“Hərbi əsir”lərin qaytarılması barədə razılaşma olmayıb” - Simonyan

"Ümid var idi ki, bu təyyarə reysi ilə müsbət xəbərlər də gələcək"

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan "Azadlıq" radiosuna müsahibəsində müharibədən sonra Azərbaycan ərazilərində həbs edilmiş erməni terrorçular haqqında danışıb.

Azvision.az xəbər verir ki, Simonyan "hərbi əsirlər" adlandırdığı erməni terrorçuların geri qaytarılması barədə hansısa razılaşmanın olmadığını söyləyib:

"Hərbi əsir”lərin geri qaytarılması ilə bağlı razılaşma olmayıb. Sadəcə biz hər gün olduğu kimi ümidli idik. Yəni ümid var idi ki, bu təyyarə reysi ilə müsbət xəbərlər də gələcək, onları qarşılayacağıq. Nə Andranik Koçaryan, nə də Mane Qorqyan əsirlərlərlə bağlı xəbəri təsdiqləmədilər. Bu dezinformasiya idi".

O, həmçinin qeyd edib ki, son günlər "hərbi əsirlər"lə bağlı məsələlərdən insanların qəzəbini dərinləşdirmək və seçkiöncəsi hakimiyyətə təsir etmək üçün istifadə edilir.

Xatırladaq ki, iki gün öncə Ermənistanda erməni terrorçuların Azərbaycandan qaytarılacağı barədə dezinformasiya yayılmışdı. Məsələyə münasibət bildirən Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ermənistan hakimiyyətinin bu addımını təxribat adlandırıb.