Bakıda priton evlər: saatı 50 manata (ARAŞDIRMA)

Bakıdakı təkcə otellər, bəzi iaişə obyektləri deyil, yeni tikilən binalarda da gizli fahişəxanalar fəaliyyət göstərir.


AzVision.az-ın araşdırması zamanı məlum olub ki, yeni tikililərin bir çoxunda kiyarə adı ilə verilən mənzillər priton kimi istifadə edilir. Yaxşı gəlir yeri olan pritonların çoxalması bu biznesin müəyyən qruplar tərəfindən himayə olunmasından xəbər verir.

Hətta Bakının küçələrində "bir saatlıq ev kirayə verilir" yazılan elanlara da rast gəlmək çətin deyil. Bu işdə ev kirayəsi ilə məşğul olan dəllarlar xüsusi rol oynayır. Belə ki, el arasında "makler" kimi tanınan dəllarlar müştərilərin onlara əmanət etdiyi evləri saytlarda və küçələrdə elan verərək bir neçə saatlıq kirayə verirlər. Onların bu xidmətindən daha çox fahişəliklə məşğul olan xanımlar istifadə edirlər.

Bundan əlavə kirayəşin kimi özünü təqdim edən qadın alverçiləri kirayə götürdükləri mənzilləri bu məqsədlə istifadə edirlər. Hətta Bakıda bu işdə ad çıxaran alverçilər də var. Onlar müştərilərə şəraitindən aslı olaraq müxtəlif qiymətlərə mənzillər təklif edirlər. Bu işlə daha çox qadınlar məşğul olurlar.

İnternet vasitəsilə nömrəsini əldə etdiyimiz "Naza" (sosial şəbəkə adı belə qeyd olunub-red) adlı xanım da bu işin peşəkarlarındandır. O açıq-aşkar sosial şəbəkədəki səhifəsində nömrəsini yazaraq müştərilərə "saatlıq ev" təklif edir.

Həmin xanıma zəng edən əməkdaşımız özünü müştəri kimi təqdim edərək, bir neçə saatlığına mənzil lazım olduğunu deyib.

Öncə əməkdaşımızın kim olduğunu soruşan "Naza" xanım hazırda 3-4 yerdə mənzilinin olduğunu deyib.

Qiymətə gəlincə, o, evin yerinə görə, bunun dəyişdiyini bildirib: "Sizə nə zaman lazımdır, ev? Hazırda Nizami metrosunun yanında "navastroyka"da iki otaqlı evim var, hər bir şəraiti yerində. Onu sənə saatı 50 manata verərəm. Biri də var, o "Neftçilər"dədir. Onun bir saatı 40 manatadır".

Daha sonra "müsahib"imizdən təhlükəsizliklə bağlı soruşduq. O isə cavabında "qorxmayın, mənim evimə heç kim gələ bilməz. Təhlükəsizliyinə söz verirəm"-deyə əməkdaşımıza bildirib.

Paytaxtın "Neftçilər" metrosunun yaxınlığında yerləşən ev bazarına da baş çəkib, saatlıq evlərin kirayə verilməsi ilə maraqlandıq.

Müştəri olduğumuzu zənn edən "maklerlər" üstümüzə şığıyaraq kirayə evlərini təqdim etməyə çalışsalar da, jurnalist olduğumuzu görəndə pərəm-pərəm düşdülər.
Buna baxmayaraq, sualımızı ev kirayəsi ilə məşğul olan dəllallara verdik. Onların sözlərinə görə, ev sahibləri mənzili bəzən aylıq kirayə verməkdənsə, bir neçə saatlıq kirayə verilməsini üstün hesab edirlər.

"Bəzi mənzil sahibləri evlərini ciddi adamlara vermək istəyirlər. Bir çoxları da var, özləri xaricdə yaşayırlar, burada qohumları, tanışları evlərini gündəlik kirayə verirlər. Bizə təklif edirlər ki, müştəri tapaq. Bir neçə dəfə başımıza oyun açıblar. Özünü normal insan kimi təqdim edən bir xanım ailəli olduğunu deyərək kiyarə ev axtarırdı. Biz də kömək etdik, ev verdik. Bir neçə aydan sonra qonşular polisə şikayət etdilər ki, həmin qadın evi fahişəxanaya çevirib. Belə hallar çox olur. Evi bizdən götürürlər, belə işlərlə məşğul olurlar".

Ev dəllalaının da dediyi kimi, yeni mənzillərin bu məqsədlə istifadəyə verilməsi xüsusi biznesə çevrilib. Hətta sözügedən "biznes" o qədər genişlənib ki, şəxsi mənzillərini "sütyinor" və "mama roza"lara verənlər də var. Bu isə səbəbsiz deyil. Mənzillərini sadə adamlara kirayə verənlər ayda maksimum 300-500 manat gəlir əldə edirlərsə, mənzillərin bir saatlıq icarə haqqı ən ucuzu 50 manata başa gəlir. Bu isə gündə azı 2 nəfər müştərisi olana ayda 1800-3000 manat gəlir deməkdir.

Rasim Əliyevin AzVision.az-a verdiyi məlumata görə artıq 15 ilə yaxındır ki, bu işlə məşğul olur. Dəfələrlə kirayə mənzil bazarında belə evlər axtaran şəxlərə rast gəlib. Onun dediyinə görə, belə mənzil axtaranlar daha çox gənclər və orta nəslin nümayəndələridir. Maklerin dediyinə görə, evlərini "priton" kimi istifadəyə verənlər daha çox yeni tikililərin sahibləridir:

"Navastroykalarda belə hallar daha çoxdur. Bu da elə-belə deyil. Çünki yeni tikililərdə qonşular bir-birini tanımır. Heç kim bilmir ki, qonşuluğunda kim yaşayır. Amma köhnə binalarda uzun illərdir ki, yaşayış olduğundan orada demək olar ki, hamı bir-birini tanıyır. Bircə nəfər yad adam binaya daxil olan kimi hamı bilir ki, bu həmin mənzildə yaşamır. Amma hərdən yeni tikililərdə də mənzillərin bu məqsədlə istifadə olunması sakinlərin narazılığa səbəb olur".