“Azərbaycan ədəbiyyatı antologiyası” təqdim olundu “Azərbaycan ədəbiyyatı antologiyası” təqdim olundu

Ədəbi cameə bir araya gəldi- Antologiya təqdim olundu

“Azərbaycan ədəbiyyatı antologiyası” təqdim olundu

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan ədəbiyyatı antologiyası (gənclər)” kitabı təqdim olunub.

AzNews.az-ın verdiyi məlumata görə tədbirdə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Sənət Birliyinın (İLESAM) rəhbəri Mehmet Nuri Parmaksız, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycan nümayəndəsi Xəyal Rza, Türkiyə və İrandan olan qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Rəşad Məcid açıb. O bildirib ki, gənc qələm adamlarının əsərlərindən ibarət “Azərbaycan ədəbiyyatı antologiyası” İLESAM-ın Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı töhfəsidir:

“100 gənc Azərbaycan qələm adamının şeir və hekayələrinin yer aldığı kitab Türkiyədə nəşr olunub. Antologiyanı Fərid Hüseyn və Günel Şamilqızı hazırlayıblar. Hesab edirəm ki, bu kitab Azərbaycan ədəbiyyatının palitrasını kifayət qədər əks etdirir. Məncə antologiyada əsəri yer alan qələm adamları 10 il, 20 il sonra Azərbaycan ədəbiyyatını Türkiyə və başqa ölkələrdə layiqincə təmsil edəcəklər. Bu işə dəstək olduğu üçün İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksıza, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi Xəyal Rzaya təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu kitab bizim gənclər üçün çox böyük hədiyyədir”.

Daha sonra İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız çıxış edərək 100 azərbaycanlı şair və yazıçının Türkiyədə çap olunmasını yüksək qiymətləndirib:

“Bu bizim üçün, böyük işdir. Kitablar Türkiyədə kitab mağazalarına paylanılıb. Türk oxucular alıb oxuya biləcək, Azərbaycan qələm adamları ilə tanış olacaqlar. Mən öyrəndim ki, antologiyada qələm adamlarının hamısını əhatə olunmayıb, əsərləri kitaba salınmayan gənclər də var. Söz verirəm ki, 2019-cu ildə İLESAM bu gənclərin yaradıcılıqlarını da əhatə edən kitab çap edəcək. Bu cür kitabların çap olunması, bədii əsərlərin tərcümə olunması əslində türk dünyasının birlik və bərabərlik yolunda olması üçün atılan addımdır”.

Tədbir daha sonra bədii hissə ilə davam edib.

AzNews.az