Azərbaycan heç vaxt öz torpaqlarını öz torpaqlarına dəyişməyəcək - jurnalistlərin qarşılıqlı səfərinin əsas nəticəsi...

Rusiyalı tanınmış politoloqdan müharibə anonsu

“Jurnalistlərin birgə səfərləri, ekspertlərin diskussiyaları - xalqlar arasında əlaqə qurmaq üçün yaxşı təşəbbüslərdir. Ancaq bu, Dağlıq Qarabağ konfliktinin həllinə heç cür təsir etmir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “168 am” (“168 saat”) erməni nəşrinə müsahibəsində rusiyalı tanınmış analitik Aleksandr Xramçixin Azərbaycan və Ermənistan jurnalistlərinin son qarşılıqlı səfərlərini şərh edərkən deyib.

“Düşünmürəm ki, bu, hadisələrin gedişinə hansısa şəkildə təsir eləsin. Çünki əminəm ki, tərəflər bu konflikti danışıqlar yolu ilə nizamlaya bilməyəcəklər. Mən bilmirəm, nədən keçmişdəki xalq diplomatiyası dayandırıldı, ancaq o vaxt xalqlar aktiv vətəndaş cəmiyyəti nümayəndələrinin vasitəsilə təmaslar və səfərlər təcrübəsinə malik idilər. Görünür, o da heç bir konkret nəticə vermədi”, - deyə Xramçixin qeyd edib.

Onun sözlərinə görə, tərəflər müharibəyə hazırlaşmağa davam edirlər. “Bakı və İrəvan danışıqlar apara-apara, ən yeni silahlar əldə etməyə davam edir. Həmçinin bir az zəifləsə də, hərbi ritorika da davam edir. Bundan əlavə, sülh danışıqlarında yuxarıdakı anlaşmadan savayı (jurnalistlərin səfəri - red.) heç bir irəliləyiş yoxdur. Alternativ isə müharibə ssenarisidir. Danışıqlar, sadəcə, bunu uzadır” - politoloq əlavə edib.

*****

Dağlıq Qarabağın Ermənistana birləşməsi ile ilgili görsel sonucu

Bu arada işğal altındakı Dağlıq Qarabağın Ermənistana birləşməsi barədə məsələ Xankəndində yenidən qaldırılıb (Virtualaz.org). Bu barədə “Kavkazski Uzel” xəbər verir. Nəşr yazır ki, məsələ Xankəndində təşkil olunan dəyirmi masada xüsusi müzakirə olunub. Məlumata görə, təxribat xarakterli tədbiri “Stepanakert Mətbuat Klubu” və “Erməni Seçimi” ictimai təşkilatı təşkil edib.

Tədbir iştirakçıları bildiriblər ki, “Ermənistandakı siyasi vəziyyət Dağlıq Qarabağın bu ölkənin bir hissəsi olmasına imkan yaradır”. Dəyirmi masa Ermənistan SSR Ali Sovetinin və özünü Dağlıq Qarabağın Milli Şurası adlandıran qurumun “yenidən birləşmə haqqında” birgə qərarının 30 illiyinə həsr edilib.

“Stepanakert Mətbuat Klubu”nun prezidenti Gegam Bağdasaryan tədbirin məqsədinin bu mövzu ətrafında “ictimai konsensus” yaratmaq olduğunu bildirib. O əlavə edib ki, müzakirələr İrəvandakı dəyirmi masada davam edəcək.

Politoloq Aleksandr Kanyanyan öz növbəsində qeyd edib ki, Ermənistandakı vəziyyət köklü şəkildə dəyişib və bu səbəbdən birləşmə məsələsinin uzun illər davam edən hüquqi və siyasi reallıqlarını ümumiləşdirməyin zamanı gəlib. “Modus Vivendi” Analitik Mərkəzinin rəhbəri, politoloq Ara Papyan isə çıxışında keçmişə nəzər salaraq 1 dekabr 1989-cu il tarixli qərarın “Birləşmiş Ermənistanın elan edilməsi” üçün kifayət qədər əsaslı olduğunu vurğulayıb.

