Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. Məzuniyyət zamanı deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Bəs deputatlar bu yay istirahətini harada və necə keçirməyi düşünür, onlar ölkə xaricinə, yoxsa bölgələrimizə üz tutacaqlar?

Mövzu ilə bağlı AzNews.az deputatlar arasında sorğu keçirib:

Deputat Aqil Abbas: “Yollar bağlı olduğuna görə Azərbaycanda qalacağam. Bölgələrimizdə istirahət etməyi düşünürəm. Şuşaya, Kəlbəcərə gedəcəm. Mənim üçün ən gözəl istirahət yeri Qarabağdır”.

Deputat Elman Nəsirov: “Yay tətilini əsasən ölkə ərazisində keçirməyin tərəfdarıyam. Bu yay tətilində də bölgələrimizdə istirahət etməyi düşünürəm. Çox güman ki, yayda Qusara gedəcəyəm, tətili orada keçirəcəyəm”.

Deputat Nəsib Məhəməliyev: “İndi xaricdə ezamiyyətdəyəm. Yay tətilini hər hansı ölkədə keçirməyi düşünmürəm. Tətili bölgələrdə keçirmək istəyirəm. Dəqiq hansı rayon olduğunu planlamamışam”.

Deputat Cavanşir Paşazadə: “Tətilin başlamasına hələ 1 ay var. Azərbaycanda gəzməli-görməli yerlər çoxdur. Mən tətili Azərbaycanın bölgələrində keçirməyi planlayıram. Cənub bölgəmiz olan Lənkərana getməyi düşünürəm. Tətili nəvələrimlə birlikdə Lənkaran əhalisi ilə keçirəcəyəm”.

Deputat Vüqar İskəndərov: “Bu yayı hər il olduğu kimi seçildiyim Şəki rayonunda keçirəcəyəm. Tətili ölkədən kənarda qeyd etmək kimi fikrim yoxdur. Həm də ailəmizdə xeyir iş olacaq. Şəki şəhəri turistik bölgədir. Azərbaycanın gözəl guşələrindəndir. Doğulub boya-başa çatdığım Şəkidə tətil keçirmək mənim üçün xoşdur”.

Ayan Rzayeva