Vaqif Yusifli: “Onun da cəsədi, digərləri kimi, suya qarışıb, izi itib” Vaqif Yusifli: “Onun da cəsədi, digərləri kimi, suya qarışıb, izi itib”

Professor Müşfiq haqqında yayılmış xəbərlərə qətiyyən inanmadı

Vaqif Yusifli: “Onun da cəsədi, digərləri kimi, suya qarışıb, izi itib”

Son günlər mətbuatda görkəmli Azərbaycan şairi, repressiya qurbanı Mikayıl Müşfiqin cəsədinin aşkarlanması ilə bağlı iddialar yer alıb.

Filologiya elmləri doktoru, professor, tanınmış ədəbi tənqidçi Vaqif Yusifli “Bakı-Xəbər”ə açıqlamasında M.Müşfiqin cəsədinin aşkarlanmasının o qədər də inandırıcı görünmədiyini bildirib. “Mən o cəsədin Mikayıl Müşfiqə aid olduğuna, ümumiyyətlə, yayılan bu xəbərin reallığına o qədər də inanmıram. Çünki M.Müşfiqi güllələyib dənizə atıblar. Onun da cəsədi, digərləri kimi, suya qarışıb, izi itib. Bu hadisənin üstündən illər keçib. Təki o cəsədin Mikayıl Müşfiqə aid olduğu həqiqət olsun. Ancaq o zaman yalnız Müşfiqi güllələyib dənizə atmayıblar ki, onunla yanaşı neçə-neçə repressiya qurbanına eyni aqibət yaşadıblar. Bu halda necə müəyyən etmək olar ki, bu cəsəd Müşfiqə aiddir? Müşfiqin haradasa dəfn edilməsi ilə bağlı hər hansı bir informasiya yoxdur”.

V.Yusifli həmçinin qeyd etdi ki, Müşfiqə aid olduğu iddia edilən cəsəd ekspertizadan keçdikdən sonra həqiqət aşkara çıxacaq.

Qeyd edək ki, Rusiya milyarderi Fərhad Əhmədovun iddiasına görə, o, Stalin repressiyası qurbanlarının bir çoxunun qalıqlarının dəfn edildiyi Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi M.Müşfiqin qalıqlarını aşkar edib.

© AzNews.az