- Köhnə - Cəmiyyət
- 22 Oktyabr 2012 09:53
- 3 534
Pomidor qırmızılığı
Əziz Rzazadə
O gün kriminal xronikada bir xəbər oxudum. Yol qəzası haqda. Lap sonda bildim ki, ölən qadın, sən demə... müğənni imiş.
Ölümündən sonra tanınan müğənni!
Ya da ölümü ilə müğənniliyi bilinən qadın...
Gülər Əhmədova diri ikən bir qalmaqallı video çarxla həm vasitəçi, aradüzəldən, həm də "Qaynana" kimi tanındı. Üstəlik, "Qaynana"ya yaraşacaq bu şah kəlməsi ilə: "Ağzımı açdırmayın!.."
Sağlığında faş olan mənfi şöhrət. Ölənə qədər xərclə!
İntəhası...
Hələ fani həyatda olan bir başqa qadının, müğənniliyi ilə daha çox tanınan Mətanət İsgəndərlinin adı da "qara siyahı"da gəzir. ABU-nun keçmiş rektorunun qardaşı Mahir Abdullayevin oğurlanması işi üzrə. Elşad Abdullayevin hədəf olaraq göstərdiyi ağbənizli Mətanət İsgəndərli rəngi ağarmış ölü kimi susur.
Nə vaxta qədər?
Onun kimi Sevinc Babayevadan da səs-soraq yoxdur. Sonuncu dəfə nə vaxt iş yerinə gəldiyi heç xatırlanmır. Bundan sonra xatırlamağa da dəyməz. Bizim kimi anasından xəbərsiz oğlu Sevinc Babayevanın köhnə iş yerinə gəlib, əşyaları götürüb gedib...
Can yetim!..
Amma əsl ciddi məsələ "Lider" telekanalında yayımlanan "Deyişmə-3" aşıq müsabiqəsinin münsiflər heyətinin üzvü Aşıq Telli ilə şair Alqayıtın arasında baş verən qalmaqaldır. Yəni birincinin – Aşıq Tellinin ikincini – şair Alqayıtı öpməməsi. "Mən onun cavabını bir başa efirdən verəcəm. Onda biləcək ki, Aşıq Tellini aparıcılıqdan qovan hələ anasından olmayıb!.."
Bir bu sözü oxuyanda diksindim, bir də əvvəllər, adətən, bu vaxtlar bazarda peyda olan Xaçmaz pomidoruna bənzər qırmızı yanaqlı aşığın fotosuna baxan da.
Pomidora qırmızılıqla yanaşı, bəlkə də daha çox su gərəkdir. Üzə də.
Ürpəntimi adladıqdan sonra Jurnalistlər İttifaqının mərhum sədri Hacı Hacıyevin danışdığı bir əhvalat yadıma düşdü. Rəhmətlik demişdi ki: "Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra, 20-ci illərin ortalarında qadınların qurultayı keçirilməliymiş. Yenilikçi qadınlar fəxri qonaqlar sırasına Mirzə Cəlili (Məmmədquluzadə) də daxil edirlər. "Mirzə, siz dini xurafat və mövhumatdan zillət çəkən Şərq qadınının azadlığı, hürrəyyəti üçün çox zəhmət çəkmisiniz, dəvət bizdən, buyurub gəlin". Qurultay günü alovlu inqilabi çıxışlarla kürsüyə sirə gərən Azərbaycan qadınları bir-bir çadralarını çıxarıb atır.
Qarşılaşdığı mənzərədən karıxmış Mirzə Cəlili sonda çıxış üçün kürsüyə dəvət edirlər. "Buyur, Mirzə, artıq məsud və bəxtiyar Şərq qadınına xeyir-dua ver".
Mirzə Cəlil tribunaya çıxır, zala baxır, köksünü ötürür və bircə cümlə deyir: "Allah Azərbaycan qadınına Kərbəla müsibətini qismət eləsin!.."
...Hə, bu arada deyim, "Keçəl və Şah Əlinin qızı" nağılının tam ortasındayam...