Xiaomi daha iki smartfonunu hazırlayır

Hər iki smartfon modelinin fevral ayında satışa çıxacağı güman edilir.

Bir neçə müddət bundan öncə “Xiaomişirkəti Redmi brendinin ilk smartfon modeli Note 7-ni təqdim etmişdi. Lakin şirkət bununla kifayətlənmək niyyətində deyil.

AzNews.az xəbər verir ki, Mysmartprice saytının mənbələrinin verdikləri məlumatlara əsasən yaxın zamanda Hindistanda sözügedən brendin daha 2 smartfon modeli satışa çıxacaq. Onlardan biri Redmi Note 7 Pro, ikincisi isə büdcəli Redmi Go modeli olacaq.

Çox güman ki, Redmi Go sözügedən brendin ən ucuz smartfon modeli olacaq və Android Pie (Go Edition) əməliyyat sistemi vasitəsilə çalışacaq. Bu, aşağı texniki göstəricili smartfonlar üçün nəzərdə tutulmuş xüsusi əməliyyat sistemi versiyasıdır. Bundan əlavə olaraq məlumata əsasən Redmi Go modeli 5.9 düym ekrana sahib olacaq. Nəzərə alsaq ki, Redmi Note 7-nin qiyməti 150$-dır, çox güman ki, Redmi Go-nun qiyməti 100$-dan aşağı olacaq.

Redmi Note 7 Pro-ya gəldikdə isə onun varlığı barəsində məlumat hələ Redmi Note 7-nin təqdimatında yayılmışdı. Belə ki, Redmi Note 7 Pro modeli Redmi Note 7-nin bir qədər təkmilləşdirilmiş versiyası olacaq. Smartfon Snapdragon 675 prosessoru və Sony IMX586 matrisalı 48 MP-lik arxa kamera ilə təchiz olunacaq. Hər iki smartfon modelinin fevral ayında satışa çıxacağı güman edilir.

Qeyd etmək lazımdır ki, Redmi Note 7-yə tələbat çox yüksəkdir. Belə ki, 100.000 cihazdan ibarət ilk Redmi Note 7 tirajı 8 dəqiqə ərzində satılıb. Bu cür templə Xiaomi şirkəti bu ayın sonuna kimi 1 milyon Redmi Note 7 smartfonu satmağı planlaşdırır. (technote.az)

Səidə Nurməmmədli

AzNews.az