- Müşahidə məntəqəsi
- 22:28
- 2 037
"Plastik tullantılar ən ciddi ekoloji problemlərdən birinə çevrilib" — Sadiq Həsənov
"Plastik tullantılar bu gün Azərbaycanda və ümumilikdə dünyada ən ciddi ekoloji problemlərdən biridir. Məsələn, 1960-cı illərdə plastik tullantıların ümumi məişət tullantıları içində payı olduqca aşağı idi. Sonrakı onilliklərdə isə plastik istehsalının və istifadəsinin sürətli artması nəticəsində bu göstərici əhəmiyyətli dərəcədə yüksəlib və hazırda bir çox qiymətləndirmələrə görə 10–20 faiz aralığında dəyişir. Plastikin karbon və hidrogen əsaslı mürəkkəb polimer quruluşa malik olması onun təbiətdə çətin parçalanmasına səbəb olur. Bu materiallar onilliklər, hətta yüzilliklər ərzində təbiətdə qalaraq demək olar ki, parçalanmır. Torpaqda, suda, çaylarda və atmosferdə mövcud olsa da, təbii çevrilmə proseslərinə məruz qalmır və bu da ciddi ekoloji problem yaradır".
Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, son illərdə plastik tullantıların sürətlə artması ətraf mühit üçün ən ciddi problemlərdən birinə çevrilib. Xüsusilə birdəfəlik istifadə olunan plastik məhsulların geniş yayılması torpağın, su hövzələrinin və ekosistemlərin çirklənməsinə səbəb olur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, plastik tullantılar təbiətdə yüz illərlə parçalanmadan qala bilir və bu da həm canlı aləmə, həm də insan sağlamlığına mənfi təsir göstərir. Bir çox ölkələr artıq birdəfəlik plastiklərin istifadəsini məhdudlaşdırmağa çalışsa da, bu prosesin nə dərəcədə effektiv olduğu və cəmiyyətin belə dəyişikliklərə hazır olub-olmaması müzakirə mövzusu olaraq qalır.
Ekoloqun sözlərinə görə, xüsusilə bir dəfəlik plastik qablar və torbalar bu çirklənmənin əsas mənbələrindən biri hesab olunur.
"Azərbaycanda 2020-ci ildə Nazirlər Kabinetinin qərarı ilə marketlərdə plastik torbalar ödənişli edilib. İlkin mərhələdə bu addım müəyyən effekt versə də, sonradan nəzarətin zəifləməsi və bəzi sahələrin əhatə olunmaması səbəbindən əvvəlki vəziyyət qismən bərpa olunub. Məlumatlara görə, illik plastik torba və qab istehsalı təxminən 20 min tona çatır. Bu, kiçik rəqəm deyil və ciddi problem yaradır. Beynəlxalq təcrübədə isə bir çox ölkələrdə plastik torbalar ödənişli edilib və ya qadağan olunub, nəticədə əhali parça və kağız torbalara keçid edib və plastik istifadəsi əhəmiyyətli dərəcədə azalıb. Azərbaycanda da alternativlər mövcuddur, lakin onların geniş yayılmamasının səbəbləri arasında maarifləndirmənin zəifliyi və alternativ məhsulların kifayət qədər əlçatan olmaması göstərilir. Nəticədə proses yarımçıq qalıb və gözlənilən effekt tam əldə olunmayıb. Plastik tullantıların azaldılması üçün həm alternativlərin təşviqi, həm də plastik torbaların qiymət və istifadə məhdudiyyətlərinin daha sərt tətbiqi vacibdir. Bu istiqamətdə kompleks tədbirlər görülərsə, problemin miqyasını azaltmaq mümkündür".
Rəfiqə Namazəliyeva,
AzNews.az