“Avroviziya” təmsilçimiz: 13 mənim ən sevimli rəqəmimdir - MÜSAHİBƏ

Çox xoşbəxtəm ki, bu müsabiqəyə məni seçiblər

Noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək “Avroviziya” uşaq müsabiqəsində Azərbaycanı “Sənin kimi olmaq” (“I wanna be like you”) mahnısı ilə təmsil edəcək Fidan Hüseynova Oxu.az saytına müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

– Necə oldu ki, “Avroviziya”ya qatılmaq qərarına gəldiniz?

– Çox xoşbəxtəm ki, bu müsabiqəyə məni seçiblər. Ölkəmizi layiqli təmsil etmək üçün çox çalışacağam.

– Bu müsabiqədən əvvəl mahnı ifa edirdiniz?

– Musiqi təhsilim var. Həmişə musiqi ilə məşğul olmuşam. Bilmirdim ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcəyəm. Seçildiyimi eşidəndə özümü çox xoşbəxt hiss etdim. Ölkəmi layiqli təmsil edəcəyimə əminəm.

– Noyabrın 24-ü 13 yaşınız tamam olur. Bundan bir gün sonra da yarışdır. Bu, həyəcan yaratmayacaq?

– Yox, əksinə, bu məni daha da sevindirəcək, motivasiya edəcək, əhvalımı yüksəldəcək. 13 mənim ən uğurlu, sevimli rəqəmimdir və mənə uğur gətirəcəyinə ümid edirəm. Yarışmada qalib olsam, bunu özümə ad günü hədiyyəsi etmiş olacağam.

– Böyüklərin “Avroviziya” musiqi yarışmasında gələcəkdə iştirak etmək kimi xəyallarınız var, yoxsa bununla kifayətlənəcəksiniz?

– 3-5 il sonra nə olacağını bilmirəm. Zaman özü göstərəcək. Amma əgər təklif etsələr, əlbəttə, razılaşacağam.

– Böyüklərin “Avroviziya”sında idealın olaraq gördüyün biri var?

– Bəli. “Avroviziya”nın əvvəlki iştirakçılarından Lara Fabian (italiyalı pop müğənni – S.M.) çox xoşuma gəlir, onun mahnılarını, səsini bəyənirəm. Onunla artıq iki dəfə səhnəni paylaşmışam. Bu, bir dəfə Bakıda, bir dəfə İstanbulda olub. Ona oxşamağı çox istəyirəm.

– İngilis dilini bu müsabiqə öncəsi öyrənmisiniz?

– Yox, mən əvvəldən ingilis dilini bilirdim. İngilisdilli məktəbdə – “Baku Oxford School”da oxuyuram. Həm də fransız, ispan dillərini öyrənirəm.