Şərif Ağayarın yazısı Şərif Ağayarın yazısı

“Üç nəfər idik, eyni anda sinəsinə atəş açdıq” - keçmiş prokuror Mikayıl Müşfiqin sümüklərini niyə tapmadı?

Şərif Ağayarın yazısı

Mikayıl Müşfiq son günlər mətbuatda qalmaqallı gündəm yaradıb.

Ehtimal var ki, şair Nargin adasında güllələnəndən sonra dənizə atılmayıb, Qosbustan rayonunda yerləşən Puta qəsəbəsində basdırılıb. Məzar aşkarlanıb. Sümüklər üzərində təhqiqat işləri başlanıb, Mədəniyyət Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verib.

Mütəxəssislər sözün deməmiş nəşin fotoları hər yanda yayılıb, mətbuatda müzakirələr başlanılıb.

Məsələ ilə bağlı mən də bəzi bildiyim faktları yazmaq istəyirəm.

Tanıyanlar bilir, vaxtıyla Mərkəz Qacar adlı təmsil yazan şair vardı. O, həm də prokuror idi. Bakı Şəhər Prokurorluğunda şöbə rəisi işləyirdi. Mərkəz müəllim 2000-lərin əvvəllərində Mikayıl Müşfiq haqqında sənədli poema yazmışdı. Poema əsasında dövlət televiziyasında video-kompozisiya hazırlanmışdı. Mən də izləmişdim. Poema bədii cəhətdən elə də maraqlı gəlməsə də Mərkəz müəllimin əsərin hazırlıq dövründə Müşfiqlə bağlı apartdığı araşdırma çox maraqlı idi.

Mən bu faktı təsadüfən bildim.

Şair dostum Murad Köhnəqala ilə Fəvvarələr bağında gəzirdik, qəfil Mərkəz Qacarla rastlaşdıq. Muradın qalstuklu şairlərdən xoşu gəlmirdi deyə, yolumuzu dəyişmək istədik. Amma dedim, görüşək, ona pivə aldıraq. Murad razılaşdı.

Bizi tanıyırdı. Oturmaq təklifimizi anındaca qəbul etdi. Oturanda nə içəcəyimizi soruşmadı. Birtəhər hərləyib-fırlayıb söhbəti pivənin üstünə gətirdik. O, nəhayət bizi başa düşdü və özü də bizimlə az-az içməyə başladı.

Mərkəz Qacarın noxud yeyə-yeyə Müşfiqdən danışması indi də gözlərimin qarşısındadır. Mən onu fakta doğru çəkirdim, o poemasından danışırdı. Uzun zəhmət hesabına poemanın zəif misraları arasından aşağıdakı faktları dartıb çıxara bildim.

Demək, Mərkəz müəllim səlahiyyətlərindən istifadə edib Mikayıl Müşfiqi güllələnməsində iştirak edən və hələ də yaşamaqda olan əsgərlərdən birini tapır, onu götürüb Nargin adasına aparır. Adam şairi necə vurduqlarını danışır, kubik bağlayıb hardan dənizə atdıqlarını dəqiqliklə göstərir. Deyir, üç nəfər idik, eyni anda sinəsinə atəş açdıq.

Bundan sonra cənab prokuror Nargin adasına dalğıc aparır və qoca əsgərin göstərdiyi yerdən dənizi axtartdırır.

Lakin heç nə tapılmır.

O vaxt Mərkəz Qacarı aldatmaq mümkün deyildi. O, təkcə qoca şahidin sözlərindən çıxış etmirdi. Müşfiqin aqibəti haqda əsaslı dəlilləri vardı.

Mən Mərkəz müəllimə tamamilə inandım. Ona görə, bu Puta söhbəti ağlıma batmır. Bircə ehtimal var: Kimsə Müşfiqin cəsədinin qalıqlarını tapır, gizlincə aparıb Qobustanda dəfn edir. Məncə, o qədər inandırıcı səslənmir.

Bütün hallarda o nəşi mətbuatda şouya çevirmədən, ədəbli və urvatlı şəkildə araşdırmaq, oxuculara dəqiq məlumat vermək lazımdır. Peşəkarlıq və keçmiş qarşısında sayğı bunu tələb edir.

Mikayıl Müşfiqin də, Mərkəz Qacarın da ruhu şad olsun!

Şərif Ağayar,

AzNews.az