“Fransadakı erməni lobbisi saxta dəlil və içimizdəki xainlərlə tələ qurdular”

Həbsdəki türkiyəli iş adamı Azərbaycan prezidentinə müraciət edib.

"THALES İNTERNATİONAL VESTERN COUNTRİES" Fərdi Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şirkətinin büdcəsindən 8 milyon 860 min manat mənimsəməkdə ittiham olunan, adıçəkilən şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, hazırda məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilən Türkiyə vətəndaşı Mehmet Şahan üzləşdiyi haqsızlıqla əlaqədar geniş müraciət yayımlayıb.

Qaynarinfo xəbər verir ki, Mehmet Şahan müraciətinin əvəvlində Azərbaycanda işləməsini şərtləndirən səbəbləri qeyd edib:

"Mən Mehmet Şahan, yüksək səviyyədə Fransız dilində danışa bildiyimə görə, Fransız şirkətlərinin Azərbaycandakı ofislərində ölkə müdiri vəzifəsində işləmişəm. Son iş yerim olan, "Thales İnternational” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin ofisində 2014-cü ildə başlayan ölkə müdirliyi vəzifəm, 2021-ci ilin Aprel ayında sona çatmışdır. Hava limanı, Metro və Müdafiə sənayəsi mövzularında bir çox layihə üçün 4-5 işçisi olan rəhbərliyini etdiyim bu ofis, sağlam münasibətlər qurmuş, tender prosedurları həyata keçirmiş və layihələr almışdır. Layihə müqavilələri isə, idarə ilə "Thales”in Fransadakı Mərkəzi arasında bağlanmışdır. "Thales”, işləri görərkən yerli tərəfdaş kimi "Modern Construction Company MCC” ilə müqavilə bağlamış və uzun illər partnyor kimi birgə fəaliyyət göstərmişlər”.

İş adamının yazdığına görə, Fransada 2018-ci ildə baş vermiş prezident dəyişikliyindən sonra şirkətin Azərbaycana və ona yönəlik münasibəti kəskin dəyişib:

"2018-ci ildə Fransada Makron prezident olduqdan sonra "THALES INTERNATIONAL” şirkətində rəhbər vəzifə tutan şəxslər də dəyişdi. Daha doğrusu şirkət rəhbərliyindəki yəhudilərin yerinə, ermənilərin və ən əsası Ermənistanın sabiq prezidenti Armen Sarkisyanın 20 illik ən yaxın dostu Pierre Mathieu gələndən sonra Azərbaycan ilə münasibətləri kəsmək barədə qərar qəbul edib. Onlar Bakıdakı ofisin bağlanmasına qədər davam edəcək proseslərə başladılar və mən də onların hədəfində idim. 2021-ci ilin aprelində "Thales” tərəfindən işdən çıxarıldım. İşimə xitam verilməsi barədə məlumat verdilər və kiçik xərclərimi bəhanə gətirərək, kompensasiyamın verilməyəcəyini bildirdilər. İşdən çıxarıldığımda bu haqsızlığı qəbul edə bilmədim və münasibətimi illərlə dostum hesab etdiyim MCG şirkətinin əslən azərbaycanlı olan sahibləri Emin Əliyev və Oyrat Tağıyevə bildirdim. "Thales"i məhkəməyə verəcəyimi, bunların Ermənistanın dostu olduğuna görə məni qovduqlarını və s. dedim. Lüksemburq azərbaycanlıları adlanan bu şəxslərin mənim sözlərimi şişirdərək və bəzəyərək "Thales"in yeni rəhbərliyi ilə bölüşəcəkləri ağlıma belə gəlməzdi. Emin Əliyev "Thales"in yeni rəhbərliyindən faydalanmaq və onlarla yaxın münasibət qurmaq üçün mənim haqqımda şişirdilmiş dezinformasiyalar yaydı. Emin Əliyevin dostu olan Oyrat Tağıyevlə mənim Türkiyənin İstanbul şəhərində Pendik deyilən bölgədə biznesimiz olmuşdur (bina tikilləri ilə məşğul olan) və o biznesə aid olan torpaq sahəsi mənə aidiydi, məni burada həbs etdirməklə şantaj edib, həmin əraziyə sahib çıxmaq üçün Oyrat Tağıyev, Emin Əliyev fransuzlara dəstək oldular. Hətta heç çəkinmədən mənə zəng vurduraraq həmin torpaq sahələrini adına keçirməsə Azərbaycanda başıma gələcəkləri barəsində hədə-qorxu gəlmişdir. Lakin aydın məsələdir ki, Oyrat Tağıyev bu məsələdə yalnız deyildir və oda kimlərinsə himayəsi vasitəsilə belə qanunsuzluqlara yol verir”.

