Xəyal Rza: “Həddlərini aşmasınlar”

“Həddlərini aşmasınlar”.

“Azərbaycan ədəbiyyatı antologiyası” İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın şəxsi təşəbbüsü ilə çap edilib”.

Bu sözləri AzNews.az-a açıqlamasında İLESAM-ın Azərbaycan nümayəndəsi Xəyal Rza söyləyib.

O, bildirib ki, “Azərbaycan ədəbiyyatı antologiyası” nəşrində məqsəd Azərbaycan Cümhuriyyətinin 100 illiyinə töhfə vermək olub: “Mehmet Nuri bəy bizə bu təkliflə çıxış elədi, biz də razılaşaraq bu qərara gəldik ki, antologiyaya Azərbaycanın gənc qələm adamlarının əsərləri daxil edilsin. Kitabın tərtibatı da istedadlı şair Fərid Hüseynə tapşırıldı. Fərid ora sanballı imzaları toplayıb. Bununla bağlı heç kəsin şübhəsi ola bilməz.

Kitabın tərcüməsi isə İLESAM tərəfindən əslən Cənubi Azərbaycandan olan Məhəmməd Rzaya tapşırıldı. Yəni nə Fərid, nə mənim tərcümə prosesindən xəbərim yoxdur. Amma kitab çap olandan sonra tərcümənin qüsurları ilə bağlı xeyli iradlar bildirildi. Mən də bu barədə Mehmet Nuri bəyə məlumat verdim. O, mənim yanımda Türkiyədəki tərcüməçini aradı, qüsurları bildirəndən sonra onu vəzifəsindən azad elədi. İLESAM bundan sonra Məhəmməd Rza ilə çalışmayacaq. Əslində Məhəmməd Rza Türkiyədə Baş Bakanlıqda Basın və İnformasiya şöbəsinin tərcüməçisidir, yəni kifayət qədər peşəkardır. Sadəcə ona tapşırılmışdı ki, şeirlər tərcümə olunmasın, yalnız əlifba uyğunlaşdırılsın. Amma o, şeirləri də tərcümə edib.

Biz hazırkı nöqsanın aradan qaldırılması üçün qərara gəldik ki, çap olunmuş nüsxələr məhv edilsin. Azərbaycana 32 ədəd kitab paylanılıb. Onlar da geri istəniləcək.

Yeri gəlmişkən bir şeyi də qeyd edim ki, bu tənqidlərin yaxşı tərəfləri də ortaya çıxdı. Biz bugünki açıqlamalardan Ramil Əhmədin Türkiyədə təhsil aldığını, Elçin Aslangilin orada yaşadığını öyrəndik. Demək istəyirəm ki, elə həmin dostların iştirakı ilə əsərlər yenidən tərcümə olunacaq və çap ediləcək.

İLESAM-ın burda xırda yanlışığı ondan ibarətdir ki, kitab türkcəyə tərcümə olunandan sonra bura göndərilib redaktə olunmalı idi. Amma vaxt darlığına görə, bir az da tərcüməçiyə güvən hissindən dolayı dərhal çapa verilib.

Narahat olan qələm dostlarımıza məsuliyyətlə deyirik ki, qüsur aradan qaldırılacaq. Neytral mövqedə olan dostlarımıza deyirik ki, o kitablar yenidən tərcümə olunacaq, bu dəfə daha yaxşı şəkildə çap olunacaq. Amma dırnaqarası dostlarımıza demək istəyirək ki, əllərinə o saat balta almasınlar. Bu antologiya İLESAM-ın Azərbaycan Cümhuriyyətinə, Azərbaycan xalqına sevgisinin nümunəsi idi. Tərcümə işi, qüsur qalıb bir qıraqda, məsələni tamam başqa yerlərə yozurlar. Onlara demək istəyirəm ki, həddlərini aşmasınlar. Əvvəl daş üstünə daş qoysunlar , ondan sonra Azərbaycan ədəbiyyatı haqqında, Azərbaycan ədəbiyyatının xaricdə təbliği haqqında fikir yürütsünlər”.

AzNews.az