Uçmaq istəyən Elsəslə müsahibə: Qarabağ savaşından

"Ürəyimdən keçirdi ki, kaş mən də ordumuzun sırasında olardım"

"Bu savaş onu göstərdi ki, dövlət, xalq bir olunca, hər şey mümkündür. El bir olunca, əl bir olunca inanılmazlar olur"

"Orda olsaydım, bəlkə bir mahnı yaranardı. Döyüş, səngər başqadı. Əsgərləri görəsən, qanı görəsən, tər qoxusu, barıt qoxusu gələ burnuna..."

Vətən müharibəsi günlərində kimlər keçmədi ürəyimizdən, ağlımızdan?!. Yaxında-uzaqda olanlarımızın hamısı. Ürək nə istəyirdi? İstəyirdi ki, qürbətdə olanlarımız bütünlüklə – məhz bütünlüklə, hər kəs burda – Azərbaycanda, yanımızda olsunlar. Biz bir idik, dağlar kimi bir-birimizə söykənmişdik. Onların da cismən deyil, ruhən, fikrən, qəlbən bizimlə çiyin-çiyinə dayandıqlarını hiss edirdik, bilirdik.

Bunu Qarabağımıza zəfər yürüşümüzün başladığı ilk günlərdə sevimli Cavanşir Quliyevlə telefon bağlantısında duyduq. Neçə ildir Quzey Kıbrısda yaşayıb çalışan görkəmli bəstəkarımız “ürəyimiz ordadı. Hər gecə, hər səhər qulağımız səsdədi, xəbər gözləyirik...” deyirdi. Neçə-neçə belə soydaşımız var qürbət ellərdə. Bəzisi qardaş diyarlarda, bəzisi... ölkələrin qəlbini qırmayaq, dost diyarlarda, deyək. Amma bilirsiz də səs, avaz sərhəd tanımır, elə quş kimidi. Özü gəlməsə də səsi gəlib çatır. İllərdir Azərbaycan həsrəti çəkən Arazla danışdıq – Elsəs Arazla.

“Elsəs”i bilərəkdən addan önə keçirdim. Səsi elin səsinə qarışıb, ondan. Elin dərdini oxuyub əlinə saz alandan. Nə eşq dərdi çəkib, nə məhəbbət. Ancaq ayrılıq dərdi. Qürbət ayrılığı dərdi yox ha, iki sahilin arasındakı tikanlı məftil dərdi! Vətən savaşımızda onu ən çox təsirləndirən, qürurlandıran da Xudafərinin üzərinə üçrəngli bayrağımızın sancılması olub. Sanki Vətən savaşımız məhz buna görə imiş (həm də buna görə idi – red.), Xudafərin ki fəth olundu, işlər tamamdı! Nələr dedi, nələr danışdı Araz Elsəs. Onu deyim ki, səsində qəribə bir həzinlik vardı. Sanki illərlə “Azərbaycan, mənim eşsiz yurdum oy...”, “Salam dar ağacı!” hayqıran həmin səs deyildi. Qələbə qazandıq, dar ağacı ilə artıq işi bitdi, nədi?!. Uzaq İsveçdən eşitdiklərimizi oxucularımıza da çatdıraq.

- Araz bəy, səsinizi eşitmək xoşdur.

- Mənə də. Hamıya salamlar!

- 44 günlük Vətən savaşımızı necə izlədiniz? Hansı hissləri keçirdiniz? Hansı hissləri keçirdiyinizi bilirik, amma fərq burasındadı ki, bir var Vətəndə olasan, bir də var Vətəndən kənarda. Bu reallıq yəqin ki, hisslərə də təsir edir.

- Ürəyimdən keçirdi, nə olardı, mən də ordumuzun sıradan bir əsgəri olardım... İnan, quş olub uçmaq istəyirdim. Ürəyim əsgərlərin ürəyi ilə döyünürdü. Eşq olsun Azərbaycan əsgərinə. Eşq olsun ordumuza! Sentyabrın 27-dən əvvəl kimsə soruşsaydı, heç kimin ağlına gəlməzdi, belə olacağı. İnanılmaz oldu. Buna qədər insanlarda bir əzginlik, ruh düşkünlüyü vardı. 30 il keçirdi işğaldan. Ancaq bu savaş onu göstərdi ki, dövlət, xalq bir olunca, hər şey mümkündür. El bir olunca, əl bir olunca inanılmazlar olur. Uzaqdan-uzağa izləyirdim, xəbərlər alırdım. Görürdüm 30 il sonra millət necə dirçəlir. Dirçəldi və alnındakı qara ləkə silindi. Eşq olsun o igidlərə ki, torpağımızı geri qaytardılar. Bu, böyük uğurdu. Bütün Azərbaycanın uğurudu. Arazın o tayında, bu tayında bütün insanlar sevinirdi. Bizə bu sevinci yaşadan ordumuza minnətdaram. Eşq olsun onlara!

- Həqiqətən də, Araz bəy, ilimiz çətin başladı, xəstəlik, pandemiya, ağla gəlməzdi ki, bu il belə möhtəşəm, şanlı qələbə ilə sonuclanacaq.

- Eyni hissləri biz də burda keçiririk.

- Sosial şəbəkələrdə müxtəlif məlumatlar, videolar paylaşılırdı. İzləyə bilirdinizmi?

