Şimali Koreyada parlament üzvlərinin əksəriyyəti dəyişdi: Kim Çen 99,93 % səslə yenidən prezident oldu

Şimali Koreyada keçirilən parlament seçkilərində Kim Çen In rekord faizlə - 99,93% səslə yenidən prezident seçilib. Ona səs verməyən 0,07% əleyhdarların kimlərdən ibarət olması isə hələ də sirr olaraq qalır. Səsvermənin açıq olduğu bir ölkədə 0,07% əleyhdar səsləri "süni müxalifət" imici yaratmaq məqsədi daşıdığı düşünülür.

AzNews.az xəbər verir ki, Şimali Koreyada keçirilən parlament seçkilərində hakim Koreya İşçi Partiyası və müttəfiqləri səslərin 99,93%-ni qazanıb. Rəsmi nəticələrə görə, hakim Koreya İşçi Partiyası və müttəfiqləri Ali Xalq Məclisindəki 687 yerin hamısını tutublar.

Seçki nəticələrinin ən diqqət çəkən aspektlərindən biri parlamentdə kadr dəyişiklikləri olub. Millət vəkillərinin 70 faizindən çoxunun yeni adlar olması administrasiya daxilində əhəmiyyətli bir yenidənqurma prosesinin olduğunu göstərir.

Şimali Koreyanın siyasi sistemi faktiki olaraq təkpartiyalı hakimiyyətə əsaslanır. Ölkədə müxtəlif partiyalar olsa da, onlar hakim alyansın nəzarəti altında fəaliyyət göstərir və real rəqabət yoxdur.

Namizədlər dövlət tərəfindən seçilir və seçicilərə hər seçki dairəsində yalnız bir namizəd təqdim olunur . Bu, seçkilərin klassik seçim prosesi kimi deyil, mövcud administrasiyanın qərarlarını təsdiqləmək mexanizmi kimi fəaliyyət göstərdiyini göstərir.

AzNews.az