- Siyasi müzakirə
- 10 Oktyabr 22:13
- 2 020
“Zəngəzur dəhlizi istənilən halda açılacaq və bu adla da qalacaq” - Mübariz Göyüşlü

“Hesab edirəm ki, Paşinyanın bu açıqlaması və MDB-nin sammitində bu formada çıxış etməsi, müəyyən mənada, gərginlik yaratmaq cəhdi kimi də dəyərləndirilə bilər. Çünki Rusiyanın da iştirak etdiyi bir toplantıda ABŞ, Vaşinqton və Tramp kimi mövzulara toxunmaq, təbii ki, narahatlıq və gərginlik yarada bilərdi. Ola bilsin ki, Paşinyanın məqsədi də məhz bu idi. Onun bu məsələyə verdiyi ad və atmağa çalışdığı addımlar nə olursa-olsun, bu yol hər halda və daim “Zəngəzur dəhlizi” kimi tanınacaq, bilinəcək və qalacaq. Görünür, Paşinyan bu mövzunu növbəti dəfə qabartmağa çalışır. Xatırlayırsınızsa, o, bir dəfə də Pekində, Azərbaycan Prezidentinin çıxışından sonra, sanki prezidentin sözlərinə “düzəliş” edərək bildirmişdi ki, “bu, Zəngəzur deyil, Tramp yoludur.” Belə bir çıxışın Çin kimi bir ölkənin tədbirində edilməsi də onun gərginlik yaratmaq niyyətini açıq şəkildə göstərirdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbə sammitində deyib ki, Vaşinqton bəyannaməsi ölkələr arasında nəqliyyat xətlərinin açılmasının vacibliyini təsdiqləyir. Bu, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqələri əhatə edir. Paşinyan bildirib ki, Ermənistan ABŞ və digər tərəflərlə birlikdə TRIPP layihəsinin tətbiqi çərçivəsini hazırlayacaq.
Siyasi şərhçi qeyd edib ki, Paşinyanın belə bir niyyətinin və cəhdinin mümkünlüyü istisna edilmir.
“Amma düşünürəm ki, bu cəhdlər, yəni qıcıqlandırma və gərginlik yaratmaq istiqamətində atılan addımlar istənilən nəticəni verməyəcək. Hətta belə gedişlərlə Paşinyan Zəngəzur yolunun açılması məsələsini növbəti dəfə yubatmağı da planlaşdıra bilər. Lakin inanıram ki, onun bu cəhdləri nəticə verməyəcək və biz Zəngəzur dəhlizinin açılmasının şahidi olacaq, Azərbaycanla Naxçıvan arasında sərbəst, maneəsiz gediş-gəlişin mümkünlüyünü görəcəyik”.
Rəfiqə Namazəliyeva,
AzNews.az