Onun ifadəsi sübut üçün əsas götürülə bilməz Onun ifadəsi sübut üçün əsas götürülə bilməz

“Əvəz Zeynallı Gülər Əhmədovadan pul tələb etməyib”

Onun ifadəsi sübut üçün əsas götürülə bilməz

"Gülər Əhmədova haqqında yayılan video Əvəz Zeynallı üzərində qurulmuş məhkəmə prosesinə birbaşa təsir göstərə bilməz. Ancaq ona ümid etmək qalır ki,


Gülər Əhmədovanın deputat mandatından imtina etməsi məhkəmə heyətində cəsarət yaradar və nəhayət, onu məhkəməyə dəvət edərlər, biz də suallarımızı verərik". Bunu "Media forum" saytına açıqlamasında vəkil Elçin Sadıqov deyib.

Vəkil Gülər Əhmədovanın məhkəmədə dindirilməsi prosesinin yarımçıq qaldığını qeyd edib: "Amma bu xanım haqqında aşkara çıxan faktlar bir daha göstərdi ki, onun ifadəsi sübut üçün əsas götürülə bilməz. Gülər Əhmədova ona verilən sifarişləri yerinə yetirib. Əvəz Zeynallının işində də o, eyni vəzifəni həyata keçirib".

Elçin Sadıqovun sözlərinə görə, Əvəz Zeynallının Gülər Əhmədovadan rüşvət istəməsi iddiası yalandır: "Məhkəmə ekspertizası rəy verib ki, Gülər Əhmədovanın istintaqa təqdim etdiyi lent yazısı bir neçə dəfə montaj olunub və formatı dəyişdirilib. O danışıqlarda Əvəz Zeynallı Gülər Əhmədovadan pul tələb etməyib".

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub. Jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır.

AzNews.az