlər

Nəhayət, toyun sonu gəlib çatır. Bu nəqamda təzə "toy" başlanır. Toy sahibi "alan cibi" ilə "verən cibi"nin balansını müəyyənləşdirir. İsrafçı süfrə, "karusel" oxuyançılar, əlavə nə qədər "bər-bəzək" xərclərini çıxandan sonra məlum olur ki, nəf qudurub mayanı yeyib! Toy qabağı siyahısına baxaraq illər boyu toyuna getdiyi adamları çağırıb "borclarını" yığan toy sahibi xeyir işindən xeyir götürə bilməyib! Nəticədə "alacağı borc siyahısı"ndan qurtularaq "verəcəyi borc siyahısı"na düşüb. Əgər ehtiyatda pul varsa, yaxasını birtəhər qurtarır. Yoxdursa, bəy-gəlinə qədər girov qoya bilər! Çünki şadlıq sarayının sahibi nisyə işləmək istəmir!

Şübhəsiz, xeyir işdə ən böyük xeyir övlada son borcunu verərək onu ailə sahibi etməkdir! Hətta buna görə əvvəldən pul tədarükü də görülür. Amma toyun israfçılıq yönündə (bütün komponentlər üzrə) bayağılaşdırılması bəzən çox böyük qanqaralığı və borcadüşmə ilə nəticələnir. Niyə, nəyin xatirinə? Əlbir olmuş işbazların və adlarını "sənətkar" qoyan oxuyançıların cibini doldurmaq üçünmü?!

Biz bütün təqsiri toy edənlərin və şadlıq evlərinin sahiblərinin üzərinə qoymaq istəmirik. Burada vergi işçilərinin, süni inhisarçılığa qarşı mübarizə aparmalı olan orqanların və toylarda musiqinin həddinə nəzarət edəsi qurumun da böyük məsuliyyəti (indiki halda məsuliyyətsizliyi) vardır! Guya vergi yığanlar bilmirlər ki, şadlıq evinin sahibləri və toyda oxuyanlar qazandıqlarının hamısından vergi ödəmirlər? Bilirlər və göz yumurlar! Həm də elə-belə göz yummurlar! Mətbuat nə qədər deməli və yazmalıdır ki, belə mənfi halların və adət-ənənələrimizin eybəcərləşdirilməsinin qarşısı alınsın! Süni inhisarçılığa qarşı mübarizə aparmalı olanlar bilmirlər ki, Azərbaycan vətəndaşı bir qrup işbazın (əsl sahibkarlar isə kölğədə dayanaraq görünmək istəməsələr də, hamı onlar tanıyır) qarşısında aciz vəziyyətdə qalıb?! Ata övladına toy çaldırmalıdır. Həyətdə çadır qurmağa yer yoxdur, odur ki şadlıq evlərinə getməyə məcburdur. Onlar da birləşərək öz iradələrini diktə edirlər! Belədə köməyi kimdən almalıdır?

Əgər qız toyu ayrı, oğlan toyu ayrı keçirilirsə, bu məqamda valideynləri israfçılıqda və övladını iki dəfə gəlin oturtmaqda qınamaq olar! İki ailə birləşərək yeni bir ailəyə çevrilirsə, onda niyə iki toy çalınmalıdır? Amma "menyu" səddini aşmaqda, oxuyançılar və digər "bəzək xidmətləri" hesabına toy sahiblərinə güzəşt və seçim imkanı verilmədən soyulmasına dövlət qarışmalı və vətəndaşını müdafiə etməlidir! Burada nüfuzlu sözə də, qınaq mexanizminə də ehtiyac var! Dövlətin qeyd etdiyimiz qanun pozuntuları ilə bağlı müdaxiləsi olmasa, vəziyyət düzəlməyəcək! Çünki sahibkar qaz vurub qazan doldurmaq niyyətindən daşınmaq fikrində deyil!

***
Toy belə şeydir ki, illər boyu ona hazırlaşmaq, pul yığmaq, toydan yığılan pullara ümid etmək mümkündür.

Yasda isə vəziyyət bambaşqadır. Nə qədər xəstə, yaşlı insan olsa da, ölüm daim gözlənilmədən gəlir! Həm də yas niyyəti ilə pul yığmaq adət-ənənəmizə ziddir və düşəri olub-olmaz deyirlər.

Bəs əzizini itirmiş insanları qısa müddətdə nələr gözləyir?
Son dövrdə mətbuatda bu barədə müzakirələr gedir, nüfuzlu insanlar, ziyalılar, müxtəlif sahələrdə çalışanlar, hətta dövlət məmurları dəyərli təkliflərini və fikirlərini söyləyirlər. Böyük əksəriyyəti yekdil rəydədir: yas məclislərində də əndazə aşılıb, müəyyən qayda yaradılmalıdır! Biz də şərikik!

