Bakının hansı hissəsində ev almaq təhlükəlidir?

Seysmoloji Xidmət Mərkəzi həqiqəti açıqlamağa niyə qorxur?


Ölkə ərazisində bir-birinin ardınca baş verən zəlzələlər seysmik aktivliyə malik olan paytaxt Bakı ilə bağlı da narahatlıqlar yaradıb. Bakının seysmik aktivliyi 8-9 balla qiymətləndirildiyi halda AMEA-nın Seysmoloji Xidmət Mərkəzi paytaxtın aktiv əraziləri ilə bağlı məlumat vermir.

Mərkəzin direktoru Qurban Yetirmişli bunun səbəblərini ev alqı-satqısı ilə məşğul olan maklerlərin etirazı ilə əlaqələndirib: "Bir dəfə bu barədə danışdıq, maklerlər narahat oldular ki, bu, onların işinə təsir edir".

Q.Yetirmişli Bakının mürəkkəb geoloji quruluşa malik olduğunu bildirərək, eyni ərazidə fərqlərin olduğunu vurğulayıb: "Eyni binanın bir tərəfində aktivlik 8, digər tərəfi 9 balla hesablanır. Çünki Bakı olduqca mürəkkəb geoloji quruluşa malikdir".

Paytaxtda ev almaq istəyənlərə konkret seysmik cəhətdən aktiv ərazilərlə bağlı məsləhətə gəlincə isə Q.Yetirmişli "Şəhər içində çətindir, nə qədər kənarda olsa yaxşıdır" deyə məsləhət verib .

Elnur Əzimov
AzNews.az