- Mədəni adam
- 10 Oktyabr 2018 15:51
- 6 456
Ədəbiyyat hər yerdə olmasa... – SORĞU
Qələm adamları kampaniya haqqında fikirlərini bölüşüblər.
Bir qrup qələm adamı sosial şəbəkədə “hər yer ədəbiyyat” kampaniysıa başladıb. Onların bu devizi birmənalı qarşılanmayıb. Biz də qələm adamlarının bu barədə fikrini öyrənmək qərarına gəldik. Sualımız belədir: Sizcə ədəbiyyat hər yerdədirmi? Ümumiyyətlə, ədəbiyyat hardadır?
AzNews.az cavabları təqdim edir:
Yazıçı Azər Abdulla: “İnsanın olduğu hər yerdə ədəbiyyat mövzusu, ədəbiyyat materialı da var. 
Bu materiallar-mövzular peşəkar yazıçıların qələmindən çıxanda ədəbiyyat olur...”
Yazıçı Səfər Alışarlı: “Vallah, hər yerin ədəbiyyat olduğunu deməkdə bir az çətinlik çəkirəm. Nəticəsizliyini əvvəlcədən bilsəm də, gənclərin aksiyasını alqışlayıram. İstərdim ki, onlar bu mübarizədə sona qədər getməyi bacarsınlar. Ədəbiyyat kollektiv yox, fərdi məşğuliyyətdir. Orada heç zaman diriləri sevməyiblər. Orada qəhrəmanların ölü olması hamıya sərf edir. Mənə elə gəlir ki, özünün faciəviliyi, obrazxanası, bədii təhkiyəsi, göz yaşları, ritmi və musiqisi ilə ədəbiyyat böyükmiqyaslı yalanları ifşa etmək üçündür. Əgər bu, baş verirsə, cəmiyyət nə etməli olduğunu tez bir zamanda müəyyənləşdirir, ədəbiyyat isə çamadanını yığışdırıb bu ilahi işin növbəti fazası ilə məşğul olmağa yollanır. Ədəbiyyat reallığı ən azı 20 il qabaqlayır. Onu bacarmayan ədəbiyyat xəstə insanların xəstə cəmiyyətlər üçün yaratdığı cəfəngiyatdır. Mənim gündəliyimdə ötən əsrin 70-ci illərinə aid yazılar arasında irlandiyalı gənclərin ingilis həbsxanalarında 65-70 günlük aclıq aksiyasından sonra sadəcə haldan düşərək öldükləri haqda yazılar var. O gənclər müstəqil İrlandiya uğrunda ölürdülər. Heç şübhəsiz, onların arasında şairlər də vardı. Yadıma gəlir ki, o zaman mən onlara qibtə edirdim. Şükür, bizim gənclərin bu hesabını onların babaları, ataları ödəyib. Onların indi ədəbiyyat uğrunda vuruşması, belə baxanda, sevindiricidir”.
Şair Akif Əhmədgil: “40 ildən çoxdur ki, qəzet-kitab oxuyuram, doğrusu, belə köntöy suala rast gəlməmişəm. Mənim üçün mənasız və məntiqsiz sualdır. Hər halda sualın qoyuluşu baş-ayaqdır. Belə baxanda ədəbiyyat hər yerdə və heç yerdədir... Füzulini, Əli Kərimi, Tolstoyu, Qoqolu oxuyanda, yaxud Oljas Süleymenovun şeirlərini tərcümə edəndə, ümumiyyətlə redaktə və tərçümə ilə məşgul olanda mənim üçün ədəbiyyat hər yerdədir. Boş-boş çızmaqaraları oxuyanda isə ədəbiyyat heç yerdədir”.
Ədəbiyyatşünas, tənqidçi Məti Osmanoğlu: “Bu məsələyə iki mövqedən yanaşmaq mümkündür: birincisi, cəmiyyətin diqqətini ədəbiyyata və ədəbiyyatı yaradan adamlara yönəltmək üçün irəli sürülən təşəbbüs; ikincisi, təşəbbüsün adının və ya devizinin seçimi.
