“Opera səhnəsinə “Nigar”la gəlmişəm” - İlahə Əfəndiyeva

Əməkdar artist: “Bu, qəhrəmanlıq tələb edir”

Noyabrın 28-də Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operası nümayiş olunacaq.

Bu barədə AzNews.az-a operanın "Nigar" rolunun ifaçısı, əməkdar artist İlahə Əfəndiyeva məlumat verib. O, bildirib ki, “Koroğlu” bu mövsümdə ilk dəfə oynanılır:

“Bu, Üzeyir Hacıbəyovun şah əsəridir. Bu SSRİ xalq artisti Tahir Salahovun 90 illik yubileyinə həsr olunan bir tamaşadır. Tamaşanın quruluşçu teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru isə əməkdar artist Əyyub Quliyevdir. Hazırda qızğın məşqlər gedir. Bir çox ölkədən qonaqlarımız olacaq.15 ildir ki, mən səhnədə Nigaram. Səhnəyə bu obrazla gəlmişəm. Amma hər dəfə bu obrazla səhnəyə çıxanda həyəcan keçirirəm. Obraz üzərimə böyük məsuliyyət qoyur. Nigar mənim üçün çox doğma və yaxındır. Çünki xalqımızın sevdiyi bir obrazdır, tariximizdir. Bu obrazla səhnəyə çıxmaq ifaçıdan qəhrəmanlıq tələb edir”.

İlahə Əfəndiyeva qeyd edib ki, Opera və Balet Teatrının repertuarında olan operalara da dəvət alıb:

“Koroğlu”dan sonra bir neçə operada işləyəcəyəm. Tamaşaçılar məni həmin obrazlarda da görəcəklər. Bu mövsümdə yaradıcılıq planlarım genişlənib. Bir necə konsert proqramlarında və dövlət tədbirlərində iştirak etmişəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az