- Köhnə - Cəmiyyət
- 22 İyul 2015 13:00
- 3 006
“Gənclərlə biznesin təşkili və inkişaf etdirilməsi” treninqləri keçirildi - Foto

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən “Gənclərlə biznesin təşkili və inkişafı” mövzusunda treninqlər keçirilib.
AzNews.az xəbər verir ki, Bakı və Gəncə şəhərlərində keçirilmiş treninqlərdə 9 Universitetdən 150 nəfər gənc, "Enactus Azərbaycan"ın yeni partnyoru "Best Friend Təhsil və Karyera Mərkəzi"nin direktoru Elvin Dadaşov, təlimə dəvət olunmuş psixoloq Orxan Həsənov və Enactus proqramının məzunları da iştrak ediblər.
"Gənclərlə biznesin təşkili və inkişafı" trenininqinin məqsədi tələbələrə biznes qurma qaydalarını, biznesin xırdalıqlarını, büdcə planlaşdırılmasını, bazarın analizi qaydalarını, özünə güvənin necə formalaşdırılmasını öyrətməkdən ibarət olub. Layihə təşkilatçıları düşünür ki, tələbələr arasında bu bilikləri təkmilləşdirməklə gələcəyin uğurlu biznesmenlərini formalaşdırmış olacaq.
Treninqdə iştirak edən gənclər təlimin I günü "Enactus" proqramı çərçivəsində fəaliyyətləri ilə bağlı sorğu vərəqələrini doldurublar. Daha sonra "Enactus" Azərbaycanın partnyoru Elvin Dadaşovun təqdimatında "Sürətli biznes" mövzusunda treninqdə iştirak ediblər. Bu treninqdə tələbələrə ənənəvi düşüncələrin hal - hazırki bazar iqtisadiyyatında işləmədiyi haqqında məlumat verilib, biznesdə mənfəət əldə etmək üçün və daha keyfiyyətli biznes qurmaq üçün dəyişikliklər etməyin vacibliyi, dəyişikliklərin daha çox maliyyə gətirməsi izah olunub. Həmçinin biznesmen düşüncəsinin necə formalaşdırılması haqqında danışılıb. Daha sonra "Auditoriya qarşısında çıxış" mövzusunda Elvin Dadaşov tərəfindən növbəti treninq keçirilib. Treninqdə özünə inam, mətni dəqiq öyrənmək, qorxuya qalib gəlmək, dinləyicilərdə maraq oyatmaq, auditoriyaya yox, auditoriya ilə danışmaq, mühüm punktları vurğulamaq, müqayisə aparmaq, maraqlı sonluq mövzularında müzakirələr aparılıb.
Təlimin II günü gənclərin "Enactus" mühakimə meyarlarını və qiymətləndirmə meyarlarını aydın şəkildə başa düşmələri üçün onlara həmin meyarların izahı verilib. İzahdan sonra isə gənclərə münsif qismində iştirak etmə fürsəti yaradılıb. Bunun üçün "Enactus" Azərbaycan X Milli Yarışında final liqaya keçmiş komandaların fəaliyyəti haqqında hazırlanmış video çarxlardan biri seçilib. Seçilmiş komandanın fəaliyyətini tələbələr "Enactus" mühakimə və qiymətləndirmə meyarları əsasında müstəqil şəkildə özləri qiymətləndiriblər. Bu isə onlara hər il keçirilən çempionatda münsifləri, həmçinin mühakimə meyarlarını başa düşməyə şərait yaradıb. Daha sonra isə tələbə "Stres menecment" mövzusunda treninq keçirilib. Tələbələrə stresin yaranma səbəbləri və onu dəf etmə yolları izah olunub.
III gün isə gənclərə "Enactus"un meyarları və onun elementləri mövzusunda treninq təşkil olunub. Həmin treninq əsasında onlar arasında sual-cavab mərhələsi təşkil olunub. Sual-cavab mərhələsində tələbələrə handbook üzrə suallar verilib və onların ümumi bilikləri yoxlanılıb. Daha sonra isə "Enactus"un bir ailə olduğunu tələbələrə bir daha xatırlatmaq üçün və tələbələrin tam bir ailə olmaları üçün onlarla müxtəlif növ oyunlar keçirilib.