“Çox zaman əsərin qiymətini sənətkarlar yox, başqaları qaldırır” “Çox zaman əsərin qiymətini sənətkarlar yox, başqaları qaldırır”

Rəssam Yusif Mirzə: “Bu, sənətin böhranından xəbər verir” – MÜSAHİBƏ

“Çox zaman əsərin qiymətini sənətkarlar yox, başqaları qaldırır”

Bir neçə gün əvvəl incəsənət tarixi üçün ilginc sayılacaq bir hadisə baş verdi. Məşhur qraffiti ustası, rəssam Bənksinin əsəri Sotheby's hərrac evində müzayiqəyə çıxarılan “Şar tutan qız” əsəri satıldıqdan sonra öz-özünə doğranmağa başladı. İnstagram səhifəsində video paylaşan rəssam isə bunu özünün elədiyini dilə gətirdi. Daha sonra doğranmış əsərin “Zibil qutusundakı məhəbbət” adıyla satılması xəbəri yayıldı.

AzNews.az rəssam Yusif Mirzə ilə bu hadisəni müzakirə edir.

- Banksinin əsərinin başına gələn bu hadisə barədə nə düşünürsünüz?

- Mən bir rəssam olaraq, müasirliyin, yeni formaların, yeni təsvir dilinin, yeniliklərin tərəfdarıyam. Bunlarsız sənət sənət ola bilməz və inkişaf edərək dəyişə bilməz. Amma bütün bunları yenilik və müasirlik xatirinə edəndə bayağı, sənətə dəxli olmayan şeylər meydana çıxır. Sənət o zaman gözəldir və maraqlıdır ki, ənənələrdən bəhrələnir.

- İncəsənət tarixində belə hadisə olubmu? Yoxsa, bu, ilkdir?

- Onu deyə bilməyəcəm, belə hadisə olub, ya yox. Ancaq mənim fikrimcə, sənətdə varislik çox vacibdir. Misal üçün, Van Qoq böyük dahidir, amma çoxları bilmir ki, Van Qoqu o səviyyəyə çatdıran yapon incəsənətinin korifeyləridir. Van Qoqun əlinə yapon rəssamlarının qravürləri düşür. Necə təsirlənirsə, öz məhşur stilini yaradır. İlk baxışda qəribə görünə bilər. Amma əslində qəribə heç nə yoxdur. Qəribə görünə bilər, ona görə ki, holland əsilli rəssam, Fransanın mərkəzində yapon rəssamlarının təsirinə düşür. Amma bu təsir dünyaya Van Qoq sənəti adlı bir möcüzə bəxş edir. Burada iki güclü faktor vardı. Güclü Avropa rənggarlıq mədəniyyəti və ecazkar şərq incəsənəti, üstəgəl Van Qoq çılğınlığı.

- İncəsənət aktı kimi bu hadisənin dəyəri varmı?

- Mənə elə gəlir ki, bu gün rəssamlıqdan daha çox şou, kommersiya üstünlük təşkil edir. Bu, daha çox sənətin böhranından xəbər verir. Kimsə çirkli yatağını sənət adına təqdim edir, kimsə spirtin içərisinə köpək balığı salır, kimsə nəyisə doğrayır, satır. Bilmirəm, bəlkə kimin üçünsə maraqlıdır. Amma mənə qətiyyən maraqlı deyil. Bütün bunların sənətə məncə, heç bir dəxli yoxdur.

- Belə hadisə olubmu, yoxsa bu, ilkdir?

- Məgər dünyanın bütün maraqlı sənətlərini öyrənib bitirmişikmi? Əminəm, kasıb, ac-yalavac Afrika ölkəlində elə gözəl sənət nümunələri yaradan sənətkarlar var ki, əsərləri dünyanın ən modern muzeylərini bəzəyə bilər.

- Sizcə qraffiti əsl sənətdir?

- Qraffitini olsa-olsa, küçə sənəti hesab etmək olar. Böyük sənət yox. Hesab edirəm ki, bütün bunlar sənət adına yaradılan şoulardır və böyük sənətə heç bir aidiyyatı yoxdur.

- Məlumat üçün deyim ki, Banksinin doğranmış əsəri dünən başqa adla hərraca çıxarıldı və 1.4 milyon dollara satıldı. Sizc,ə incəsənət əsərlərinin bu cür ağlasığmaz məbləğlərə alınıb-satılması onları gözdən salmırmı?

- Maraqlı bir məqama toxunursunuz. Sənət və pul. Hər şeydən pul qazana bilən insanlar var. Onlar kommersiya istedadına, biznes qabilliyyətlərinə malikdirlər və bu işlə məşğul olurlar. Amma əslində bütün bunların əsl sənətə çox az dəxli var. Sənəti qiymətləndirən kolleksiyaçılar çox olub. Elə indi də var. Onlar sevdikləri əsərlər üçün pul verməyə xəsislik də etmirlər. Amma sənətkar biznesmen deyil və çox zaman da əsərin qiymətini sənətkarlar yox, başqaları qaldırır.

- Ümumiyyətlə hərraclar və əsərlərin satışları ilə bağlı belə qeyri-adi hadisələr olub?

- Bu movzuda maraqlı hadisələr olub, elə indi də baş verməkdədir.

Mirmehdi,

AzNews.az