“O, bütün şüurlu həyatını bədii söz sənətinə həsr edən nadir şəxsiyyətlərdəndir” “O, bütün şüurlu həyatını bədii söz sənətinə həsr edən nadir şəxsiyyətlərdəndir”

Nazir müavini İsa Muğannadan danışdı

“O, bütün şüurlu həyatını bədii söz sənətinə həsr edən nadir şəxsiyyətlərdəndir”

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğannanın (Hüseynov) 90 illiyi respublikamızın hər yerində silsilə tədbirlərlə qeyd edilir.

Mədəniyyət Nazirliyi Sərəncamın icrası ilə əlaqədar müvafiq qurumların təklifləri də nəzərə alınmaqla geniş Tədbirlər Planı hazırlayıb.

Bu sözləri mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev noyabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı İsa Muğannaya həsr edilmiş anım tədbirində söyləyib.

Görkəmli alimin yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynadığını deyən V.Əliyev ədibi nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı kimi xarakterizə edib. “Bu gün 90 illiyinə toplaşdığımız, ədəbiyyatda öz dəstxətti olan İsa Muğanna bütün şüurlu həyatını bədii söz sənətinə həsr edən nadir şəxsiyyətlərdəndir. Nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olaraq onun ötən altmış ildən artıq müddət ərzindəki fəaliyyəti ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfə olub. İsa Muğanna milli özünüdərkə çağıran çoxsaylı əsərləri sırasına bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə edərək ömrünün son günlərinə qədər ədəbi prosesi istiqamətləndirməyə müvəffəq olub. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir”, - deyə V.Əliyev vurğulayıb.

Natiq əlavə edib ki, ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini hadisələrə özünəməxsus yanaşma və fərqli düşüncə tərzi sayəsində daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir. Onun “Dan ulduzu”, “Tütək səsi”, “Teleqram”, “Saz” povestləri, “Doğma və yad adamlar”, “Yanar ürək”, “İdeal”, “Məhşər”, “Qəbiristan” və digər romanları Azərbaycan ədəbiyyatının qiymətli inciləridir. “İdeal” romanı isə “Ədəbiyyatımızın Dostoyevskisi” adlandırılan İsa Muğannanın yaradıcılığında yeni səhifə açmaqla böyük rezonans doğurub. Bu əsərdə Azərbaycan xalqının tarixi kökləri ilə müasir mənəvi problemləri vahid süjet xəttində ustalıqla birləşdirilib.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən İsa Muğannanın “Seçilmiş əsərləri” 6 cilddə çap olunaraq ictimaiyyətin ixtiyarına verilib: “İsa Muğanna, eyni zamanda, Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınır. Onun əsərləri əsasında çəkilən və tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indi də rəğbətlə qarşılanır. Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin lentlər milli kino xəzinəsində özünəməxsus yer tutur”.

Nazir müavini vurğulayıb ki, İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ədibin zəngin yaradıcılığından bəhs edərək onun Azərbaycan ədəbi mühitinin formalaşmasındakı xidmətlərindən danışıb: “İsa Muğannanın yaradıcılığı hər zaman öz aktuallığını qoruyub saxlayacaq. O, XX əsr Azərbaycan realist ədəbiyyatının inkişafında böyük xidmətləri olan ədibdir”.

Sonra ədibin həyat və yaradıcılığından bəhs edən videoçarx, ssenari müəllifi olduğu ekran əsərlərindən fraqmentlər göstərilib.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. (Azərtac)

AzNews.az