Elton Məmmədov: “Ziya Məmmədov “vurulur” sözlərində...”

“Hər bir Azərbaycan vətəndaşı kimi Ziya Məmmədovun da konstitusion hüququ var və o, hazırda əmək məzuniyyətindədir”.

AzNews.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovla bağlı mətbuatın yaydığı xəbərələrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, mətbuat nəqliyyat naziri Ziya Məmmədovun "vurulması" ifadəsini işlədərkən diqqət etməlidir.

"Hər bir insan hansısa vəzifəyə təyin də oluna bilər, vəzifədən çıxarıla da bilər. Ziya Məmmədov bu gün vəzifəsindədir və cənab prezidentin ətrafında sədaqətlə xidmət edən nazirlərdəndir. Kim vurulur? Ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə kimsə müdaxilə edə bilər? Ədalətli olun, həqiqəti yazın. Ziya Məmmədovun bütün Azərbaycan vətəndaşları kimi konstitusion hüququ var. O, indi əmək məzuniyyətindədir, Ziya müəllimin də istirahət hüququ var".

Elton Məmmədov bəzi qurumların Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasının mətbuatda geniş müzakirə olunmasına da etiraz edib və qəzəbini gizlətməyib:

"Burada nə problem var ki? Ay nə bilim filan şey ayrıldı, filan qurum çıxarıldı... Bu saat elə müvafiq icra hakimiyyətləri var ki, bütün operatorları qıraqda müəyyənləşdirir, özü mərkəzi müvafiq icra hakimiyyəti olaraq nazir paketini özündə saxlayır. Bu tədbirlər dövlətin, infrastrukturların, idarəetmə sisteminin təkmilləşməsidir. Buna jurnalistikanın müdaxiləsi yersizdir. Yersiz, bilmədən, müəyyən lazımsız ifadələri işlətməklə ictimai-siyasi sabitliyi pozmağa çalışmayın! Belə şeylər etməməyi tövsiyyə edirəm!".