Həyat üçün dünyanın ən yaxşı şəhəri açıqlandı

Siyahıda sonuncu yerdə Dəməşq (Suriya) qərarlaşıb

Yeni Zelandiyanın Oklend şəhəri həyat keyfiyyətinin səviyyəsinə görə dünyanın ən yaxşı şəhəri adını alıb və Britaniyanın “Economist Intelligence Unit” (EIU) jurnalının analitik bölməsinin reytinqinin lideri olub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, “Global Liveability Index 2021” hesabatı EIU tərəfindən təqdim edilib.

Yeni Zelandiyanın ən böyük şəhəri planetin ən yaxşı 140 şəhərinin yer aldığı reytinqdə Osaka və Adelaidanı geridə qoyub. Mütəxəssislər dünya şəhərlərində həyat keyfiyyətini bir neçə göstəriciyə görə qiymətləndiriblər və müqayisə ediblər: inkişafın sabitliyi, mədəniyyət, ekologiya, səhiyyə, təhsil və infrastruktur.

Oklend 96 xal alıb – Osakadan (Yaponiya) 1,8 xal çox. Daha sonrakı yerləri 94 xalla Adelaida (Avstraliya), 93,7 xalla Vellinqton (Yeni Zelandiya) və Tokio (Yaponiya) və 93,3 xalla Pert (Avstraliya) tutub.

İlk onluğa, həmçinin İsveçrənin Tsürix və Cenevrə, Avstraliyanın Melburn və Brisben şəhərləri daxil olub.

Siyahıda sonuncu yerdə Dəməşq (Suriya) qərarlaşıb.