Azərbaycan İnternet Forumu noyabrın 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində yaranan problemlə bağlı məlumat yayıb. Azərbaycan İnternet Forumu noyabrın 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində yaranan problemlə bağlı məlumat yayıb.

“Dünən baş verənlər informasiya təhlükəsizliyi üçün ciddi problemdir” - AİF

Azərbaycan İnternet Forumu noyabrın 16-da bütün ölkə ərazisində internet təchizatı sahəsində yaranan problemlə bağlı məlumat yayıb.


Forumdan AzNews.az-a daxil olan məlumata görə, ölkə ərazisinin böyük bir hissəsində 6 saat müddətində internet olmayıb: "Bu müddət ərzində daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, internet media qurumlarının, bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb. İnternet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən Delta Telekom şirkətində baş verən yanğınla bağlı olub. Yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Hazırda hüquq mühafizə orqanlarının bununla bağlı təhqiqat apardığı bildirilir".

Məlumatda qeyd olunub ki, baş verən hadisə, uzun müddət ölkənin qlobal dünyadan ayrılması, infromasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.

AİF bildirir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir: "Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir".

Forum dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib hesab edir. Bu halın bir daha təkrarlanmaması üçün forum ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır. AİF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir.

AzNews.az