"Ermənistan tək qalır, küncə sıxışdırılır". "Ermənistan tək qalır, küncə sıxışdırılır".

Artan nüfuz, Qarabağ düyünündə ümid

"Ermənistan tək qalır, küncə sıxışdırılır".

Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində aparılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Digər tərəfdən, rəsmi Bakının qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmaması, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən dostluq və mehriban qonşuluq siyasətini gücləndirməsi Azərbaycanın mövqelərini möhkəmləndirir, təcavüzkar Ermənistanın isə tamamilə təcrid vəziyyətinə düşməsinə gətirib çıxarır. ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı son bəyanatın mahiyyətində də məhz haqqında danışdığımız yeni reallıqlar dayanır.

Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Təcavüzkar Ermənistan işğal olunmuş əraziləri azad etməli, silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Azərbaycana məxsus ərazilərdən dərhal çıxarmalıdır. Nazirlər Kabinetinin son iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev ötən il Avropa İttifaqı və NATO səviyyəsində qəbul edilən sənədlərin müsbət ruhda olduğunu bildirib. Həmin sənədlər də rəsmi Bakıya problemin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanması üçün hüquqi imkanlar verir. Dövlət başçısının xüsusi toxunduğu məqamlardan biri də o oldu ki, ölkəmizə getdikcə artan maraq, Azərbaycanın bir sıra beynəlxalq qurumlarda, hətta üzv olmadığı təşkilatlarda qazandığı dəstək qarşıdakı müddətdə Ermənistanın münaqişənin həlli ilə bağlı pozucu addımlarına zərbə vuracaq. Şübhəsiz, beynəlxalq təşkilatların Qarabağ məsələsinə dair qətnamələri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün real perspektivlər açır. Sitat: “Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər”.

Əslində, beynəlxalq birliyin mövqeyi qeyri-konstruktivlikdən əl çəkmək istəməyən İrəvan administrasiyası üçün bir xəbərdarlıq sayılmalıdır. Çünki Serj Sarkisyanın xunta rejimini devirən yeni hakimiyyət köhnə komandanın bütün siyasətini rədd edərək yalnız Qarabağ məsələsində dəyişməz mövqe ortaya qoyarsa, özünə qarşı yeni təzyiqləri yaratmış olacaq. Rəsmi Bakı belə “dəyişməz mövqe”yə qarşı özünün bütün potensialından istifadə edəcək, bu məsələdə hücum diplomatıyasının bütün çalarları öz əksini tapacaq.

Artıq qonşu respublikada yeni parlament və baş nazir fəaliyyətə başlayıb, üstəlik, Nikol Paşinyan iqtidarına Qarabağ münaqişəsinin tənzimlənməsi üçün verilən vaxt limiti də sona çatır. Bu həftə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşü bir daha təsdiq edir ki, rəsmi Bakı danışıqlar prosesini bundan sonra da müddətsiz uzatmaq fikrində deyil və prinsipial mövqeyini ifadə edir. Ermənistanın rəsmi dairələri Paris görüşünün nəticələrini qiymətləndirərkən əsas vurğunu xalqları gələcək sülhə hazırlamağın vacibliyi üzərində qururlar. Lakin qarşı tərəf anlamalıdır ki, sülh yalnız təcavüzkar tərəf münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasına razılıq verəcəyi təqdirdə mümkün olacaq.

Siyasi proseslər də göstərir ki, bu gün problemi separatçı rejimin nümayəndələrini danışıqlara üçüncü tərəf kimi cəlb etmək, yaxud danışıqların Azərbaycan və separatçı rejim arasında getməsinə nail olmaqla həll etmək cəhdləri nəticə verməyəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında növbəti dəfə bəyan etdi ki, Ermənistanın danışıqlar formatını dəyişdirmək səyi nəticə vermədi və bu məsələdə beynəlxalq birlik rəsmi Bakının mövqeyinə dəstək ifadə etdi. Bu baxımdan İrəvan qəti şəkildə Qarabağ məsələsində siyasi kursunu müəyyənləşdirməli, qəti qərar qəbul etməlidir. Belə görünür ki, qarşı tərəfin belə qeyri-ciddiliyi uzun sürməyəcək. Çünki Azərbaycanın artan nüfuzu fövqündə beynəlxalq qurumlar daha ölkəmizi sülh danışıqlarına dəvət etmirlər. İndi tətbiq edilən yeni yanaşma bundan ibarətdir ki, Ermənistan torpaqların qaytarılması istiqamətində qəti qərara gəlməlidir. İstər strateji mövqeyinə, istərsə də neft-qaz kondensat yataqlarının təhlükəsizlik baxımından oynadığı rola rəğmən xüsusilə Avropa qitəsi regionda sabitliyin olmasında maraqlıdır. Azərbaycanın qitənin enerji təhlükəsizliyində oynadığı rol beynəlxalq qurumları, eləcə də xarici ölkə rəhbərlərini bu məsələdə qəti mövqe tutmağa vadar etməkdədir. Nəticədə Ermənistan tək qalır, küncə sıxışdırılır. Mövcud durum Paşinyan iqtidarının mənsublarının yumşaq bəyanatlarından da görünməkdədir. Ermənistanın xarici işlər nazirliyi Paris görüşünə toxunaraq qarşılıqlı anlaşma şəraitində 4 saatdan çox davam edən görüşün problemin həlli üçün müəyyən perspektivlər açdığını, İrəvanın yaxın günlərdə nazirlər arasında növbəti görüşün təşkilinə razı olduğunu bildirir. Məsələ ondadır ki, Paşinyan iqtidarı bu xətti tutmaq məcburiyyətindədir. Çünki hazırda regional proseslər əsla Ermənistanın maraqlarına uyğun inkişaf etmir.

Həqiqətən də, Ermənistanın qeyri-rasional siyasəti onu bütün regionda arzuolunmaz qüvvəyə çevirməkdədir. Artıq Rusiya İrəvanla əlaqələrinə bəzi korrektələr edir. Kremlin bu ölkəyə münasibətində baş verən dəyişikliklər Paşinyanın qərbçi iqtidarını narahat edir. Üstəlik, Azərbaycan-Rusiya əlaqələrinin yüksək sürətlə inkişafı, 2018-ci ildə iki ölkə prezidenti arasında 6 görüşün təşkili Bakı-Moskva münasibətlərinə ciddi təsir göstərir. İndi dünya ölkələri arasındakı xoş münasibətlər daha mədəniyyət, adət-ənənə və tarixi yaxınlığın üzərində qurulmur. Münasibətlər iqtisadiyyatın genişləndirilməsi və etibarlılığın möhkəmliyi zəminində qurulur. Prezident İlham Əliyevin xarici siyasəsinin əsas mayasını etibarlı tərəfdaşlılıq mühiti tutduğundan ölkəmizə inam güclənir. Eyni zamanda ölkələrə, əlbəttə ki, milli maraqlar nəzərə alınmaqla, investisiya qoyuluşu Azərbaycanın güclü ölkə statusunu formalaşdırır. Təsadüfi deyil ki, Ermənistanın əsas strateji tərəfdaşı Rusiyanın son illər ərzində Azərbaycanla münasibətlərinə yeni yanaşma tətbiq etməsi, Qarabağ düyününün açılmasında mühüm rol oynayacağına ümidləri artırır. Ermənistanı təcrid vəziyyətində saxlayacağını rəsmən bəyan edən Prezident İlham Əliyev təkcə Rusiya ilə deyil, həm Türkiyə, həm də Gürcüstan dövləti ilə sıx dostluq və əməkdaşlıq əlaqələrinə sahibdir. Azərbaycanın bu iki ölkə ilə bir neçə üçtərəfli formatda təmaslar qurması regional müstəvidə fərqli mənzərə yaradır. Bir neçə gündür ki, erməni mediası İrəvanın get-gedə digər qonşu dövlət – İranla da əlaqələrdə müəyyən problemlərin yaşandığına dair materiallar dərc edir. Yanvarın 16-da Bakıya səfər edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin Prezident İlham Əliyevlə görüşdə dediyi fikirlər bu narahatlığı bir qədər də artırıb. Baqeri vurğulayıb ki, “İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bundan başqa, rəsmi Tehran sərhədlərin zor gücü ilə dəyişdirilməsinin yolverilməz olduğunu bildirir, bu məsələdə İranın hər zaman Azərbaycanın yanında yer aldığını bəyan edir”. Ümidlərini İrana dikən Ermənistanın növbəti dəfə zərbə aldığı hələ ölkəsinin siyasi gündəmini uzun müddət zəbt edəcək. İnana bilmirlər ki, torpaqlarını işğal etdiyi Azərbaycan hər il yeni-yeni strateji tərəfdaşlar qazanmaqdadır. Elə bir ölkələr ki, beynəlxalq qurumların iclaslarında ölkəmizin haqlı mövqeyini ucadan bəyan edir, torpaqlarımızın azad edilməsi istiqamətində verilən qətnamələrin lehinə “hə” deyirlər.

Beləliklə, Azərbaycanın prinsipial və ardıcıl siyasəti nəticəsində regionda yeni reallıq yaranır: güclü, bütün bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səvyyəsinə yüksəltmiş Azərbaycan ənənəvi tərəfdaşlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan Ermənistanı ciddi problemlər yaşamaq məcburiyyətində qoyub. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradır. Xalqımızın ağrılı məsələsinin həllində 2019-cu ilin dönüş ili olacağına ümidləri artırır.

Azər Qismət

AzNews.az