Jurnalist təşkilatlarının illik toplantısı keçirildi

Avropa qitəsinə daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının illik toplantısı keçirilib.



AzNews.az xəbər verir ki, Monteneqronun Budva şəhərində baş tutan toplantıya Avropanın 40 ölkəsindən 49 jurnalist təşkilatı qatılıb. Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı və ATƏT-in dəstəyi ilə keçirilən toplantıda Azərbaycandan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iştirak edib.

ATƏT və Avropa Birliyi təmsilçilərinin də qatıldığı tədbir "Avropa məkanında medianın spesifik problemləri və yeni çağırışlar" mövzusuna həsr edilib. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq jurnalist təşkilatlarında narahatlıq doğuran digər bir məqam, sadalanan problemlərin ayrı-ayrı ölkələr üçün deyil, ümumilikdə Avropa məkanı üçün xarakterik hala çevrilməsidir: "Konkret nümunələr gətirilərək isbat edildi ki, sadalanan problemlər ucqarlar üçün deyil, Avropanın mərkəzi və inkişaf etmiş dövlətləri üçün də xarakterik hala çevrilməkdədir".

Konfrans iştirakçıları neqativ tentensiyaların qarşısının alınması üçün, media qurumları arasında həmrəyliyin artırılmasının, əlaqələrin gücləndirilməsinin zəruri olduğu fikrini bölüşüblər. Konfrans çərçivəsində Rusiya Jurnalistlər Birliyi ilə Ukrayna Media İşçilərinin Həmkarlar İttifaqı arasında dialoq keçirilib. Hər iki qurum Rusiya və Ukrayna arasında yaşanan gərginliyə rəğmən, münaqişə bölgəsində fərliyyət göstərən jurnalistlərin hüquqlarının müdafiə edilməsi yönündə əməkdaşlıq etmək barədə qərar veriblər.