250-dən cox müəssisəsinin fəaliyyəti dayandırıldı

Azərbaycanda yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğuna görə bu ilin yanvar-avqust ayları ərzində 251 müəssisəsinin fəaliyyəti dayandırılıb. Bu barədə cümə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsindən bildirilib.

Mərkəzdən deyilib ki, hesabat müddətində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 709 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 283 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Yanvar-avqust ayları ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 7945, mikrobioloji göstəricilərinə görə 6259 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub.

Müayinələrin 89-da orqanoleptik və fiziki-kimyəvi, 221-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 21593 yaxma, 915 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 362-də, soyuq qəlyanaltıların 3-də mikrobioloji çirklənmə aşkar ediliib.

AzNews.az