Dənizkənarı bulvar: yüz on yaşlı istirahət məkanı - FOTO

M.H.Hacınski tərəfindən Bakı şəhər Dumasının iclasında Dənizkənarı bulvarın salınması məsələsinin müzakirəyə çıxarılması bulvarın yaradılmasına böyük təkan verdi

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı bulvarın adı iftixar hissi ilə çəkilir. Bu il yaranmasından yüz on il ötən Bakı bulvarında Qərb və Şərqin çoxəsrlik memarlıq, landşaft mədəniyyətlərinin sintezi duyulur, Azərbaycanın keçmişi və müasirliyi spesifik ahəngdarlıqla uzlaşır. Bakı bulvarı özünün yüksək inkişaf səviyyəsinə görə dünyanın ən müasir dənizkənarı parklarından biridir. Paytaxtın gözəllik rəmzlərindən sayılan Dənizkənarı bulvar yerli sakinlər və qonaqların mənalı istirahətinin təmin edən əvəzolunmaz guşədir.

Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın 110 yaşlı Bakı bulvarına həsr etdiyi yazısını sizə təqdim edirik:

Sahil boyunca uzanan füsunkar gözəlliyə malik olan Dənizkənarı bulvar Bakı şəhərini dünyanın müasir şəhərlərindən fərqləndirən əsas səbəblərdən biridir. Vaxtılə bu məkana yüksək qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Bakı bulvarının əhəmiyyətini nəzərə alan Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzalayıb. Məhz bu Fərmandan sonra Dənizkənarı bulvar yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Hazırda Bakı bulvarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində inanılmaz dərəcədə dəyişib. Ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf Bakı şəhərinin memarlıq baxımından görünüşünə və eyni zamanda Dənizkənarı Milli Parkın inkişafına da öz təsirini göstərib. Dövlət başçısının tapşırığı ilə Dənizkənarı Milli Parkda aparılan yenidənqurma və abadlıq işlərinin nəticəsində onun ərazisi sahilboyu uzadılaraq 16 kilometrə çatdırılıb, burada yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılıb.

“Bulvar” sözü fransız mənşəlidir və sahil boyunca “gəzinti zolağı” anlamını verir. Lakin əvvəllər “bulvar” kəlməsi “dairəvi müdafiə istehkamı”, “qala” mənasını daşıyırdı. İlk belə bulvarı ingilislər 1428-ci ildə Orlean şəhərinin mühasirəsi zamanı yaradıblar. Həmin dövrdə də holland mənşəli “bolwerg” kəlməsi “dairəvi qala divarları” - şəhər ətrafında tikilən müdafiə tikilisini bildirirdi. Müasir yozumunu bu söz XVII əsrin sonunda, Fransa kralı XIV Lüdovikin sayəsində qazanıb. Onun fərmanı ilə istehkam qurğularının yerində gəzinti üçün yaşıllıq zolağı salınıb.

Bakı bulvarının yaranma tarixi XX əsrin əvvəllərindən - 1909-cu ildən başlayır. Məhz yüz on il əvvəl Xəzərin Bakı sahili və o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi arasında yaşıllıq zolağı – bulvar salınıb. Bulvar böyük inkişaf yolunu keçib. 1859-su ildə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində quberniya mərkəzinin Bakıya köçürülməsi şəhərin yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Qeyd etmək lazımdır ki, Bakı bulvarının salınması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı məsələ idi. Bu ərazidə tikinti işlərinin başlanması XIX əsrin ikinci yarısına təsadüf edir. Sahil zolağında ilk mühəndis işləri azərbaycanlı memar Qasım bəy Hacıbababəyov tərəfindən aparılıb. O, 1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi haqqında layihə tərtib edib. Burada 1867-ci ildə su kəməri çəkilib, fəvvarə və digər tikililər də inşa edilib. 1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi, general-leytenant M.P.Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran köhnə qala divarının sökülməsinə görə icazə verilir. Qala divarının daşları dənizkənarı sahilin və sahil boyunca yeni evlərin tikintisinə istifadə olunub.

Neft sənayesinin inkişafı nəticəsində Bakı böyük ticarət limanına çevrilir. Bakı limanı Rusiya imperiyasının ən böyük limanlar sırasına daxil idi. Burada yük və sərnişin daşımaları həyata keçirilirdi. O zaman iqtisadi məqsədlər üçün istifadə olunan ensiz sahil zolağında yerləşən müxtəlif körpülər və anbarlar buranı tamamilə baxımsız, yararsız vəziyyətə salmışdı. Sahil zolağı iki hissəyə ayrılırdı: qərbdə Aleksandrovski, şərq istiqamətində isə Petrovski sahili. Belə bir vəziyyət vahid sahil küçəsinin salınmasına məhdudiyyət yaradırdı. Eyni zamanda, şəhər əhalisinin dənizə çıxışına da əngəl olurdu.

