Emin Leyla Əliyeva və balaca Əminə barədə: “Biz böyük bir ailəyik”

Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın “7days.ru” saytına müsahibə verib.


AzNews.az xəbər verir ki, ifaçı müsahibəsində keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva barədə danışıb.

"Biz ayrılmışıq, lakin bu Leyla ilə yad insanlar olmağımız demək deyil. Bizim hələ də gözəl münasibətimiz var və bunu heç vaxt pozmaq olmaz. İlk növbədə biz valideynik. Oğullarımız Əli və Mikayıl həyatımızda birinci yer tutur. Status olaraq biz ayrılmışıq. Lakin bununla yanaşı Leyla ilə mən, uşaqlarımız, nənələr və babalardan ibarət böyük ailəyik".

Emin Leyla Əliyevanın bu yaxınlarda övladlığa götürdüyü qızı Əminəni də öz doğma övladı kimi qəbul etdiyini dilə gətirib: "Əminə 1 yaş 5 aylıqdır, çox kiçikdir. Buna baxmayaraq o, Leyla üçün, hər iki tərəfdən nənələr və babalar üçün, uşaqlar və mənim üçün böyük xoşbəxtlikdir. Evdə kiçik uşaq gözəldir. Əminə oğlanlarımı qovur, onların konstruktorlarını dağıdır. Oğlanlar Əminə ilə bacara bilmirlər, lakin onu incitməkdən qorxurlar. Böyüklər onu qoruyurlar: o, qızdır axı! Oğlanlarımız da küsürlər: "Ata sən gərək bunu dayandırasan. O, bizim bütün oyuncaqlarımızı qırdı. Ona ayıb deyil?!" Mən isə izah edirəm: "Siz balaca olanda mənim bütün oyuncaqlarımı qırırdınız. Mən ki sizə qışqırmırdım, səbr edirdim. Siz də başa düşməlisiniz ki, o balacadır".

Çox məşğul olmasına baxmayaraq Emin uşaqlarla daha çox vaxt keçirmək üçün əlindən gələni etdiyini bildirib: "Mən hər 7-10 gündə Bakıya – onların yanına getməyə çalışıram. Gələn həftə isə oğlanlarım Moskvaya gələcəklər. Əminə isə hələ gəlməyəcək. O, ciddi uçuşlar üçün hələ çox balacadır. Əminə bir az da böyüməlidir. Sonra o da Əlişka və Mika ilə mənim yanıma gələcək. Oğlanları isə mən işə, məşqlərə və görüşlərə aparıram ki, həmişə yanımda olsunlar".

Aydan AXUNDOVA
AzNews.az