İstifadəyə görə icarə haqqı ödənilməyəcək İstifadəyə görə icarə haqqı ödənilməyəcək

Budapeştdəki bu malikanə Türk Şurasının Macarıstandakı ofisi olacaq

İstifadəyə görə icarə haqqı ödənilməyəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ya qısaca “Türk Şurası” adlanan təşkilat Macarıstan paytaxtındakı ən gözəl malikanələrdən biri olan İbl villasını öz ofisi üçün təmənnasız istifadə etmək hüququna malik olacaq.

Şuranın ofisi bu gözəl malikanədən istifadəyə görə icarə haqqı ödəməyəcək. Macarıstan hökuməti ümumi sahəsi 800 kvadratmetr olan bu üçmərtəbəli malikanəni 2016-cı ildə oradakı əşyalar və incəsənət əsərləri ilə birlikdə təqribən 1,4 milyard forintə (6,7 milyon avro) alıb. Ölkə parlamentinin qəbul etdiyi qanun layihəsinə görə, bu binanın saxlanması xərclərini və ona xidmət edən işçilərin məvacibini Macarıstan hökuməti ödəyəcək. Bundan əlavə, Türk Şurasına vergi güzəştləri ediləcək. Daşınmaz əmlak vergidən azad edilməyəcək, lakin bu vergini Macarıstan dövləti ödəyəcək.

Macarıstan Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, Macarıstandakı hər hansı başqa beynəlxalq təşkilatın mənzil-qərargahı üçün nəzərdə tutulan güzəştlərdən və hüquqlardan Türk Şurası da istifadə edəcək. Macarıstanın hakimiyyət orqanları bu binaya Şuranın direktorunun icazəsi olmadan yalnız fövqəladə hallarda (məsələn, yanğın baş verdikdə) daxil ola biləcəklər. Hakimiyyət orqanları bu ofisdə axtarışlar apara və ya elektron daşıyıcıları, əmlakı və avadanlığı müsadirə edə bilməzlər. Beləliklə, binaya immunitet verilib.

Xatırladaq ki, Macarıstanın Baş Naziri Viktor Orban Türk Şurasının Bakıda keçirilən VII sammitində iştirak edib və həmin tədbirdə bildirib ki, Macarıstan Eksimbankı Türk Şurasının üzvü olan dövlətlər üçün Macarıstan-Türk əməkdaşlığı məqsədilə 195 milyon avroluq kredit xətti açıb. Baş Nazir qeyd edib ki, Türk Şurasının üzvü olan dövlətlərlə Macarıstan arasında ticarətin həcmi iki dəfə artaraq 4 milyard ABŞ dollarına çatıb. Bundan əlavə, Macarıstan Türk Şurasının üzvü olan dövlətlərdən olan tələbələr üçün 700-dən çox dövlət təqaüdü ayırıb.

Macarıstan 2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malikdir.

AzNews.az