Sağlığında qiymət verin insanlara

Ruh bədəni tərk edəndən sonra insanın heç nədən xəbəri olmur! Yas, ehsan dirilər üçündür, ölüyə çatan kəfən, qəbir və bir də Qurani-Kərimdən oxunan surələrdir. Əsrlər boyu ölülərlə bağlı dəyişikliklər baş verməsə də, dirilər öz aralarında adət-ənənələrə dəfələrlə əl gəzdiriblər. Bu "əlavə və dəyişikliklər" isə həmişə maddi durumla bağlı olub.

Yada salaq: 1941-1945-ci illər müharibəsi dövründə gündəlik çörək norması adambaşına qram (kiloqram yox) hesabı ilə siyahı əsasında (talonla) verilirdi. Sonra 1963-cü ildə regionlarda yenidən siyahı əsasında əhaliyə 300 qram hesabilə qara çörək (!) satılmağa başlandı. 1980-ci illərdə isə ət və yağın talonlarla, adambaşına norma ilə satılması çoxlarının yadındadır. Xatırlatdığımız dövrlərdə heç kim ata-anasına ehsan süfrəsi açmırdı. Hətta imkanı olanlar belə Sov. İKP-nin qəzəbindən qorxaraq belə addım atmağa cürət etməzdilər! Amma heç kim buna pis baxmırdı, övladları valideynlərinə qarşı sayğısızlıqda günahlandırmırdı.

Uzaq və yaxın keçmişdən misal gətirilən bu faktlar da göstərir ki, adət-ənənələrə dəyişiklik maddi durumla bağlıdır. Bolluq olanda bol süfrə açılır, qıtlıq dövründə isə çayla yola verilir. Deməli, ehsan süfrələri islamın "pozulmaz qaydaları" ilə yox, cibin vəziyyəti ilə bağlıdır! Lakin hamının cibi eyni ölçüdə, içindəki para da eyni qalınlıqda deyil! Doğru, ədalətli yol isə məclisin "kasıbın cibi" səviyyəsində verilməsinin əsas götürülməsidir. Çünki imkanlı kasıbın səviyyəsinə ağrısız və çətinlik çəkmədən enə bilər. Kasıbın varlılarla ayaqlaşması isə onun borca düşərək uzun illər ehtiyac məngənəsində sıxılması ilə nəticələnir.

Yas məclisində var-dövlət nümayişi ictimai rəydə qəbul edilmir! Pıçıltı formasında yayılan müəyyən qınaqlara səbəb olur! Şair demişkən: Sağlığında qiymət verin insanlara!

Hamı razıdır, başlanğıc isə çətin

Bu sahədə qayda yaratmağın 2 yolu var: qabağa düşüb şəxsi nümunə göstərmək və müxtəlif təsir vasitələri ilə məqsədə nail olmaq! İlk növbədə hər kəndin, qəsəbənin, şəhərin, ərazinin vəzifəli, hörmətli, varlı, tanınmış, nüfuzlu insanları bu addımı atmalıdırlar! Onlar dərk etməlidirlər ki, bununla həm çoxlarını borca-xərcə düşməkdən xilas edirlər, deməli, savab qazanırlar, həm də yemək ehsanından imtinanın pulsuzluqdan, sayğısızlıqdan deyil, qədim adət-ənənələrə hörmətdən, onların yenidən bərpasından qaynaqlandığını sübut etmiş olurlar.

Qorxulu heç nə yoxdur! Xalq bunu istəyir və dəstəkləyir! Bir vaxtlar hüzr düşəndən qırx çıxanadək hər cümə axşamı ehsan verilərdi. Hüzr sahibi maddi sıxıntıya düşməklə yanaşı iş-gücdən də olar, əl-ayaq altında qalardı. İndi cümə axşamları yığışdırılıb, üç və yeddi mərasimləri birləşdirilib. Bundan nə ölüyə ziyan gəlib, nə də onun sahibinə! Əksinə, insanlar həmin əlavə xərcləri qəbrin düzəldilməsinə yönəldirlər.

İndi də gəlib çıxdıq qəbirüstü abidələrə. İnsan bu dünyadan "bir qarış yer və yeddi metr kəfən aparır" - deyirlər. Qarabağ uğrunda gedən sonuncu müharibə, hazırda ərəb ölkələrində baş verən proseslər göstərir ki, heç bu da hamıya qismət olmur! İtkin düşənləri, taleyi naməlum qalanları, gəmi qəzası zamanı dənizdə batan və cəsədi tapılmayan minlərlə miqrantları xatırlayaq. Heç belələrinin qəbri də yoxdur! Müsəlman adətinə görə müəyyən zamandan sonra qəbir itməli, yerlə bərabərləşməlidir. Yəni, insanın cəsədi vətən torpağına qarışıb yox olmalıdır! (Bəlkə də vətəni həm də doğmalarımızın və əzizlərimizin qarışdığı torpaqdan ibarət olduğuna görə bu qədər sevirik!) Burada əsrlərin sınağından çıxmış çox böyük reallıq və məntiq də var.