*****

Dağlıq Qarabağın Ermənistana birləşməsi ile ilgili görsel sonucu

Erməni tərəfində Qarabağla, işğalla bağlı belə radikal, Azərbaycanla sülh anlaşmasına zərrəcə yer qoymayan bir ovqatın davam etdiyi şəraitdə, - hansı ovqat ki, erməni jurnalistlərin ölkəmizə son səfəri illə bağlı yazdıqları təəssüratlarla bir daha təsdiqləndi, - konfliktin dinc həll yolundan danışmağa, danışıqları davam etdirməyə gerçəkdən də dəymir. Üstəgəl, əgər Ermənistanın “demokrat” rəhbəri Nikol Paşinyan da neçə vaxtdır sülh yox, “dava-dava” deyirsə, “Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsini dilə gətirirsə, demək, işğalçı sülhü yox, müharibəni almağı haqq edir.

Hərçənd N.Paşinyan ara-sıra nala-mıxa vuraraq, “problemin həlli Azərbaycanı da qane etməlidir” bəyan edir, bununla vəziyyət dəyişmir. Çünki özü də bilməmiş deyil ki, Azərbaycan üçün yeganə məqbul variant problemin beynəlxalq hüquq və BMT TŞ-nin müvafiq qətnamələri əsasında, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında həllidir - nəyi ki, əfsus ki, İrəvan yaxına buraxmır, Azərbaycanın ərazi bütövlüyünü tanımır. Tanısa da, vaxtilə eks-prezident Serj Sərkisyanın dediyi kimi, Dağlıq Qarabağsız tanıyır.

Dağlıq Qarabağın Ermənistana birləşməsi ile ilgili görsel sonucu

Sözsüz ki, Azərbaycan heç vaxt Qarabağ ixtilafının “torpaq əvəzinə torpaq” formulu üzrə həllinə razı olmayacaq. Biz öz qanuni və tarixi ərazilərimizi öz qanuni ərazilərimizə dəyişməyəcəyik. Buna erməni jurnalistləri də bir daha əmin oldular. Ona da əmin oldular ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət (özünü idarə) hüququndan başqa heç bir başqa hüquq tanınmayacaq.

Yeri gəlmişkən, jurnalistlərin qarşılıqlı səfərinin yeganə faydası, bizcə, elə budur - xalq, toplum olaraq bizim güzəştimizin nədən ibarət olmasını erməni tərəfinin qulağında sırğa eləməsi. Başqa sözlə, konfliktin yeganə, bütün tərəflər üçün məqbul çözüm yolu - Ermənistanın imzalayıb qəbul etdiyi beynəlxalq prinsiplər, yəni “sülh əvəzinə torpaq” formuludur. Əks halda, gec-tez müharibə qaçılmazdır.

*****

Əksər siyasi və hərbi təhlilçilərə görə isə işğalçı ölkənin Azərbaycanla və Azərbaycan ərazisində (!) davamlı müharibə aparmaq üçün nə yetərli hərbi-iqtisadi, nə də insani resursu var. Ordusu illərdir çağırışçı problemi yaşayan və qadınları belə hərbi xidmətə cəlb etməyə çalışan, əsgərini düz-əməlli qida və paltarla təmin edə bilməyən, hətta Rusiyanın ucuz silahları hesabına belə, Azərbaycanla silahlanma yarışında xeyli geri qalan düşmən ölkənin uzunmüddətli hərbi əməliyyatlar üçün güc və potensialı kifayət deyil. Seçim ermənilərin - barışı istəsələr barışa, müharibə istəsələr müharibəyə tuş gələcəklər.

Deyilə bilər ki, Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Olsun. Biri o birinə mane olmur. Nədən ki, Azərbaycan Konstitusiyasına görə, ölkədə parlamentli yox, prezidentli üsul-idarə mövcuddur. Ali Baş Komanda da baş nazir yox, prezidentdir. Aydındır ki, Vətən müharibəsinə qərar verilərsə, Azərbaycanda hər hansı seçki prosesi, ölkəni daxildən zəiflədə biləcək istənilən digər siyasi fəaliyyətlər dondurulacaq... (Musavat.com)