1441 müraciət gəldi

Sentyabrda Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1441 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müraciətlərin əksəriyyəti yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterli olub.
Sorğular müəllimlərin dərs bölgüsü, şagirdlərin dərsliklərlə təminatı, məktəbli forması, ümumi təhsil məktəblərinə şagird qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ümumi təhsil məktəb müəllimlərinin əmək haqqının, məzuniyyət pulunun hesablanması və digər məsələlərlə əlaqədardır.

Daxil olan 69 şikayət məzmunlu müraciətin təhlili göstərib ki, onların əksəriyyəti yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 7 (Sumqayıtdan 3, Gəncədən 2, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Astara və Ağstafa rayonlarının hər birindən 3, Gədəbəy, Sabirabad, Samux, Qəbələ rayonlarının hər birindən 2, Abşeron, Lənkəran, Masallı, Şəki, Şəmkir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Kürdəmir, Balakən, Goranboy, Neftçala, Beyləqan, Laçın, Oğuz rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqından qanunsuz tutulmalar ilə əlaqədardır. Məlumatda bildirilir ki, xeyli sayda müraciət anonim daxil olub, böyük bir qismində qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Qeyd edək ki, ali təhsil müəssisələri ilə bağlı daxil olan 5 şikayət xarakterli müraciətin 3-ü dövlət, 2-si isə özəl tədris ocaqlarının fəaliyyəti barədə olub. Müraciətlər dövlət ali təhsil müəssisələrində dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, yay semestri təşkil olunmuş ali təhsil müəssisələrində imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinə baxılması qaydalarının pozulması ilə əlaqədar olub.

Sevinc Fədai
AzNews.az