Qoca qitənin adəti...

Elçin Mirzəbəyli


Və yaxud onlara olar, bizə yox

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi ifrat dərəcədə subyektiv və qərəzli qətnamə məhz elə Azərbaycanın özündə kimsəni təəccübləndirmədi...
Əgər parlament seçkiləri öncəsi Avropa Parlamentində ölkəmizlə bütün sahələr üzrə əməkdaşlığı genişləndirmək barədə təşəbbüslərin yer aldığı hər hansı bir sənəd qəbul edilsəydi, beynəlxalq təşkilatlara, Avropa İttifaqı ölkələrinə seçkilərə müşahidə missiyası göndərmək barədə çağırışlar səslənsəydi, o zaman bu, nəniki təəccüblü, hətta senssasiyalı fakt kimi qəbul olunardı.

Bu qətnamə bir daha sübuta yetirdi ki, Avropa İttifaqı və onun qanunverici orqanı olan Avropa Parlamenti üçün Azərbaycanda keçiriləcək parlament seçkiləri heç bir önəm kəsb etmir. Onları öz nüfuz müvəkkilləri vasitəsilə pay-puş etdikləri qarantlar, Azərbaycan xalqına təslimçilik ruhu aşılamaq üçün maliyyələşdirdikləri və təlimatlandırdıqları cəsus şəbəkəsi təmsilçilərinin taleyi daha çox maraqlandırır. Parlament seçkilərinin nəticələri ilə bağlı qətnamə isə çoxdan hazırdır və seçkidən dərhal sonra müəyyən redaktələrlə müzakirəyə çıxarılacaq. Şübhəsiz...
Bu yazıda qətnamənin bütün müddəalarına yer ayırmaq, onları ayrı-ayrılıqda şərh etmək niyyətində deyiləm. Ancaq bu qərəzli sənədin mahiyyətini açacaq və Azərbaycana qarşı tətbiq edilən ikili standartların iç üzünü ortaya çıxaracaq bir sıra məqamlara diqqət çəkmək istəyirəm:
Qətnamədə qeyd olunur ki, Azərbaycanda razılaşdırılmamış aksiyalara görə sərt cərimələr və digər inzibati cəzalar tətbiq olunur.
Bəs görəsən razılaşdırılmamış aksiyalara görə Avropa İttifaqı ölkələrində bu aksiyaların təşkilatçıları və iştirakçıları ilə necə davranırlar?

Deməli belə...

Böyük Britaniyada vətəndaşların sərbəst toplaşmaq hüququ "İctimai asayiş haqqında" qanunla tənzimlənir. Qanuna əsasən, kütləvi aksiyaların təşkilatçıları 6 gün öncə tədbirin keçiriləcəyi ərazinin polis orqanlarına müraciət etməli və müvafiq razılıq almalıdırlar. Müraciətdə tədbirin keçiriləcəyi vaxt, yer, hərəkət marşrutu, təşkilatçılar haqqında məlumatlar dəqiq şəkildə qeyd olunmalıdır. Böyük Britaniyada razılaşdırılmamış aksiyalara görə ən ağır cəza 10 il müddətinə həbsdir. Razılaşdırımamış aksiyalara görə cərimənin məbləği 5 000 avro təşkil edir. Eyni zamanda, razılaşdırılmamış aksiyaların təşkilatçıları və iştirakçıları hadisələrin gedişindən asılı olaraq (üzlərini qapatdıqlarına, polisə müqavimət göstərdiklərinə görə) 6 ay müddətinə həbs oluna bilərlər.

Bu ölkədə hətta razılaşdırılmış aksiyalara görə də cəza almaq mümkündür. Məsələn, əgər razılaşdırılmış aksiyanı bir neçə dəqiqə tez başlamağa, yaxud yürüşün marşrutunu azacıq dəyişdirməyə cəhd gösərərsənsə, o zaman ən yaxşı halda 1 000 avro cərimə ödəməli olacaqsan. Ən pis halda isə 3 ay həbsdə qalacaqsan.

Avropa İttifaqının difər nəhəngi Fransada isə vətəndaşların sərbəst toplaşmaq hüququ 1935-ci ildə qəbul edilmiş dekret-qanunla tənzimlənir. Razılaşdırılmamış aksiyaya görə 7500 avro cərimə, yaxud 6 ay müddətinə həbs cəzası nəzərdə tutulur.

