Təqvim

Mehman Rəsulov



Divardan təqvim asılıb. Üstündə yeni inşa edilmiş hündür mərtəbəli bina şəkilləri, altında evləri viran qalmış torpaqlarımızın işğal tarixləri. Kimi bu təqvimdən bazar günlərini axtarır, kimi bayramları, kimi doğum gününü, kimi ölüm gününü. Mən isə düşər-düşməzi olmayan, hansısa əlamətdar günə dəlalət etməyən, həqiqətləri anlamaq üçün, düşünmək üçün, başqa günləri anlamaq üçün asudə olan bir gün axtarıram.

Təqvimin qəbuluna düşmək istəyirəm. 31-dən birini mənə ayıra bilməyən, bir günü qırmızı, o biri günü qara, ala-bəzək, başı qarışıq təqvimin. İndiyə kimi bircə gününü belə qaytara, xatırlaya, saatlara doğraya bilmədiyim təqvimin vərəqini çevirməkdən başqa nə etdim ki? Bu günlərin hamısında yeməyə, içməyə, yatmağa, gəzməyə vaxt tapmışam. İşğal olunmuş torpaqlarımızı da tapdım, bayramlar, toylar arasında. Hasarı sökülmüş, saatına, dəqiqəsinə güllə sıxılmış, günü göy əskiyə bürünmüş "balaca" bir gün. Sonra gördüm ki, balaca bildiyim o günə, papaqçılıqla məşğul olan qonşumuz oğlunun böyük toyunu sığdıra bilib. Sonra bildim ki, məhəllədə çoxunun papağını o tikib. Sonra bildim ki, o papaqlar altında kişilər yatır. Sonra bildim ki, o kişilər həmin toyda əl açıb oynayıb. Heyf ki, mən bütün bunların hamısını SONRA bildim, sonra yazdım və siz də sonra oxudunuz. Kökdə dayanan son sözündən qorxduğum üçün sonraları artırmadım, çünki sonraya qalan işlərimizi yerləşdirməyə gün tapılmayacaq əvvəlcədən bron edilmiş təqvimdə.

Yol çəkən gözlərim də təqvimdən su içmir. Elə yollarımız kimi. Axı günü-günə calayan da gündə qaşıyıb, calayıb, ayırıb, birləşdirib, uzadıb,qısaltdığımız yollardı. Axı onların da gözü yağış suyunu içə bilmir.

Əgər içsəydi, küçələrimizdə göl yaranmazdı. Bir gün su boğazıma çatanda Nuhun gəmisinə 1 cüt gün yükləyəcəm. O günlərdən biri doğulduğum, biri isə öldüyüm gün olacaq. Onların izdivacından yenidən doğulanda təqvimi körpə uşaq kimi məsum, rəngsiz, iməkləyən görəcəm. Ağır, yüngül günlərə bölünməyən, sonrası peşmanlıq gətirməyən, üzə qırış atmayan, yola verilməyən bir təqvim görəcəm.

Bazar ertəsi idi. İdi ona görə ki, həmin gündə deyilik artıq. Bizim küncə sığınıb yazdım. Amma inciməyin bu küncdən...