Heç ildə bir neçə dəfə ulu babasının qəbrini ziyarət edən insan tanıyırsınızmı? Hərə öz ata-anası üçün ağlayır. Qəbir üstünə gedəndə isə əgər qəbirlər yanaşıdırsa, baba və nənənin qəbri üstünə də gül qoyub yasin oxutdururlar. Heç kim Bakıdan əyalətə ulu baba və nənə qəbrini ziyarətə getmir! Bunu hamı bilir və qəbul da edib! Və heç kim heç kəsi qınamır! Həyatın qaydası belədir! Görünür dinimiz də bundan çıxış edərək qəbrin itib torpağa qarışması qaydasını məqbul sayıb.

Belədə ətək-ətək pul tökərək qəbir üstündə "möhtəşəm" baş daşları və heykəllər qoymağa dəyərmi? Onsuz da həmin qəbirdə uyuyan bunu görmür və bilmir! Ən yaxşısı həmin insanı daim anıb xatırlamaq, qəlbində və yaddaşında saxlamaqdır. Onun həyata keçmədiyi arzularını gerçəkləşdirmək isə lap yerinə düşən əməldir! Ən düzgün və ağla batan yoldur! Üçüncü nəsildən, boş qəbir yerləri dolandan sonra heç kəs qəbir üstünə mütəmadi gedib-gəlmir. Heç həmin heykəl-abidələrə "sənət nümunəsi" kimi də baxan olmur! Kimdir qəbiristanlığa heykələ baxmağa gedən? Elə sərgi salonlarına gedər də!

Bu cümlələri yazmaqla bəlkə biz də müəyyən "ənənələri" pozmuş oluruq, çox açıq və kəskin fikirlər səsləndiririk! Amma buna görə qınaqdan qorxmuruq! Çünki həqiqəti söyləyirik! Qonşu müsəlman dövlətlərinə, Avropaya baxaq! Onsuz da inkişaf bizi həmin nöqtəyə çatdıracaqdır! Başqa yol da yoxdur! Di gəl, nə qədər tez çatsaq, o qədər yaxşıdır. Artıq pulunuzu "zəngin", "israfçı" süfrələrə (xeyir və şərə) xərcləməyin! Övladlarınıza, evinizə, ailənizin istirahətinə və müalicəsinə, gəzməyə sərf edin! Ağıllı yol budur! Doğrudur, bu bizneslə (şadlıq evləri, yas mağaraları, qəbiristanlıq, baş daşları biznesi ilə məşğul olaraq böyük pullar qazananları nəzərdə tuturuq) məşğul olanlar müxtəlif vasitələrlə maneçilik törədərək hər şeyin əvvəlki kimi qalmasına çalışacaqlar və çalışırlar da! Amma özünüz düşünün: sizlərə başqalarının cibini doldurmaq faydalıdır, yoxsa öz ailənizin və doğmalarınızın rifahı!
Ruhanilər qətiyyətli olmalıdırlar. Onsuz da yaslarda ehsan xörəkləri verildi, verilmədi molla ac qalmır, ona ayrıca qulluq göstərilir. Dəfn üçün onlara çatacaq məbləğin də qəbirüstü abidə ilə heç bir əlaqəsi yoxdur! Amma israfçılığın və yersiz, mənasız xərclərin qarşısı alınmalıdır. İlkin vaxtlarda hüzr sahiblərinə ehsanla bağlı xəbərdarlıqlar etməkdən, xörək qazanlarını qocalar evlərinə, internat məktəblərinə göndərtməkdən də çəkinmək lazım deyil! Belədə daha sürətli və effektli nəticə qazanılır. Həm də ilkin vaxtlarda ehsan verməyənlərə də bir "əsas" yaratmaq lazımdır ki, qınaqdan qorxmasınlar.

Böyük çoxluğun mənafeyi

Adətən, dəbi varlılar yaradır, ağrı-acısını isə imkansızlar çəkir! Təbiidir ki, imkansızların sayı varlılardan qat-qat çox olur. Gəlin çoxluğun mənafeyini düşünək! Həm nəzərə alaq ki, bu məsələ ictimai müzakirəyə çıxarılandan bəri 99 faiz rəy bildirənlər israfçılığa və mənasız xərclərə qarşı çıxıb! Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi də bu məsələdə həmrəydir və imkansızların dəstəkçisidir. Həm də göz önündə bu sahədə Naxçıvan təcrübəsi var! Ziyanlı "yenilikdənsə", faydalı "köhnəlik" daha məqbuldur!