Mehmet Şahan qeyd edib ki, üzləşdiyi bu haqsızlıqdan sonra işlətdiyi bəzi ifadələr şirkət rəhbərliyinə ya şişirdilərək, ya da dezinformasiya formasında çatdırılıb və nəticədə ona qarşı cinayət işinə başlanılaraq yekunda həbs olunub:

"Thales”ə müdirlik etdiyim 7 il ərzində maliyyə məsələləri ilə bağlı əsassız iddialar qaldıraraq, barəmdə mənimsəmə ilə bağlı cinayət işi açdı. İşin aparılması müstəntiq Tural Yaqubova həvalə edilib. İstər özüm, istərsə də vəkillərim vasitəsilə hər cür sualları hüzurlarında cavablandırdım. İddiaları qətiyyən qəbul etmədim və maliyyə məsələlərində heç bir əsası olmayan iddiaları təkzib edəcək sənədləri təqdim edəcəyimi bəyan etdim. Hətta Dövlət Vergi orqanlarının hesabatlarına da məhəl qoymayan müstəntiq istintaq zamanı mənim barəmdə məcburi həbs tələb etdi, belə ki, ikinci görüşümüz zamanı əl-qolumu qandalladı, həyat yoldaşıma zəng etməyimə də mane oldu, axşam saatlarında təhqiramiz ifadələrlə məni məhkəməyə göndərdi.

Qadın hakim həyat yoldaşımın hamilə olduğunu öyrəndiyində və maliyyə məsələləri ilə bağlı ekspertiza rəyinin olmadığı halda həbs olunmayacağımı desə də, müstəntiqin həddindən artıq təzyiqi və hakimə zəng etdirdiyi şəxslərin əmri ilə 17.02.2022-ci ildə həbs olundum”.
İş adamı müraciətində dərhal sərbəst buraxılması ilə bağlı yuxarı məhkəməyə müraciət etdiklərini yazıb. Onun sözlərinə görə, "Thales” adından nə bir nümayəndə, nə də bir vəkil məhkəmədə iştirak etməyib. Ona görə də "Tahles” kimi böyük şirkətin maliyyə pozuntusunu nədən 7 il sonra aşkarladığı Maliyyə Auditinin nəyə görə əsassız olması, 7 il ərzində bankların hərəkəti ilə bağlı təhlil aparılmamasının, Vergi auditinin hesabatının nəzərə alınmamasının səbəbləri və başqa vacib məqamlara aydınlıq gətirilməsi mümkün olmayıb.

Mehmet Şahan əminliklə qeyd edib ki, ona qarşı qondarma ittiham və məhkəmə prosesinin arxasında "Thales” şirkətinin Azərbaycandakı dostları” dayanır və bu detalı əsas götürərək, prezident cənab İlham Əliyevdən kömək istəyib:

"Erməni lobbisinin idarəçiliyində olan hazırda Fransa ermənilərinin nəzarətində olan "Thales” şirkətinin Azərbaycandakı dostları məhkəməyə təsir edərək mənə işgəncə verməkdə davam edirlər. Mən Azərbaycanın Ali Ədalətinə güvənirəm. Mən buradan Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə səslənirəm, Azərbaycanda Türk vətəndaşına Fransanın diqtəsi ilə zülm etmək istəyirlər. Ümidim Prezidentimizin bu məsələni görməsi və bilməsindədir. Çox çirkin bir tələnin qurbanı olmağımı istəyirlər. Ədalətli dindirilməm ilə bağlı tələbimi həm Türkiyənin, həm də Azərbaycanın dövlət orqanlarına bildirirəm. Mənim xahişim budur”.

İş adamı müraciətinə əlavə etdiyi hüquqi vəziyyət haqqında qeydlərində də həbsindəki qanuna zidd məqamlardan ətraflı bəhs edib. Mehmet Şahan müraciətinin bu hissəsində bir daha Azərbaycan prezidentinə üz tutaraq kömək istəyib:

"Fransa və erməni lobbisinin dostu olan 2-3 nəfərin Azərbaycanın Hüquq Sistemində mənə qarşı tələ quraraq, başlatdıqları bu istintaqda, hüquqi dəyərlər ayaqlar altına alınmaqdadır. Həbsim qətiyyən Azərbaycan Respublikasının qanunlarına uyğun deyil.

Türkiyə Cumhuriyyətinin vətəndaşı olaraq, istəyim, məruz qaldığım bu qeyri-qanuni vəziyyətə görə, yüksək icazənizlə təşəbbüslərin başladılması, sübutlarımın fayla qəbul olunmasını təmin etmək və bu haqsızlığın aradan qaldırılmasıdır”.

Qeyd edək ki, Mehmet Şahanın davam edən məhkəmə prosesi Azərbaycan mediasının diqqət mərkəzindədir və keçirilən hər iclasda baş verənlər mətbuatda geniş işıqlandırılır.