Birinci məsələ kifayət qədər ciddidir və bizim cəmiyyətin bu cür təşəbbüslərə, yaxud trendlərə çox böyük ehtiyacı var. Mən dəfələrlə təkrar etdiyim bir fikrə yenidən dönməyi zəruri hesab edirəm ki, ədəbi jurnalların, bədii kitabların 300-500 tirajla nəşr olunduğu bir cəmiyyətin ədəbiyyata münasibətini sağlam hesab etmək olmaz. İlk növbədə bu vəziyyəti cəmiyyət özü qiymətləndirməlidir və onun ciddiliyi ilə hesablaşmalıdır! Təşəbbüsün adı “Hər yer Kərbəla, hər gün aşura!” şüarından götürüldüyü üçün müxtəlif assosiasiyalar yaradır. Hətta burada ədəbiyyatı dini duyğulara qarşı qoymaq niyyəti də nəzərdən yayınmır... Ədəbiyyat hər yerdə yoxdur və olmağına ehtiyac da görmürəm. Ancaq ədəbiyyat olmalı olduğu yerdə mütləq olmalıdır! Təəssüf ki, indi ədəbiyyat olmalı olduğu yerdə deyil və bu baxımdan onun hər yerdə axtarılmasını təbii hesab edirəm. Axtarmağın ziyanını görmürəm. Ümid edirəm ki, axtarılan sonunda tapılacaq”.
Yazıçı Şərif Ağayar: “Bu cür kampaniyalarda səslənən şüar tipli fikirləri sözün müstəqim mənasında anlamaq və ya o cür qələmə vermək doğru deyil. Qayə aydındır. Hər yan yazılmış, yazılmamış ədəbiyyatdır.
Ədəbiyyatın bu mənada sərhədi yoxdur. Belə kreativ trendlər bu gün bizə çox lazımdır. Lakin öz içimizdə bilməliyik ki, hay-küy olan yerdə istedadsızlar daha aktiv olurlar. Ədəbiyyatın təbliğində ümumi fikirləri nə qədər ucadan demək lazımdırsa, ədəbiyyatın özündə o qədər fərdiliyə və pıçıltıya çəkilmək lazımdır. Çığıra-çığıra eyforiyaya qapılmamaq üçün ayıq olmalıyıq. Kitaba laqeydlik bizi həyəcanlandırıb yaradıcı təmkindən və sənət prinsiplərdən kənara çıxarmamalıdır. “Hər yer ədəbiyyatdır” deyəndə, o demək deyil ki, hər kəs əlini-qolunu sallayıb bu mənəvi əraziyə daxil ola bilər. Yaradıcılıq ayrı işdir. Məncə, kampaniyanı aparanlar da, onu dəstəkləyənlər də, ona dodaq büzənlər da bu gerçəkliyi unutmamalı və malı mala qatmamalıdır”.
Tənqidçi Əsəd Cahangir: “Ədəbiyyat söz sənətidir. Söz Tanrıdır. Tanrı hər yerdədir. Demək, ədəbiyyat da hər yerdədir. Bu məsələnin metafizik başlanğıcı, transsendent köküdür. Amma məsələ bununla bitmir. Allah dünyanı sözdən yaradıb. Hər şey sözdür. Varlıq sözün fərqli modifikasıyalarıdır. Demək hər nə varsa, ədəbiyatdır. Zaman da ədəbiyyatdır. Məkan da ədəbiyyatdır. Tarix də ədəbiyyatdır.
Cəmiyyət də ədəbiyyatdır. Həyatın ən adi faktı da ədəbiyyatdır. Yazıçı onu yazssa da, yazmasa da o yaranışından sözdür, ədəbiyyatdır. Yazıçı sözü yazmır, həyatın özündə var olan ədəbiyaytı, canlı sözü sadəcə tapıb yazıya alır. Bəzi yazıçılar sözü mətnə çevirəndə öldürürlər. Onlar pis mamaçalardır. Onların sözü ölü doğulur. Bəzi yazıçılar sözü canlı şəkildə dünyaya gətirə bilirlər. Onlar istedadlı analardır. Varlıq ilkin sözdür. Ədəbiyyat ikinci sözdür. Hər nə varsa, sözdür. Hər nə varsa, ədəbiyyatdır”.
Şair İlqar Fəhmi: “Ədəbiyyatın və ümumiyyətlə, kitabın təbliğinə yönələn istənilən aksiya
alqışlanmalıdır. Lakin bəzən zahirən maraqlı görünən hansısa lahiyə əslində sabun köpüyündən başqa bir şey olmur. Yəni kitab təbliğatı ideyası, ədəbiyyatın reklamı hiss olunmadan hansısa işbaz təfəkkürlü adamların özünütəbliğinə çevrilir. Çünki baxırsan ki, muəyyən layihələr sadəcə zahiri effektə söykənir, heç də gənclərdə kitaba, ədəbiyyata olan həvəsi artırıb eləmir. Belə layihələrdə ən esas məqsəd olmalıdı, vasitə yox. Amma təbii ki, kimin bəyənib-bəyənməməyindən asılı olmayaraq, kütləvi tədbirlərə gənclərdə həvəs var, bu həvəsi də ədəbiyyata yönəltməkçün çalışmaq lazımdı...”
