Hər il 12 milyon qız uşağı erkən nikaha daxil olur

Erkən nikaha təkcə qızlar deyil, eyni zamanda oğlan uşaqları da məcbur edilir

Maddi çətinlik, humanitar böhranlar, əsrlərdən bəri davam edən adət-ənənələr və maariflənmə səviyyəsinin yetərincə olmaması hazırda dünyanın bir çox bölgələrində erkən nikahların sayını artırır. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il yaşı 18-dən aşağı olan 12 milyon qız uşağı erkən nikaha daxil olur.

Erkən nikahların səviyyəsinə görə Cənubi Asiya və Afrika ölkələri öndə getsələr də, bu bəlaya dünyanın inkişaf etmiş ölkələrində də rast gəlinir. BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına görə, erkən nikaha təkcə qızlar deyil, eyni zamanda oğlan uşaqları da məcbur edilir. Sözsüz ki, qızların proporsional şəkildə çoxluq təşkil etdiyi bu siyahıda təşkilat uşaqların nikaha könüllü və ya məcburi şəkildə daxil olması arasında ciddi fərq görmür. Çünki 18 yaşadək nikahın uşaq haqlarına zidd olduğuna görə, təşkilatın açıqlamasında könüllülük əsasında baş tutan erkən nikahlar da problemli hesab olunur.

UNİCEF-in məlumatına görə, hazırda dünyada 650 milyon qız və 115 milyon oğlan uşağı üçün erkən nikah həyatın sərt reallığını təşkil edir. Son on ildə dünyada erkən nikahların sayı 15 faiz azalsa da, bir çox regionların rəsmi statistikadan kənarda qalması qlobal problemin həllini çətinləşdirir. Cəmiyyətdə bu sahədə maarifləndirilmə işinin təşkili yarıtmaz şəkildə davam edərsə, 2050-ci ilədək daha 150 milyon uşağın erkən nikaha cəlb olunması ilə nəticələnə bilər.

Beynəlxalq səviyyədə erkən nikahlar daha çox yoxsul təbəqənin problemi kimi qəbul olunsa da, inkişaf etmiş ölkələr də (ABŞ, Böyük Britaniya və s.) bu problemlə üz-üzədirlər. Sənayenin inkişaf etdiyi ölkələrdə erkən nikahlara daha çox qapalı icmalar, etnik azlıqlar və dini təriqətlər tərkibində rast gəlinir.(AZƏRTAC)

AzNews.az