79 ailə Zakir Qaralovdan kömək istədi

Bakının Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxananın sakinləri iki tikinti şirkəti ilə bağlı araşdırma aparılması üçün Respublika Prokurorluğna müraciət hazırlayıb.

Sakinlərdən Hafiz Xanquliyevin AzNews.az-a verdiyi məlumata görə, müraciətdə "Oğuz" MMC və "Ümid" MTK ilə bağlı şikayətlər yer alıb. Bina sakinləri həmin şirkətləri onlar üçün ayrılan torpaq sahəsində bina tikərək mənzilləri kənar şəxslərə satmaqda ittiham edirlər.

Belə ki, 2000-ci il zəlzələsi zamanı qəzalı vəziyyətə düşən binada yaşayanlardan 80 ailə yeni mənzillərə köçürülsə də, qalan 79 ailənin köçürülməsi prosesi artıq bir neçə ildir ki, yubanır.

Qəzalı vəziyyətdə yaşayan sakinlər dəfələrlə Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də son variant kimi onlara binanın təmir edilməsi təklifi irəli sürülüb. Ancaq sakinlər Bakı meri Hacıbala Abutalıbovun sərəncamı ilə yeni binaların tikintisi məqsədilə ayrılan 40 sot torpaq sahəsində inşa edilən mənzillərin onlara yox, tamamilə kənar şəxslərə satıldığını bildirir.

Elnarə Əlosmanqızı
AzNews.az