Yazıçı Azər Qismət: “Ədəbiyyat hər yerdə deyil. Ədəbiyyat kitab mağazalarındadır. Əsas məsələ onu adamların oxumasıdır. Ona görə də bu böyük problemin həlli üçün şair və yazıçılar əsərlərinin təqdimatını keçirirlər. Ədəbiyyatda pul qazanacağını da düşünmürlər. Təki adamlar oxusun.
Təqdimatda satılmayan kitablara da əncam çəkilir. Kitaba 5 manat ayırmağı maliyyə büdcələri üçün böyük “üzüntü” sayan adamların “kitabını mənə hədiyyə et də” sözlərinə bağışlanır o əsərlər. Əslində, ədəbiyyat unudulmayıb, yenə var. Və artan templə inkişaf edir. Ədəbi nümunələr də artır. Buna “nümunə” də deməzdim. Sadəcə, nəzm əsərləri çox dərc olunur. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından sonra adi bərbər də opera yazmağa başladı. İndi də elədir. Hamı özünü ədəbiyyatda sınayır. Sinamaq pis deyil. İnsan özünü sınayar və alınmadığını görərsə, əl çəkər. Ancaq həvəskarların sınaq müddəti illərlə çəkir. Bax, onda əsl yazıçılar o sınayanların arasında itib-batır. Belə bir ifadə var ki, hər şey ələnir və yaxşılar qalır. Elə bəla da burasındadır ki, adamlar özünü sınayanların əsərini kult kimi qəbul edir, əsl yazılara isə rişxəndlə yanaşırlar. Bu baxımdan hər yer ədəbiyyat deyil. Ancaq kitab mağazalarındadır. Sovet illərinin yaxşı xüsusiyyəti onda idi ki, ədəbiyyatı pambıq tarlalarından tutmuş zavod-fabriklərə qədər aparılırdı, maraq oyadılırdı. Ona görə də ədəbiyyatın hər yerdə olması üçün KİV böyük dəstək verməli, yeni dərc edilən əsərlər reklam olunmalı, çarxlar çəkilməlidir”.
Şair Ehtiram İlham: “Ədəbiyyat hər yerdədi - əlbəttə, onu görmək, duymaq istəyənlər üçün... Könlün istəyərsə, içindən keçərsə, ruhuna hoparsa, ədəbiyyata sığınıb yaşayarsan da. Ədəbiyyat ürəyə və düşüncəyə hakim kəsilmək gücünə malik olduğuna görə onu gözün harda istəsə, görə bilərsən. Zərin qədrini zərgər bildiyi kimi, ədəbiyyatın da qədrini içi dipdiri və dopdolu insanlar bilib həmişə. Var olsun, belə belə insanlar. Var olsun, ədəbiyyata könül verən gənclər”.
Yazıçı Cavid Zeynallı: “Əlbəttə, ədəbiyyat hər yerdədir. Sözün bütün mənalarında. İstər yazıçı gözündə, istər oxucu. Daha doğrusu, hər yerdə olmalıdır. Ədəbiyyat hər yerdə olmayınca
Azərbaycan yazıçısı yenə məzlum, məğmun, zavallı obrazında hörmətsiz olacaq. Azərbaycan yazıçısının üzüağ, alnıaçıq, qaməti şax görmək istəyiriksə, onun yazdığını hər yerdə təbliğ etməliyik. Əlbəttə, söhbət yazıçıdan, həqiqi qələm adamından gedir. Onların sayı isə onlarla, yüzlərlə deyil.”
Şair Emin Piri: “Ədəbiyyat hər yerdədir. Amma düşünürəm ki, həyat ədəbiyyatın içində yox,
ədəbiyyat həyatın içində olmalıdır. O zaman ədəbiyyat insana xidmət etmiş olur. Əks halda ədəbiyyat insanlıq üçün zərərli sahəyə çevrilə bilər. Amma ədəbiyyatın hər yerdə olduğu gerçəklikdir. Sadəcə bunu görmək, duymaq, hiss etmək lazımdır”.
Mirmehdi,
© AzNews.az