Azərbaycana mal-qara gətiriləcək

Kənd Təsarufatı Nazirliyindən (KTN) AzNews.az-a verilən məlumata görə Aqrar sahəyə göstərilən çoxşaxəli dəstəyin nəticəsi olaraq bu ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərdə olduğu kimi, dinamik inkişafını davam etdirib.

Belə ki, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 milyard 088 milyon manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artıb.oktyabrın 1-nə olan vəziyyətə görə 1 milyon 24 min 120 hektar sahədə biçin aparılıb və 2 milyon 762 min 520 ton məhsul istehsal edilib.

Keçən ilin müvafiq dövrünə nisbətən 331 min 561 ton artıq məhsul istehsal olunub, hektarın məhsuldarlığı 1,7 sentner artıb. Bildirilib ki, bu müddətdə keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 35,9 min baş artaraq 2 mln 699 min başa, davarların baş sayı isə 112,9 min baş artaraq 8 mln 687,7 min başa çatıb. 276,5 min ton diri cəkidə ət və 1 mln 300 min ton süd istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən ət üzrə 17,6 min ton, süd üzrə 69,6 min ton çoxdur.

Məlumat verilib ki, "Aqrolizinq" ASC tərəfindən 2009-cu ildən indiyədək respublikaya 4350 baş cins damazlıq düyələr gətirilib, təsdiq edilmiş qaydalara müvafiq olaraq hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Hazırda respublika üzrə bu heyvanların baş sayı 7226 başa çatıb. İlin sonunadək daha 1940 baş cins mal-qara gətiriləcək.

İlkin
AzNews.az