Əgər razılaşdırılmamış aksiya zamanı ictimai asayiş pozularsa o zaman təşkilatçıları və asayişi pozan konkret şəxsləri 5 il müddətinə həbs cəzası, yaxud 75 000 avro cərimə gözləyir. Aksiyalar zamanı üzlərini gizlədən şəxslər üçün Fransada 45 000 avro cərimə, yaxud 3 il həbs cəzası nəzərdə tutulub.

Qeyd edim ki, Aİ üzvü olan digər ölkələrdəki vəziyyət bir o qədər də fərqli deyil. Bu səbəbdən də nümunələrin sayını artırmaqla vaxtınızı almayacağam.


Öz QHT-miz, öz...

Avropa Parlamentinin qətnaməsində yer alan "maraqlı" məqamlardan biri də Azərbaycanda "QHT-lərin fəliyyətinin yeni qəbul olunan qanunlarla məhdudlaşdırılması"dır. Yəni, qətnamə müəlliflərinə görə, Azərbaycanın QHT sektorunda onların arzu və istəklərinə uyğun olaraq xaos hökm sürməli, bu sahədə baş verənlərə, xüsusilə də onların əməkdaşlıq etdikləri QHT-lərin qanunsuz əməllərinə göz yumulmalı, onlardan hesabat və vergi ödənişləri tələb olunmamadır.

İndi isə QHT-lərlə bağlı bəzi Avropa Birliyi ölkələrinin qanunvericiliyinə və tətbiq olunan prosedurlara diqqət yetirək:
İsveçdə QHT-lər bütün digər hüquqi şəxslərlə eyni qaydada vergiyə cəlb olunurlar. Onlara hər hansı bir güzəşt tətbiq olunmur.

Fransada QHT-lər yalnız üzvlük haqqından əldə olunan gəlirlər və dövlətin ayırdığı vəsaitlər hesabına fəaliyyət göstərə bilərlər. Xarici donorların Fransa QHT-lərinə qrant ayırmasına yalnız bir halda icazə verilir: Bunun üçün müvafiq dövlət orqanının icazəsi olmalı, xaricdən ayrılan vəsaitlər züsusi nəzarət altında yalnız istiqaməti üzrə xərclənilməlidir. Əks təqdirdə QHT rəhbərləri və bu təşkilatların müşahidə şuralarının üzvləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Almaniyada QHT-lərin qeydə alınması, sadəcə cəhənnəm əzabıdır. Bu prosedurun başa çatdırılması üçün saysız-hesabsız sənədlər tələb olunur və proses məhkəmələr vasitəsilə həyata keçirilir.

Avropa İttifaqının üzvü olan ölkələrin əksəriyyətində QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktları arasında bənzərlik olduğu üçün, digər nümunələrə müraciət etməyəcəyəm. Bu qanunvericilik aktlarının ümumi mahiyyəti ondan ibarətdir ki, aldığın hər qəpiyə görə hesbat verməli və vergi ödəməlisən.

Faydalı cəsuslar

Qətnamədə diqqət çəkən daha 2 məqam var:

1. Şübhə doğuran qrant layihələrinin həyata keçirilməsinə icazə verilməməsi
2. Leyla və Arif Yunusların Azərbaycan və Ermənistan cəmiyyətlərini yaxınlaşdırmaq istiqamətində "faydalı fəaliyyətləri"nin yarımçıq qalması

Daha öncə də qeyd etdiyim kimi, QHT-lərə xaricdən maliyyə vəsaitlərinin ayrılmasına Avropa İttifaqı ölkələrində də məhdudiyyətlər tətbiq olunur. Konkret olaraq Fransada bunun üçün müvafiq dövlət qurumundan icazə alınmalı və hətta icazə alındığı təqdirdə belə layihələrin icrası həmin dövlət qurumunun nəzarəti altında həyata keçirilməlidir.
Ola bilsin ki, Leyla və Arif Yunusun fəaliyyəti qətnamə müəllifləri və onları istiqamətləndirən erməni diasporu üçün faydalıdır. Amma torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanda belə fəaliyyətin adına cəsusluq deyilir.

Bu qədər...

P.S. Mənzərə göz qabağındadır. Onlara olar, bizə yox. Mən bu qətnamədən sonra qoca qitə haqqında söylənilən ən sərt epiteti belə yumşaq hesab edirəm.
Yəni, qoca... Lənət şeytana. Hər halda biz azərbaycanlıyıq və yaşlılara sayğı ilə yanaşmaq kimi bir adətimiz var. Bir qətnaməyə görə, adətimizi dəyişən deyilik. Hər halda, qoca... öz adətini dəyişsə daha yaxşı olar. Artıq üzünə baxan da yoxdu...