"Bu mövzuda çox diqqətli olmaq lazımdır" "Bu mövzuda çox diqqətli olmaq lazımdır"

Ermənistanın sərhəd təxribatı: "İran açıq şəkildə Azərbaycana hücum edə bilmir" - Türkiyəli politoloq

"Bu mövzuda çox diqqətli olmaq lazımdır"

"Azərbaycanın işğal altındakı torpaqları azad etmək üçün başladığı 44 günlük Vətən müharibəsi rəsmi Moskvanın müdaxiləsi ilə 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatla sonlandı. Bu bəyanat Azərbaycanın gözləntilərini qarşılamadı. Həm də Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üçün uyğun bir razılaşma deyildi".

Bu sözləri AzNews.az-a Ermənistan-Azərbaycan sərhədində dünən baş verən təxribatla bağlı açıqlamasında türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib.

O bildirib ki, bu kimi hallar RSK-nin regionda qalması üçün şərait yaradır:

"Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri sözügedən razılaşmaya görə 2025-ci ilə qədər bölgədə qalacaq. Buna baxmayaraq bölgədə atəşkəsin pozulması halları Rusiya Sülhməramlı Kontingentinin (RSK) burada qalma müddətini artırması üçün şans yaradır. Bu, onların bölgədə müddətsiz qalmaları məsələsini gündəmə gətirəcək. Bu mənada atəşkəsin pozulması Rusiyanın regiondakı mənfəəti baxımından gözləniləndir".

Türkiyəli professor qeyd edib ki, 10 noyabr üçtərəfli bəyanatında Laçın dəhlizinin açılması nəzərdə tutulsa da, koridorun statusu haqda konkret maddə yoxdur:

"Bu da bəyanatın tətbiqi müddətində Azərbaycan üçün bir çox problemlər yaratdı. Rəsmi Bakı bir tərəfdən Laçın dəhlizinə qarşı Zəngəzur dəhlizini açmağa çalışır, digər tərəfdən Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşılığı alması prosesinin başlaması ilə bağlı ciddi diplomatik addımlar atır. Lakin Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşdirilmədiyi üçün sülh danışıqları çox yavaş irəliləyir".

H.Oktayın sözlərinə görə, regionda gərginlikdən bəslənən Rusiya və İran hər fürsətdə münaqişəni alovlandırır:

"Dünən sərhəddə Ermənistan və Azərbaycan arasında baş verən gərginlik də bununla bağlıdır. Rəsmi Moskva 2025-ci ildə sülhməramlılarını Qarabağdan çıxaracağını bildirsə də, atəşkəsin pozulması halları Rusiyanın bu bölgədə qalıcı olmasına şərait yaradır. Ermənistanın içərisindəki Rusiya tərəfdarları tez-tez bu təxribatları törədərək Rusiyanın bölgədə qalmasına çalışırlar".

Politoloq İran-Azərbaycan münasibətlərindən danışarkən iki ölkə arasında 44 günlük müharibə dövründə başlayan gərginliyin ciddi mənada artan templə davam etdiyini vurğulayıb:

"İran açıq şəkildə Azərbaycana hücum edə bilmir. Buna görə də Ermənistanı hərəkətə keçirir. Ötən günlərdə Ermənistana təyin olunan İran səfiri bu məsələlərdə olduqca təcrübəli adamdır. Hətta İrana bağlı terror qruplaşmalarının Ermənistanda da fəaliyyətdə olması ilə bağlı KİV-də xəbərlər var. Bu baxımdan Ermənistan ilə Azərbaycan arasındakı münaqişəni alovlandıran iki ünsür bölgədəki mənfəətlərini qoruya bilmək üçün hərəkətə keçiblər. Bunlar İran və Rusiyadır. Azərbaycan həm regiondakı maraqlarını qorumaq, həm də Ermənistanla sülh sazişi imzalamaq üçün diplomatik olaraq əlindən gələnin artığını edir. Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan-Azərbaycan tərəflərinin görüşündən əvvəl bu təxribatları artırmaq istəyənlər olacaq. Bu mövzuda çox diqqətli olmaq lazımdır. Rusiyaya qarşı Ukrayna cəbhəsini açanlar indi Azərbaycanı İrana qarşı ukraynalaşdırmağa, İranda da Ermənistanı Azərbaycana qarşı cəbhəyə çəkməyə çalışır. Buna görə İran Ermənistanı silahlandırmağa başlayıb".

Rəşid Qarayev,

AzNews.az