- Köhnə - Cəmiyyət
- 22 İyul 2015 15:49
- 10 045
AZAL-ın endirim şərtləri - Əvvəlkindən baha uçacağıq

AZAL biletlərə 20 faiz qiymət endirimi ilə yanaşı bir sıra dəyişikliklər də edib. Belə ki, bundan sonra AZAL ilə xarici ölkəyə getmək istəyənlər 5 kilodan artıq əşya üçün əlavə ödəniş etməli olacaqlar. Həmçinin səyahət zamanı təyyarədə yemək ödənişli həyata keçiriləcək.
AzNews.az xəbər verir ki, bu barədə Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev sosial şəbəkədə yazıb.
"AZAL-ın endirilmli biletlərinin şərtləri:
Bakı-İstanbul-Bakı
1. Gediş-gəliş- 230 manat (əvvəl 330 idi).
2.Yalnız əl baqajı imkanı (5kq).
3. Əlavə baqaj üçün 50 manat ödəniş (iki tərəfə 100 manat).
4. Uçuş zamanı yemək verilmir. Daha doğrusu, pulsuz verilmir.
Nəticə etibarilə uğurumuz: Əvvəlki puldan daha artığı ödənilir, üstəgəl ac gedirik".
İqtisadçı ekspert Natiq Cəfərli isə AZAL-ın bu şərtlərini belə şərh edib:
"99 avroya satılan biletlərin qiyməti hər iki tərəfə manatla (bu günkü məzənnə ilə) 228 manat olacaq. 5 kq əl baqajı pulsuz olacaq, amma baqaja verəcəyiniz hər çamadana (çantaya) görə əlavə 50 avro ödəməli olacaqsınız ki, bu da indiki məzənnə ilə 55 manat edir. Əgər geri qayıdanda çamadanınızı kiməsə bağışlamadan Bakıya gətirmək istəyirsinizsə, yenə əlavə 55 manat ödəməli olacaqsınız. Yəni, gediş-dönüş bileti, üstəgəl 1 çamadan sizə 338 manata başa gələcək.
Əvvəl İstanbula 2-3 ay qabaq bilet alanda 240-250 manata tapmaq olurdu, indi guya, endirim ediblər, biletlər daha da bahalaşıb".