- Mədəni adam
- 12 Noyabr 2018 15:08
- 3 259
Rejissor: “Yüz eşitməkdənsə, yüz film gör” – Müsahibə
“Bu, ilk dəfə olacaq”
14-17 noyabr tarixlərində Bakıda IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.
AzNews.az festivalın direktoru və prodüseri rejissor Fehruz Şəmiyevlə müsahibəni təqdim edir.
- “START” Beynəlxalq Qısa Filmlər Festivalı neçənci ildən keçirilir?
- “START” Beynəlxalq Qısa Filmlər Festivalı ilk dəfə 2004-cü ildə keçirilib. O zamanlar beynəlxalq formatda deyildi. Festival son illər fəaliyyətini müəyyən qədər dayandırmışdı. Üçüncü tədbirdən sonra tam olaraq beynəlxalq formatda keçirilməyə başladı. Artıq xaricdən qonaqlar dəvət edilir, münsiflər heyəti xaricilərin içindən seçilir, həm də iştirakçı kimi qatılmağa dəvət edilirdilər. Əvvəlki illərə nisbətdə səkkizinci festival, indi də artıq doqquzuncu festival daha geniş formatda keçirilməyə başlayıb. İlk dəfə festivalı yaradanda daha çox Şərqi Avropa və Yaxın Şərq ölkələri, keçmiş Sovetlər Birliyi ölkələri coğrafiyasında tanınmış festivala çevrilməyi nəzərdə tutmuşduq. Amma müəyyən fəaliyyətdən sonra baxdıq ki, artıq bizə təkcə Şərqi Avropadan deyil, Qərbi Avropanın Almaniya, Fransa, İspaniya kimi aparıcı ölkələrindən də filmlər gəlir.
- Bu il festivalda hansı ölkələrdən filmlər iştirak edir?
- Bizim artıq Yunanıstandan, İtalyadan, Almaniyadan, Fransadan, Rusiyadan qonaqlarımız var. Həmin rejissorlar bizim rejissorlarla həmsöhbət ola biləcəklər. Düşünürəm ki, bu festivalın Bakıda olması, canlı müzakirələrin keçirilməsi gənc rejissorlarımızdan ötrü çox böyük şansdır. Ən azından onu nəzərə almaq lazımdır ki, builki festival çox zəngindir. Dünyanın aparıcı festivallarının qısametrajlı filmlər proqramına düşmüş filmlər bizim festivalda da yarışacaq. Berlin, Venesiya, İstanbul fetivallarında filmləri ilə iştirak etmiş və mükafat almış müəlliflər əsərlərini bizim festivala da göndəriblər. Bundan başqa, Almaniyanın bir neçə aparıcı yayım şirkəti var ki, gənc rejissorların filmlərini film satış mərkəzlərinə çıxarmaqla məşğuldur. Həmin yayım şirkətləri bizim festivalla artıq tanışdır deyə onlar da bir neçə film göndərib. Festivala Almaniyadan 60 film göndərilib. Bu, o deməkdir ki, “Start” Avropadakı qısametrajlı film festivallarının sırasına qatılmaqdadır.
- Festivalda iştirak etmək üçün yaş məhdudiyyəti var?
- Bizdə 35 yaşa qədər olan rejissorların 35 dəqiqəyədək olan filmləri qəbul edilib. Seçim komissiyasına bütövlükdə 490 film göndərilmişdi. Onlardan 100-ü proqrama salınıb. Keyfiyyətli filmlərin sayı çox olduğu üçün proqramdan kənara qoymaq istəmədik. Üstəlik 100 film seçiləndən sonra belə qərara gəldik ki, festivalın şüarı belə olsun: “Yüz eşitməkdənsə, yüz film görmək yaxşıdır”.
- Minsiflər heyətində kimlər var?
