Azərbaycanda yeni televiziya yaradıldı

Milli Televiziya və Radio Şurası yeni televiziya kanalına və radioyaya lisenziya verib.

Şuradan AzNews.az-a verilən məlumata görə, qərar şuranın bu gün keçirilən iclasında qəbul olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı üçün, "CBC Sport" MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün, "CBC Sport" MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərarı qəbul edilib.

Eyni zamanda iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilmiş, dövlət yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilib.

Sevinc Yasinqızı
AzNews.az