Bakı şəhərinin inkişafı, əhali sayının artması, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi, qala divarları söküldükdən sonra şəhərin sahilə doğru genişlənməsi sahil zolağının formalaşmasına, ümumiyyətlə, paytaxt şəhərinin ümumi görünüşünün daha da inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə zərurət yaratmışdı. XIX əsrin sonunda sahil zolağının nizamlanmasına dair müxtəlif layihələr hazırlanıb.

1897-ci ildə Şəhər İdarəsi Petrovski və Aleksandrovski küçələrinin nizamlanmasına dair təkliflərini Bakı şəhər Dumasının plan komissiyasına təqdim etdi. Təqdim olunan layihədə Qara Şəhərdən Mixaylovski küçəsinə qədər daş səddin tikilməsi və 30 metr enində sahil zolağının çəkilməsi təklif olunurdu. Plan komissiyası şəhərin gözəllik, həm də hərəkət sərbəstliyinin təmin edilməsi baxımından nəzərdə tutulan sahilin 50 metr civarında müəyyən edilməsinə qərar verir. Lakin sahil zolağında müəyyən işlər aparılsa da, çoxsaylı körpülərin və anbarların olması vahid sahil küçəsinin yaradılmasına mane olurdu. Burada aparılan abadlaşdırma işləri heç bir nəticə vermirdi. Şəhərin dəniz fasadı, demək olar ki yaradılmamışdı.

1898-ci ildə Bakı şəhərinin ilk Baş planı mülki mühəndis N.Fon der Nonne tərəfindən tərtib edilib. O, plan komissiyasının sahil küçəsini Dadaşovun dokundan Qara şəhərə qədər uzadılması təkliflərini nəzərə alıb. Lakin sahil zolağında özəl şirkətlərə məxsus körpülərin yerləşməsi səbəbindən o yalnız bu ərazinin boş hissəsini genişləndirilməsi və burada bulvarın salınmasını təklif edib. Beləliklə, Fon Der Nonnenin planında Dənizkənarı sahilin nizama salınması ilə bağlı məsələ özəl şirkətlərin maraqları ilə toqquşduğuna görə öz həllini tapmayıb.

Sahil ərazisində yaşıllığın salınması bu ərazinin bulvar şəklinə salınması üçün mühüm rol oynayırdı. Qeyd etmək lazımdır ki, şəhər hakimiyyəti Bakıda bağ və parkların kifayət qədər olmadığı üçün sahil boyunca yaşıllıq bağının yaradılmasına böyük önəm verirdi. Bulvarın salınması ilə bağlı məsələ 1902-ci il avqustun 12-də Bağ Komissiyasının iclasında müzakirə olunub. Bu iclasda dənizkənarı sahilin nizamlanmış hissəsində şəhər bağından “Qafqaz və Merkuri” cəmiyyətinin binalarına qədər bağın salınması nəzərdə tutulurdu. Bununla bağlı mühəndis K.B.Skureviç və şəhər bağbanı A.E.Vasilyev sahildə bağın salınması və burada güllərin və ağacların əkilməsi ilə bağlı layihə təqdim ediblər. Bu layihəyə əsasən güllərin salınması və ağacların əkilməsi sahil zolağının yalnız geniş hissəsində nəzərdə tutulurdu. Bu məqsədlə dənizkənarı sahilin bir hissəsinə münbit torpağın tökülməsi, sahilin nizamlanmış hissəsində isə arabaların hərəkəti və yüklərin daşınması üçün sahil boyunca yeni bir küçənin salınması təklif olunurdu. Tikinti komissiyası bulvarın salınması ilə bağlı məsələnin müzakirəsi zamanı yüklərin daşınması üçün sahil küçəsinə “Qafqaz və Merkuri” şirkəti və Daş körpü istiqamətindən iki çıxışın ayrılmasını təklif edib. Bundan əlavə, şəhər sakinlərinin gəzintisinin rahatlığı üçün bulvarda iki xiyabanın salınmasına qərar verildi. Şəhər İdarəsinin və Bağ komissiyasının növbəti iclasında şəhər bağbanı A.E.Vasilyev sahil zolağında yaşıllığın salınmasına dair ətraflı təkliflərini təqdim edir. Onun tərəfindən yerli iqlimin xüsusiyyətləri nəzərə alınaraq xeyli ağac və kol əkilmişdi. Maliyyənin ayrılmaması və təbii səbəblərdən – daimi əsən külək, su qıtlığı və s. yaşıllıq sahəsinin ömrü çox olmamışdı. Beləliklə, bulvarın salınması Bakı Şəhər Duması tərəfindən dəfələrlə müzakirə olunsa da, təqdim olunan layihələrin maliyyələşdirilməməsi ucbatından məsələ öz həllini tapmırdı.