- Bizdə iki proqram var: beynəlxalq və yerli proqram. Yerli proqramda ancaq azərbaycanlı gənclər yarışır. Məqsədimiz odur ki, gənc rejissorlarımız festivalda iştirak etmək təcrübəsi qazansınlar, xarici həmkarları ilə görüşsünlər, xarici filmləri izləsinlər. Bu baxımdan yerli proqrama daxil olan filmləri azərbaycanlı münsiflər qiymətləndirəcək. Amma beynəlxalq proqramdakı filmləri xarici münsiflər seçəcəklər.
- Xarici münsifərin arasında məşhur simalar var?
- Beş nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin sədri rejissor, kinoşünas Ayaz Salayevdir. İkinci münsif Berlin Festivalının “Ən yaxşı ssenari” mükafatını qazanmış iranlı rejissor və ssenarist Konbuziya Partovidir. O, Cəfər Pənahi ilə birlikdə “Dairə” filmini çəkib. Üçüncü münsif Dünya Kinotənqidçiləri Assosiasiyasının üzvü, A kateqoriyalı festivalların iştirakçısı, qırğızıstanlı kino tənqidçisi Gülnara Tolomuşovadır. Dördüncü münsif almaniyalı prodüser və böyük film istehsalı şirkətinin rəhbəri Tobias Büxnerdir. Beşinci münsif isə Azərbaycandan olan musiqiçi və prodüser Zəhra Bədəlbəylidir.
- Mükafatlar nədən ibarətdir?
- Qaliblərə “Qızıl nar” heykəlcikləri təqdim olunacaq. Heykəlciklər artıq hazırdır. Bu vaxta qədər festival qaliblərinə “Qızıl nar” mükafatı verilməmişdi. Bu, ilk dəfə olacaq.
- Qaliblərə pul mükafatı da veriləcək?
- Hər bir yer üçün 500 manat pul mükafatı nəzərdə tutmuşuq. Xaricilər üçün bu məbləğ az ola bilər, amma əsas meyar beynəlxalq festivalda iştirakdır. Gələcəkdə mükafatın məbləğini artırmağı düşünürük.
- Nar simvolu bizdə bir neçə dəfə istifadə edilib. Sizcə, daha orijinal simvol tapmaq olmazdımı?
- Narla bağlı müxtəlif layihələr həyata keçirilsə də, heç biri beynəlxalq layihə olmayıb. Bu, film festivalıdır, ikinci tərəfdən Azərbaycan da narın vətənidir, düşündük ki, nar bu baxımdan beynəlxalq arenaya çıxarılacaq simvol sayıla bilər. Xarici həmkarlarımız da Narı “Start”ın simvolu seçməyimizi yüksək qarşılayıblar.
- Festivallar çərçivəsində təkcə filmlər təqdim olunacaq, yoxsa master-klasslar da nəzərdə tutulub?
- Biz Konbuziya Partovinin və Tobias Büxnerin master-klasslarını nəzərdə tutmuşuq.
- Qısa filmlərin prokatı adətən necə təşkil edilir?
- Doğrusu, qısa filmlərin kinoteatrların gəlir əldə etməsi çətin məsələdir. Qısa film rejissorları daha çox beynəlxaql festivallardan gəlir götürürlər. Bundan başqa, müəyyən platformalar var ki, daha çox həmin platformalarda qısa filmlər təqdim olunur.
- İzləyicilər filmlərlə harda baxa biləcəklər?
- Noyabrın 14-dən başlayaraq, 17-ə qədər hər gün saat 12:00-dan 16:00-a qədər 28 Malldakı Cinemaplusun ikinci zalında və Nizami Kino Mərkəzinin birinci zalında izləyə bilərlər.
- Festivalın açılış və bağlanış mərasimləri barədə nə deyə bilərsiniz?
- Festivalın açılışı noyabrın 14-ü, axşam saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Bağlanış mərasimi isə noyabrın 17-i, axşam saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Mirmehdi,
AzNews.az