Baba Rzayevin işçilərindən Prezidentə şikayət edildi - MƏTN

Bir qrup sahibkar “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevə şikayət ünvanlayıb.

AzNews.az xəbər verir ki, Qaradağ rayonu ərazisində daş karxanasında mişar daşının istehsalı ilə məşğul olan onlarla sahibkar obyektlərinə əlavə enerji sərfiyyatının yazılmasından şikayətlənirlər.
Bütün fəaliyyətlərinin qanuni olduğunu iddia edən sahibkarlar işlədikləri müddətdə qanunvericiliklə müəyyən olunan qaydada müraciət edərək müəssisələrini sayğacla təmin ediblər.
Elektrik sayğaclarına uyğun olaraq sərf edilən enerji haqqı vaxtlı-vaxtında ödənilsə də artıq bir neçə müddətdir ki, daş karxanalarının işi iflic vəziyyətə düşüb. Səbəb isə "Bakıelektrikşəbəkə" ASC-nin bir neçə əməkdaşının qanunsuz hərəkətləridir.

Şikayətçilərin AzNews.az-a verdiyi məlumata görə, narazılıq ASC-nin Ruslan və Canəhməd adlı işçilərindəndir. Belə ki, onlar müəssisələrə işlədilən elektrik enerjisindən qat-qat artıq, şişirdilmiş sərfiyat çekləri yazırlar: "Belə ki, hər ay sayğaca baxış keçirilir və sayğacın ilk və son göstəricisi arasındakı fərq elektrik enerjisindən sərfiyyat kimi yazılır. Buna görə heç bir iradımız yoxdur. Nə işlədiriksə, onun da ödənişini etməyə hazırıq, lakin Ruslan hər dəfə hesab-faktura gətirəndə əlavə olaraq bizim müəssisələrə 1500-2000 manatlıq əlavə sərfiyyat yazır. Biz isə bununla razılaşmırıq və səbəbini soruşduqda "Bu mənlik deyil, mənə rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin" cümləsi ilə rastlaşırıq. Bu, belə davam edə bilməz". Bu günə kimi heç bir tədbir görülmədiyini görən sahibkarlar çıxış yolunu "Bakıelektrikşəbəkə" ASC-nin sədri Baba Rzayevə şikayət ünvanlamaqda görüblər. "Hörmətli Baba müəllim! Ruslan və Canəhməd bunu təkcə bizim müəssisələrə tətbiq edirlər. Halbuki ərazidə 240-a yaxın daş karxanası fəaliyyət göstərir. Bundan başqa ərazidə, ümumiyyətlə elektrik sayğacı olmayan istifadəçilər var ki, həmin əlavə sərfiyyat onlara münasibətdə tətbiq edilməlidir. Lakin nədənsə məhz bu qanun pozuntuları, bu özbaşınalıq, bu hörmətsizlik bizlərə qarşı edilir. Bunu isə onlar belə izah edirlər ki, "Həmin adamlar başqa cür ödəniş edərək öz sərfiyyatlarını ödəyirlər". Elektrik enerjisinin qiymətləri (tariflər) "Elektroenergetika haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Biz də tarifə uyğun olaraq öz ödənişimizi etmək istəyirik. Kiminsə cibinə gedən qanunsuz çirkli pullara vasitə olmaq fikrində deyilik". Qanuna görə, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunan elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən qaydalara uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi bütün bu deyilənlər birbaşa və dolayısı ilə korrupsiyaya şərait yaradan hallardır. Şikayətçilər "ENSO" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Natiq Eyniyev, "NFT" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Kamal Abbasov, "Karvansaray" Məhdud Məsuliyyətli Cəmiyyətinın rəhbəri, sahibkar Ədalət Eyvazov, sahibkar Anar Həsənli və sahibkar İlqar Quliyev hesab edir ki, bütün bu xüsusiyyətlər araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. "Cənab İlham Əliyevin son illərdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan verib, qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu var. Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir, burada süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb, amma yenə də faktlar var".

"Bakıelektrikşəbəkə" ASC-nin hər iki əməkdaşının qanunsuz əməllərinə görə, sahibkarlar ASC sədri Baba Rzayevdən əməkdaşları Ruslan və Canəhməd barəsində xüsusi təbdirlər görməyi xahiş ediblər. Sahibkarlar həmçinin "Bakıelektrikşəbəkə" ASC-dən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri cənab Natiq Əliyevə də şikayət ediblər.

Gültəkin ƏLƏSGƏR