- Sosial mediada çox fəal deyiləm. Amma o kadrları görürdüm. Qürur duyurdum. Yazılanlardan, reaksiyalardan. Sevincimi anlatmaq zor. Mən də paylaşırdım, ürək sözlərimi yazırdım. İnstaqramda dostlarla yazışırdıq. Ürəyimiz bir idi. Bu hadisələr ilin sonuna rast gəldi. Sanki payız deyildi, yaz idi. Fəsil geri dönmüşdü. Pandemiya da, hamısı kölgədə qaldı. Bilirsiz, ekonomik problemlər yarandı, insan tələfatları vardı, hər şey bir-birinə dəymişdi. Amma Vətən müharibəsi hər şeyi birdən dəyişdi. Yer yerindən oynadı. Hər şey arxaya, Vətən önə keçdi. Eşq olsun bizim millətə! İgidlərimiz yurda doğru yürüdülər. Bir yumruq olunca, birlik olunca hər şeyin öhdəsindən gəlinir.

- Vətən savaşımıza mahnı yazmamış olmazsınız, sizi bilirik... Əlinizdə saz var...

- Var, yeni mahnı. Bu pandemiya bir az... Giley etməyim yaxşı çıxmaz; siz pandemiyaya baxmadan belə böyük qələbə qazandınız. Bu boyda uğur əldə edən bir millət var. Musiqi dünyası, ümumən mənfi təsirləndi pandemiyadan. Amma söz bulağı tükənməz. Coşub daşır. Araz axır, mən də axıram. Hərdən yavaş-yavaş, hərdən dəli-dəli. Qayalara çırpılır, aşıb-daşıram.

- Yeni mahnı var dediniz... Qələbəmizə aiddir?

- Bir marş yazmışam. Ordumuza yazılan marşdı. Rok üstündə. Klip də hazırlanır. Ordan da, burdan da görüntüləri üst-üstə qoyub bir şey ortaya çıxarmağa çalışır dostlarımız. Azərbaycanda ola bilsin yaxın vaxtda yayımlanacaq.

- Araz bəy, döyüşlərdə əsgərlərimizin ifasında gözəl mahnılar səslənirdi. Maraqlıdı, siz əsgərlərlə birgə olsaydınız, hansı mahnıları ifa edərdiniz?

- Bilmirəm...Ora getsəm, nə olardı, nə oxuyardım?.. Mənim sevgi mahnılarım azdı. Xalq mahnısı oxumuşam “Çoban qızı”, bir də Türkiyədə məndən xahiş etdilər “Dağlar qızı reyhan” mahnısını. Türkiyə piyasasında sevilən mahnıdı. Biri də var. Üç dənə. Bunların xaricində mahnılarımın hamısı Vətəndi, torpaqdı. Orda olsaydım, bəlkə bir mahnı yaranardı. Döyüş, səngər başqadı. Əsgərləri görəsən, qanı görəsən, tər qoxusu, barıt qoxusu gələ burnuna... Bir mahnı çıxacaqdı ortaya. Mənə ən çox təsir edən Şuşa döyüşü oldu. Şuşanın o cür alınması çox böyük zəfərdi. O qayalara dırmaşmaq, dişiylə-dırnağıyla döyüşmək... Bu, savaş tarixinə yazıldı artıq. Gəlib o əsgərlərin yanında oturub, onları dinləyəcəm. Bir şeylər ortaya çıxacaq. Bir də Araz qırağında Xudafərində bayraq sancılması. İnanılmaz bir qürurdu. Buna qədər Qarabağ o taylı bu taylı ortaq yaramız idi. Bundan sonra birləşməyimizdi artıq. Güneydə insanlarımız “Qarabağ bizimdi” bağırırdılar. Heç kim də onların qabağını ala bilmədi. Pandemiyada insanları evə qapadırlar, 5 nəfərin bir yerə toplanmasına icazə verilmir, amma o günlərdə minlərlə insan bir yerə toplaşıb “Qarabağ!” qışqırırdı. Qələbədən sonra güneydə möhtəşəm bir durum yaşandı. Göstərdik ki, biz bir millətik. Başa düşsünlər ki, bu milləti ayıra bilməyəcəklər. Millət bir olunca çox böyük zəfərlər qazana bilir. Gün gələcək Araz birləşdirəcək bizi. Bunları sözlə anlada bilməyəcəm. Yaxında bir mahnı olacaq, mütləq.

- Bakıya nə zaman gəlməyi düşünürsünüz?

- Planım var, çox istəyirəm gələm. Yaya doğru. Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan!..

- İsveçdə işiniz nədir, harda çalışırsınız?

- İndi evdən çalışıram. Bir şirkətim var. Amma əsas işim sazım, sözümdü.

- Bizlərə sözünüz, əsgərlərə ismarışınız nədi?

- Burdan üzümü tuturam kiçikdən-böyüyə, hər kəsə. Bu savaşda millət Vətənlə bir bədən oldu, bir can oldu. “Qarabağ” deyib birləşdi. Hər kəs canını, malını ortaya qoydu. Bütün millətin qarşısında baş əyirəm. Bir olaq, gələcəkdə bütün problemləri aşa bilək. Qarşımıza çıxa biləcək problemlərin – kimlərsə düşünür bunları, onların qarşısında duraq. Diplomatiyada da birgə olaq. Daha böyük uğurlar əldə edəcəyimizə inanıram. Birlik önəmlidir. Hacı Bektaşi Vəli demiş, bir olan iri olar, diri olar. Qoymayaq araya ixtilaf düşsün. Hər şey Vətən üçün, hər şey Azərbaycan üçün. Ora gəlincə, oturub söhbət edərik, bir çayınızı içərik...

- İnşəllah, Araz bəy.