Bu istiqamətdə işlər yalnız 1909-cu ildə Bakı Şəhər İdarəsinin tikinti şöbəsinin rəhbəri olmuş, istedadlı təşkilatçı Məhəmməd Həsən Hacınskinin zamanında həyata keçib. Rusiyada təhsil almış M.H.Hacınski Bakı Şəhər İdarəsində fəaliyyəti dövründə şəhərin abadlaşdırılması və yenidən qurulmasında bilavasitə iştirak edib. O, Bakının ən məşhur abidələrindən biri olan Şirvanşahlar sarayının qorunması və bərpasında da mühüm işlər görüb. Bu dövrdə maarifpərvər, vətənpərvər, Avropa təhsili almış ziyalıların yetişməsi və onların doğma şəhərini daha da inkişaf etdirmək və gözəlləşdirmək arzusu Bakı bulvarının salınmasında əsas rol oynayıb.

1909-cu il aprelin 7-də Məhəmməd Həsən Hacınski Bakı Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Onun bu iclasda qətiyyətli çıxışı dənizkənarı bulvarın salınması məsələsində əhəmiyyətli rol oynadı. Həmin məruzə 1909-cu il aprelin 9-da “Kaspi” və “Bakı” qəzetlərinin 77-ci nömrələrində çap olunur. M.H.Hacınski məruzəsində Aleksandr sahil küçəsində bulvarın salınması haqqında tikinti komissiyasının müzakirəsinin nəticələrini diqqətə çatdırır və əhali üçün yeni bulvarın salınmasının vacib olduğunu sübut edir. O, çıxışında şəhərdə olan Mixayloviski bağının şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün azlıq etdiyini və bu məqsədlə geniş bir yerin ayrılmasının zəruriliyini qeyd edir və yeni salınacaq dənizkənarı bulvarın şəhər büdcəsinə ayda 4-6 min rubl mənfəət gətirəcəyi fikri ilə bu layihənin iqtisadi cəhətdən sərfəli olduğunu vurğulayırdı. Bakı Şəhər İdarəsi Bakı şəhər Dumasına bulvar üçün Daş körpüdən Aleksandrovski çimərliyinə kimi torpaq ərazisinin ayrılmasını və bulvarın salınması üçün smeta xərclərinin təsdiq olunmasını təklif edirdi. Nəticədə Bakı şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq bu layihənin icrasına 10 min rubl vəsait ayırır və onun saxlanması üçün illik 2500 rubl vəsaitin ayrılmasını təklif edir. Şəhər İdarəsi ümid edirdi ki, sərf olunan maliyyə xərcləri bulvar ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə öz həllini tapacaq. M.H.Hacınskinin bu məruzəsi Duma tərəfindən yüksək razılıqla qarşılanır və Şəhər İdarəsinə bu layihənin tezliklə həyata keçirilməsi tövsiyə olunur. M.H.Hacınskinin layihəsi bulvarın salınmasına maliyyənin ayrılmasına dair ilk sənəd idi.

Beləliklə, M.H.Hacınski tərəfindən Bakı şəhər Dumasının iclasında Dənizkənarı bulvarın salınması məsələsinin müzakirəyə çıxarılması bulvarın yaradılmasına böyük təkan verdi. Bakı şəhər Dumasının növbəti iclaslarında Dənizkənarı bulvarın tədricən genişləndirilməsi müzakirə olunurdu. 1909-cu ildə bulvarın artıq üçdə bir hissəsi hazır idi: “Daş körpü”dən Gömrük körpüsünə (indiki Azneft meydanından Bulvar idman klubunun binasına kimi) qədər ərazidə bulvarın salınması ilə bağlı işlər tamamlanmışdı. Bulvarın “Qafqaz və Merkuri” şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına kimi) qədər ərazinin uzadılması isə 1910-cu ildə baş verdi.

Yuxarıda göstərilən tarixi faktlar Dənizkənarı bulvarın və eyni zamanda Bakı şəhərinin memarlıq baxımından quruculuq, inkişaf tarixinin öyrənilməsində mühüm rol oynayacaq. (Azərtac)

image description image description image description image description image description image description image description image description