MN: "Azərbaycanın heç bir ərazi itkisi yoxdur"

"Xalqımız bilsin ki, Azərbaycan Ordusu düşmənə qarşı tədbirləri davam etdirəcək ”

“İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar. Komandanlıq tərəfindən qərar qəbul edilib. Düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə adekvat cavab tədbirləri görülüb”.

AzNews.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

“Düşmən tərəfi təxribatının davamını gətirmək məqsədi ilə mövqelərimizə hücum etməyə cəhd göstərib. Amma həmin hücumun da qarşısı alınıb. Məlumat verirəm ki, heç bir ərazi itkisi yoxdur, mövqelərimiz əvvəlki qaydada dayanır. Azərbaycan Ordusunun bölmələri hal-hazırda əvvəllər durduqları mövqedədirlər və düşmənə qarşı cəza tədbirləri həyata keçirirlər. Gecə saatlarında düşmən tərəfi həmişə olduğu kimi, cəbhədə verdiyi itkilərin qarşısını almaq məqsədilə bölmələrimizin mövqelərini, eyni zamanda Tovuz rayonun Ağdam kəndini atəşə tutmuşdur. Əhali arasında heç bir itki yoxdur. Xalqımız bilsin ki, Azərbaycan Ordusu düşmənə qarşı tədbirləri davam etdirəcək”, - V. Dərgahlı bildirib.

Pərvanə