ABŞ mətbuatı Ermənistanı İrana qarşı sanksiyaları sabotaj etməkdə suçladı - sensasion yazı

Pol Miller: “Tramp üçün plan tamamilə aydın olmalıdır və Ermənistan kimi Tehranı dayandıracaq sanksiyaları pozan dövlətlərlə əməkdaşlıqdan vaz keçmək lazımdır”

ABŞ-da fəaliyyət göstərən “Haym Solomon Center” qrupunun prezidenti və icraçı direktoru Pol Miller “Jns.org” saytında ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların Ermənistan tərəfindən sabotaj edilməsi ilə bağlı maraqlı analitik yazı qələmə alıb.

Həmin məqaləni oxuculara təqdim edirik:

"ABŞ-ın İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı yeni sanksiyaları Tramp administrasiyasının İslam Respublikasının pozucu fəaliyyətinə qarşı son təzyiq vasitəsidir. Lakin sanksiya tətbiq etmək başqa, onların yerinə yetirilməsini təmin etmək isə tam ayrı məsələdir.

Prezident Donald Tramp İran körfəzindəki gərginliyin durmadan artmaqda davam etdiyi bir vaxtda rəsmi Tehranı nüvə proqramından vaz keçməyə, habelə ballistik raketlərin istehsalı proqramını sonlandırmağa, terrorizmə dəstəyini kəsməyə və bölgəsəl aqressiyasını bitirməyə məcbur etmək üçün beynəlxalq birliyi iranlılarla əməkdaşlıq etməməyə çağırır.

Avropadakı bəzi narazı “donquldanmalara” rəğmən əksər ölkələr ya ABŞ-ın daha sərt sanksiyaları ilə üzləşmək qorxusundan, ya da həqiqətən İrandan gələ biləcək təhdidlə bağlı narahatlıqlarından Trampın tələblərinə qoşulduqlarını açıqlayıblar.

"Dünyanın böyük bir hissəsinin Tramp administrasiyası ilə üz-üzə gəlməkdən qaçdığı bir vaxtda şimalda İranla kiçik sərhəd xəttinə malik Ermənistan mollalara ABŞ sanksiyalarından gələn zərərlərdən xilas olmağın ən gözəl yollarını təklif edir"

Böyük Britaniyada baş nazir Boris Consonun hakimiyyətə gəlməsi ilə Birləşmiş Krallıq da artıq İran aqressiyasına qarşı sərt mövqe sərgiləyir. Bundan başqa, rəsmi London İran tərəfindən ələ keçirilən tankerlərin mübadiləsini də rədd etməkdədir. Gələn yeni məlumatlara əsasən, Böyük Britaniya da Birləşmiş Ştatlar kimi nüvə anlaşmasından imtina etməyə hazırlaşır.

Hətta İran neftinin iki iri idxalçısı sayılan, hazırda ABŞ-la ticarət müharibəsi şəraitində olan Çin və Hindistan belə, rəsmi Tehranla münasibətləri zəiflədir.

Dünyanın böyük bir hissəsinin Tramp administrasiyası ilə üz-üzə gəlməkdən qaçdığı bir vaxtda şimalda İranla kiçik sərhəd xəttinə malik Ermənistan mollalara ABŞ sanksiyalarından gələn zərərlərdən xilas olmağın ən gözəl yollarını təklif edir.

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bu il iyul ayının ortasında ABŞ-a rəsmi səfəri zamanı Birləşmiş Ştatları İran əleyhinə sanksiyalara qoşulması üçün Ermənistana təzyiq göstərməməyə çağırıb. A.Mirzoyan ən yeni şərhlərində Ermənistanın ABŞ-ın sanksiyalarına qoşulmamasının səbəblərini rəsmi İrəvanın İranla münasibətlərinə daha geniş konteksdən baxılmasının zəruriliyi ilə izah edir.

Bu ilin fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan Tehrana səfər edərək burada prezident Həsən Ruhani və ali dini rəhbər, ayətullah Əli Xameneyi ilə görüşüb. Hərçənd bu səfər ilk baxışdan problematik görünməsə də görüşlərdə bəyan edilən ritorika təşviş doğurmaya bilməz.

N.Paşinyanla görüşdən sonra Həsən Ruhani bu cümlələri sərf edib: "Biz Ermənistanın İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı tutduğu mövqeyindən dolayı razılığımızı ifadə etdik. Hər iki ölkənin hədəfi öz maraqlarımız çərçivəsində irəliyə doğru getmək, 3-cü ölkələrin birgə layihə və əməkdaşlığımıza qarışmasına yol verməməkdir”.

Əksər ölkələrin İranla iş münasibətlərindən yayındığı bir zamanda, 2018-ci ildə İran və Ermənistan arasında ticarət dövriyyəsi özünün rekord səviyyəsinə - 364 milyon dollara çatıb. Bu da təsadüfi deyil. Ermənistan cənubda İranla sərhədboyu yerləşən Meğri şəhərində azad iqtisadi zona açıb.

Ermənistanın hazırkı rəhbərliyi deyəsən, heç ABŞ-ın sanksiyalarını vecinə almır. İrana qarşı sanksiyalaırn əsas memarı sayılan prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfərindən sonra belə, Nikol Paşinyan Ermənistanın rəsmi Tehranla münasibətlərini zəiflətməyəcəyini bəyan edib.

Lakin ABŞ üçün əsl narahatedici məqam Ermənistanın İranın sanksiyalardan yayınmasına kömək etmək üçün xüsusi canfəşanlıq göstərməsidir.

İran qazının Ermənistan vasitəsilə Gürcüstana çatdırılmasını nəzərdə tutan sazişin imzalanması isə ABŞ sanksiyalarına zidd hesab edilir. Ermənistanın İrandan idxalatı Avropa ilə bağlanılan barter anlaşmalarından kənarda olsa da, istənilən saziş Birləşmiş Ştatların hiddətinə səbəb olmalıdır. Çünki bununla Ermənistan sanksiya pozucusu olaraq, Trampın İran aqressiyasını durdurmaqla bağlı ambisiyalarının üstündən xətt çəkir.

Faktiki olaraq Ermənistan əvvəllər də İrana beynəlxalq sanksiyalardan yayınmağa yardım edib. 2012-ci ildə “Reuters” agentliyi erməni banklarının İrana qeyri-qanuni bank əməliyyatlarında dəstək verməsi bardə xəbər yaymışdı. Həmin vaxt bu, rəsmi Tehrana xarici müştərilərə verilən və alınan ödəmələri gizli saxlamağa, İranın nüvə raket proqramını genişləndirməsinə mane olmağa çalışan Qərb kəşfiyyatını aldatmağa imkan yaratmışdı.

Bu yaxınlarda ABŞ-ın Maliyyə nazirliyi Ermənistan mənşəli “Flight Travel LLC” şirkətini terrorçu təşkilatlar sırasına daxil edilən İslam Keşikçilər Korpusuna bağlı “Mahan Air” firması ilə əlaqələrindən dolayı cəzalandırıb.

Tramp üçün plan tamamilə aydın olmalıdır və Ermənistan kimi Tehranı dayandıracaq sanksiyaları pozan dövlətlərlə əməkdaşlıqdan vaz keçmək lazımdır. Bunun yerinə ABŞ-ın dəyər və maraqlarını paylaşan dövlətlərlə geopolitik cəhətdən ağıllı əməkdaşlıq münasibətləri qurmaq vacibdir. Strateji seçimin düzgün edilməməsi İranın aqressiyasını daha da gücləndirə bilər". (Musavat.com)

https://www.jns.org/opinion/beware-of-the-sanctions-busters/