Colan təpələri ətrafında yaranmış vəziyyət Ermənistana təhqirli münasibəti ortalığa qoydu Colan təpələri ətrafında yaranmış vəziyyət Ermənistana təhqirli münasibəti ortalığa qoydu

"Trampın qərarı dünya erməniliyində ruh yüksəkliyi yaradıb"

Colan təpələri ətrafında yaranmış vəziyyət Ermənistana təhqirli münasibəti ortalığa qoydu

Colan təpələri (Suriya) üzərində İsrailin səlahiyyətlərini tanımaqla bağlı D.Trampın qərarı dünya erməniliyində ruh yüksəkliyi yaradıb. Ermənistan və Dağlıq Qarabağda bunu Dağlıq Qarabağın tanınması istiqamətində presedent kimi qəbul edirlər. Amma birbaşa əlaqədən və yaxud müqayisədən çəkinənlər də var. Ermənilərin fikrincə, Colanda heç vaxt yəhudilər yaşamayıb, amma guya Dağlıq Qarabağda və ermənilərin işğal etdiyi digər Azərbaycan əraziləri əzəli, əbədi erməni torpağıdır. Buna görə Colan və Dağlıq Qarabağ fərqlidir.

Amma başa düşürlər ki, geosiyasi proseslərin müəyyən bir axını var. Ona görə bəziləri hətta buna presedent yox, yarı presedent kimi yanaşırlar. Bəzi siyasilər bunu Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına aid etmirlər. Dağlıq Qarabağ ətrafındakı ərazilərin Dağlıq Qarabağın səlahiyyətinə verilməsi kimi yanaşırlar. Ayrıca götürülmüş Kəlbəcər (Karvaçar) rayonu ilə müqayisə edirlər. İşğalçı Dağlıq Qarabağın de-fakto prezidentinin mətbuat xidməti rəhbərinin fikrincə, Ermənistan və Dağlıq Qarabağın içməli suyu Kəlbəcərdə formalaşdığı kimi İsrailin də içməli suyu Colanda formalaşıb.

Bu məsələdə İsrailin aktivliyi xüsusi hiss olunur. Çalışırlar ki, Colanın İsrail torpağı olmasının ilk benefisiari məhz Ermənistan olsun, Ermənistan bundan faydalansın. Bu mənada İsrail ekspertlərinin, politoloqlarının aktivliyi xüsusi diqqət çəkir.

Colan təpələri ətrafındakı vəziyyət və ermənilərin yanaşması 3 istiqaməti xüsusi olaraq qabardır:

  • ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə konkret mövqeyini “unudurlar”. Trampın teleqramlarında və müşaviri C.Boltonun Ermənistan və Azərbaycandakı bəyanatları birbaşa və rəsmi mövqedir.
  • Ermənilər, o cümlədən dünya erməniliyi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasında öz güclərinə arxayın deyillər. İnamları sarsılıb. 30 ilə yaxın mübarizə aparsalar da Dağlıq Qarabağın müstəqilliyinə yaxınlaşa bilməyiblər. Həmişə özgə ərazilərdə baş verənlərə daha çox ümid ediblər. Kataloniya hadisələri zamanı ermənilər güman edirdilər ki, Kataloniya müstəqil olan kimi Dağlıq Qarabağın da müstəqillik mövzusu aktuallaşacaq. Bu istiqamətdə misalların sayını xeyli artırmaq olar.
  • Çolan təpələri ətrafında yaranmış vəziyyət Ermənistana təhqirli münasibəti ortalığa qoydu. İsrail ekspertləri Ermənistanı Colan təpələri ilə bağlı D.Trampın qəbul etdiyi qərarın ilk benefisiarı kimi təqdim etdilər. Bu artıq Ermənistanın hətta dövlət olaraq acizliyinin göstəricisidir.

Reallıq burasındadır ki, Ermənistanın müasir siyasi elitası belə şeyləri anlamaq, dərk etmək, öz xalqının təəssübünü çəkmək gücündə deyil.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq