Leninin iki portreti 140 min funt-sterlinqə satıldı

Leninin hər iki portretini rəssam ölümündən bir qədər əvvəl çəkib.

Amerikalı rəssam Endi Uorholun Vladimir İliç Leninin 1987-ci ildə çəkdiyi iki portreti Londonun “Phillips” hərracında müvafiq olaraq 81 və 60 min funt-sterlinqə satılıb.

Bu barədə məlumat satış evinin saytında yerləşdirilib. “Qırmızı Lenin” və “Lenin” adlı rəsm əsərləri ilkin qiymətləndirilən məbləğdən xeyli baha satılıb. Leninin hər iki portretini rəssam ölümündən bir qədər əvvəl çəkib.

Sovet dövlətinin banisinin portretlərindən əlavə, Uorholun “Bethoven” (1987) və “Səbəbsiz üsyankar” (1985) rəsm əsərləri də öz alıcısını tapıb.

Satış evində, həmçinin Pablo Pikasso, Anri Mattiss, Demien Hörst və Benksinin əsərləri də nümayiş edilib. Hərracda satılan ən bahalı lot isə yaponiyalı rəssam Yayoi Kusamanın 10 rəngli applikasiyasından ibarət dəsti olub. Alıcı ona 200 min funt-sterlinq ödəyib.(AZƏRTAC)

© AzNews.az