Azərbaycanlı bəstəkar daha bir uğura imza atıb. Azərbaycanlı bəstəkar daha bir uğura imza atıb.

Firəngiz Əlizadə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib

Azərbaycanlı bəstəkar daha bir uğura imza atıb.

Məlum olduğu kimi, Andrey Petrov Fondunun və Sankt-Peterburq Şəhər Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə 1994-cü ildən başlayaraq, hər iki ildən bir Rusiyanın Sankt-Peterbur şəhərində bəstəkarlar arasında simfonik orkestr üçün ən yaxşı əsər üzrə müsabiqə keçirilir.

Musiqişünas Nadejda Kuzina AZƏRTAC-a bildirilib ki, bu il Andrey Petrov adına Bəstəkarların XII Beynəlxalq müsabiqəsinin final gecəsi Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasının böyük salonunda təşkil olunub.

Bu mərhələdə müsabiqəyə təqdim edilmiş 107 əsərdən 6-sı səsləndirilib. Əsərləri Rusiyanın Əməkdar artisti, professor Aleksandr Titovun rəhbərliyi etdiyi Sankt-Peterburq Akademik Simfonik Orkestri ifa edib.

Qeyd edək ki, ötən illər ərzində müsabiqənin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənərək, ümumrusiya səviyyəsindən qalxaraq beynəlxalq status alıb. Rusiyalı müəlliflərlə yanaşı, bu il Fransa, Çexiya, ABŞ, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Belarusdan olan bəstəkarların müsabiqəyə qatılması bunu bir daha sübut edir.

Bu barədə müsabiqənin Təşkilat Komitəsindən münsiflər heyətinin sədri, dünya şöhrətli bəstəkar və musiqi sahəsində beynəlxalq ekspert, professor Firəngiz Əlizadənin ünvanına göndərilmiş təşəkkür məktubunda da qeyd olunub: “Yüksək peşəkarlığınız, istedadınız, xoş niyyətiniz və musiqiyə sədaqətiniz sayəsində bizim müsabiqənin arealı ildən-ilə genişlənərək daha çox iştirakçı və azarkeşi özünə cəlb edir”.

Sevindirici haldır ki, F.Əlizadə artiq üçüncü dəfədir, Sankt-Peterburqda keçirilən bu nüfuzlu müsabiqənin A.Knayfel, A.Desyatnikov, P.Karmanov, F.Lednev, N.Xruşşeva, Dm.Yanov-Yanovski kimi tanınmış musiqiçilərdən təşkil olunan münsiflər heyətinə rəhbərlik edir.

Final mərhələsinin konsertindən sonra çıxış edən münsiflər heyətinin sədri F.Əlizadə Rusiya və Azərbaycanın bəstəkarlıq məktəblərinin dərin köklərə malik möhkəm yaradıcılıq əlaqələrindən bəhs edib. Daha sonra F.Əlizadə səslənmiş əsərlər haqqında da danışaraq gənc bəstəkarlara yeni-yeni yaradıcılıq uğurlar və axtarışlar arzulayıb.

Bağlanış gecəsinin sonunda qaliblər elan edilib və müsabiqənin laureatlarına mükafatlar təqdim olunub. Birinci və ikinci yerlərə amerikalı bəstəkarlar - Nina Sinyakova və Yevgeny Birman layiq görülüblər. Üçüncü yer isə rusiyalı bəstəkar Alina Podzorovaya verilib.

Həmçinin finala vəsiqə qazanan bəstəkarlar - Ayaz Qəmbərliyə (Azərbaycan), İvan Aleksandrova (Sankt-Peterburq) və Roman Tsypyshevə (Yekaterinburq) müsabiqənin diplomları təqdim edilib. Bundan əlavə, “Tamaşaçı simpatiyası” mükafatı isə "Qış səhnələri" adlı əsərinə görə I.Aleksandrova verilib.

Rusiyanın “Kultura” kanalında konsertdən kadrlar və həmçinin F. Əlizadənin geniş müsahibəsi yayımlanıb.

Qeyd edək ki, Firəngiz Əlizadə Avropa və Amerikada bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin münsiflər heyətinin və bədii şuralarının üzvüdür.

image description image description image description